Bazar ertəsi , Dekabr 17 2018
Ana səhifə / İqtisadiyyat / Azərbaycanlılar nə qədər maaş alırlar?

Azərbaycanlılar nə qədər maaş alırlar?

Orta aylıq əmək haqqı azalıb. Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1 faiz artaraq 541,2 manat olub. Amma bu, yanvar-iyul aylarının yekunları ilə müqayisədə 0,2 faiz azdır. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Sentyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artaraq 1540,3 min nəfər olub, onlardan 880,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 659,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,3 faizi təhsil, 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi tikinti, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,1,6 faizi maliyyə və sığorta fəaliyyəti,11,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar. Qeyd edək ki, Azərbaycanda 2018-ci il üçün minimum əmək haqqı 130 manat (65 avro), Qazaxıstanda 72, Rusiyada 139, Türkmənistanda 156, Ermənistanda 96 avrodur. Son məlumatlara görə, Avropada ən yüksək minimum əmək haqqı Lüksemburqda (2000 avro), İrlandiyada (1563 avro), Hollandiyada (1552 avro), Belçikada (1532 avro), Almaniyadadır (1498 avro).Göründüyü kimi Azərbaycanda minimum əmək haqqı Lüksemburqdan 30 dəfə, İrlandiyada, Hollandiyada, Belçikada və Almaniyadan isə 25 dəfəyədək azdır. Azərbaycanda minimum əmək haqqı orta aylıq əmək haqqının təxminən 24,7 faizinin təşkil edir.

Maraqlıdır, bu maaş statistikası doğrudurmu? Ümumiyyətlə, qonşu ölkələrlə müqayisədə Azərbaycandakı orta aylıq əməkhaqqını qaneedici hesab etmək olarmı?

İqtisadçı-ekspert Əli Əhmədov “Cümhuriyət” qəzetinə bildirib ki, Dövlət Statistika Komitəsi təqdim olunan rəsmi göstəricilər əsasında işləyir:

“Komitəyə təqdim olunan məlumatlar rəsmi sürətdə doğrudur. Çünki statistika sistemi onlara verilən hesabatlar əsasında işləyir.Amma burada düz olmayan məsələlərdən biri ondan ibarətdir ki, məşğul əhali ancaq əmək müqaviləsi ilə işləyənlərdir.Təbii ki, müqaviləsiz işləyənlər də var. Təqdim olunan statistikada həmin müqaviləsiz işləyənlər hesaba alınmayıb.Buna görə də təqdim olunan məlumatların səhv olma ehtimalına inanmıram”.

Analitik hesab edir ki, Azərbaycandakı orta aylıq əməkhaqqını qaneedici saymaq olmaz:

“Azərbaycandakı orta aylıq əməkhaqqı dollarla, o cümlədən, ətraf ölkələrlə müqayisədə aşağıdır. Açıqlanan rəqəmlər SOCAR üzrə orta aylıq əməkhaqqıdır.Bu da bütün rayonlar üzrə ümumi aylıq əməkhaqqına görə formalaşıb.Bakı üzrə orta aylıq əməkhaqqı 789 manatdır.Bunu nəzərə alanda regionlar üzrə orta aylıq əməkhaqqı aşağıdır.Ölkə əhalisinin böyük hissəsi regionlarda yaşayır.Onların orta aylıq əməkhaqqı ən yüksək olan rayonlarda belə 450 manata çatmır.Üstəlik, bu məbləğ 3 faizlik sosial müdafiə fondu, 14 faiz də gəlir vergisi nəzərə alınmaqla olan məbləğdir. Yəni, vergi çıxılandan sonra çox az məbləğ qalır. Onu da nəzərə alaq ki, regionlar üzrə 400 manata çatan əməkhaqqı alan yoxdur. Əksər əməkhaqqı 200-350 manat arasında dəyişilir.Bunlar aşağı məbləğlərdir.Amma ədalət xatirinə demək lazımdır ki, əhalinin bəzi qeyri-rəsmi gəlirləri də var. Bu, dəqiqdir.Məsələn, vergidən yayındırılan məbləğlər var, hansı ki, sahibkarlar tam vergi ödəmir.Bəzi yerlərdə maaşların bir hissəsi rəsmiləşdirilir. Vergidən yayınma halları və cərimə olmaması üçün satıcı kimi fəaliyyət göstərənlərlə ən az maaşa müqavilə bağlayırlar. Onlar maaşın qalan hissəsini nağd alırlar.Gəlirlərin nisbətən yüksək olduğu yerlər var”.

Əli Əhmədov hesab edir ki, Dövlət Statistika Komitəsi əmək müqaviləsi ilə olanları saydığına görə, təqdim etdiyi məbləğlər düzdür və tam sənədləşdirilib:

“Əhalinin qeyri-rəsmi gəlirləri bura düşmür. Ona görə də, hökumət özünü elə aparır ki, guya bu pulla dolanmaq olar, əhali də özünü elə aparır ki, guya elə bu pulla dolanır.Repetitorlar, eləcə də böyük gəlirləri olan sahibkarlar da var ki, vergidən yayınırlar.10 nəfərdən 7-si bu və ya digər formada vergidən yayınır”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycan hərbi məhsul ixracını 9,2 faiz artırıb

2017-ci il ilə müqayisədə Azərbaycan ölkə daxilində istehsal olunan hərbi təyinatlı məhsulların xarici dövlətlərə ixracını …