Çərşənbə axşamı , Noyabr 13 2018
Ana səhifə / İqtisadiyyat / Azərbaycan özünü taxılla necə təmin edə bilər? – ŞƏRH

Azərbaycan özünü taxılla necə təmin edə bilər? – ŞƏRH

Qazaxıstan ilin əvvəlindən 5 milyon tondan çox taxıl ixrac edib. İxracın böyük hissəsi Rusiya, Çin, İran və Orta Asiya ölkələrinə göndərilib.

Uzunmüddətli fasilədən sonra Türkmənistan da alıcılar sırasına geri dönüb. Bu ölkə ildə təqribən 100 min ton taxıl alır. Eyni zamanda Azərbaycan da kifayət qədər böyük həcmdə taxıl alıcısıdır. Məlumata əsasən, Azərbaycanın aldığı taxılın həcmi təxminən 600 min ton təşkil edir. Orta Asiya, yəni Özbəkistan, Tacikistan, Qırğızıstan, Əfqanıstan tərəfindən tələbat daim var və hətta artmaqdadır. Qiymət konyukturu Qara dənizə çıxmaq imkanı verir.

Məlumatda qeyd olunur ki, Kurık limanından keçəcək yeni marşrut Azərbaycan və Gürcüstana taxıl ixracını 10 min tona çatdırmaq imkanı verəcək.

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda taxıl məhsulları istehsalı strateji sahə sayılır. Strateji əhəmiyyətinə görə hər il dövlət taxılçılığı xüsusi inkişaf etdirməyə çalışır. Əkin sahələrinə paralel olaraq məhsuldarlıq da artır. Bu ilki göstəricilərə nəzər salsaq, 990 min hektar sahədə taxıl məhsulları əkilib. Bunun təxminən 600 min hektarı ərzaq buğdasıdır, qalan hissəsi isə emal və yem təyinatlıdır. Ötən ilin göstəricilərinə görə Azərbaycan xarici ölkələrdən 1 milyon 270 min ton ərzaq buğdası idxal edib. Bunu isə doların ötən ilki məzənnəsi ilə hesablasaq, təxminən, 285 milyon dollar vəsait edir. Bu o deməkdir ki, bizim istifadə etdiyimiz ərzaq buğdasının təxminən 70 faizini idxal edirik. Bu, reallıqdır, rəqəmlər bunu deməyə əsas verir”.

Azərbaycan taxıla olan tələbatını nəyə görə öz hesabına təmin edə bilmir?

Ekspertin sözlərinə görə, Azərbaycanın taxıl məhsulları üzrə təminatının aşağı olmasının əsas səbəbi ölkədə istehsal olan ərzaq buğdasının keyfiyyət göstəricilərinin emal sənayesi üçün yararlı olmamasıdır: “Azərbaycanda istehsal olunan buğdanın tərkibindəki kleykavina göstəriciləri çox aşağıdır. Çörəyin keyfiyyətli alınması bu maddədən çox asılıdır. Kleykavina göstəriciləri aşağı olduğuna görə ölkədə istehsal olunan buğda emala getmir, daha çox sənaye əhəmiyyətlidir və heyvandarlıq yeminə cəlb olunur. Kleykavina maddəsinin aşağı olmasının müxtəlif səbəbləri var. İlk növbədə torpağın mineral tərkibi, aqrotexniki qulluq, bitkiyə təbiətdən istədiyi maddələrin vaxtında verilməməsi və sairə. Orqanizm lazımi mineralları almayanda ciddi problemlər yaranır. Bitki də insan orqanizmi kimidir. Buna görə də Azərbaycan hər il təxminən 400 milyon dollara yaxın vəsaiti ərzaq buğdası üçün xaricə göndərir”.

“Hər il taxıl yığımında 240 min tondan artıq məhsul itkiyə gedir”

Ərzaq buğdasının daha çox Qazaxıstandan idxal edilməsinə gəlincə, Nicat Nəsirli vurğulayıb ki, Azərbaycan bu ölkə ilə həm strateji, həm də ərazi baxımından yaxındır: “İstehsal həcmi böyük olduğu üçün Azərbaycan ərzaq buğdasının təxminən 60 faizini Qazaxıstandan alır. Qazaxıstan Azərbaycanın taxıl idxalında xüsusi rol oynayan ölkələrdən biridir. Son dövrlər dünya birjalarında dolların məzənnəsinin möhkəmlənməsi prosesi gedir. Əgər dollar bu templə güclənməyə davam edərsə, ötən ilki kimi 1 tonu 250 dollara yox, daha baha taxıl almalı olacağıq. Hazırkı statistik göstəricilərə əsasən Azərbaycanın təxminən 4 milyon ton taxıl ehtiyatı var.

Bu, kifayət qədər müsbət bir göstəricidir. Həmin 4 milyon tonun 146 min tonu toxum təyinatlıdır, 503 min tonu isə yem təyinatlıdır. Burada əsas problem ondan ibarətdir ki, hər il taxıl yığımında 240 min tondan artıq məhsul itkiyə gedir. Ərzaq buğdasının açıq nöqtələrindən biri də itkilərin çox olmasıdır. Yəni, məhsul yığılanda, saxlananda, emala yönəldiləndə itir. Bu, kifayət qədər böyük göstəricidir. Belə ki, itirilən məhsul bizim illik tələbatımızın təxminən, 15 faizini təşkil edir. Mövcud itkilərin qarşısını alınması üçün ciddi tədbirlərin görülməsinə ehtiyac var. Buğda xəstəliklərə qarşı kifayət qədər həssas bitki sayılır. Buna görə də, bu məhsulun ölkə üzrə saxlanılma imkanlarının genişləndirilməsinə, eləcə də fitosanitar şəraitinin yaxşılaşdırılmasına tələbat var”.

Ölkəyə yem təyinatlı taxılın idxal olunmasına gəlincə, ekspert hər il Azərbaycanda 990 min tondan artıq buğdanın əkini aparılıdığını deyib: “Orta hesabla hər il 325 min hektarda arpa əkilir. Bu istiqamətdə mövqeyimiz kifayət qədər yaxşıdır. Nəzərə almaq lazımdır ki, 3 milyon tonun təxminən 1 milyon 800 min tonu ərzaq buğdasıdır, yerdə qalan sənaye əhəmiyyətlidir. Bu, çox cüzidir və demək olar ki, statistikada öz əksini tapmır. Pivə, spirt emalı və digər cüzi məqsədlər üçün idxal olunur. Buna ehtiyac olmur, yerli istehsal əsasən sənaye əhəmiyyətli, yem təyinatlı taxılın istehsalına təminat verir”.

Nicat Nəsirli hesab edir ki, ötən illərlə müqayisədə son illər məhsuldarlıq artıb: “Əgər əvvəllər Azərbaycanda taxılın orta məhsuldarlıq göstəriciləri 27 sentner götürülürdüsə, artıq son illər 30 sentner üzərində götürülür. Məhsuldarlığın artımı onunla bağlıdır ki, Azərbaycanda toxumçuluğun tərkibinin dəyişdirilməsi istiqamətində işlər aparılır. Təbii ki, taxıldan danışarkən toxumu gözardı etmək olmaz. Bizim əsas problemimiz toxumla bağlıdır. Tələbatın təmin olunmamasında toxum da ciddi rol oynayır. Azərbaycanın illik təxminən 120 min ton ərzaqlıq buğda toxumuna tələbat var. Amma ölkədə cəmi 80 min ton toxumluq buğda istehsal olunur. Toxum tələbatının yerli istehsal hesabına ödənməməsi məsələsi illərdir açıq qalan problemlərdən biridir. Son vaxtlar Kənd Təsərrüfatı Nazirliyi səviyyəsində toxum məsələsinin üzərinə düşülüb. Bu sahəyə nəzarət etmək üçün Dövlət Toxum Fondu yaradılıb. Amma açıq etiraf edə bilərik ki, bu gün yerli elmi potensialımız hələ ki, 120 min ton ərzaq taxılının toxumunu verməyə gücü çatmır. Bu, əsas və yaxın hədəflərdən biri olmalıdır. Çünki taxılda əsas məsələ toxumdur. 

Toxum harada əkilirsə, həmin regionda da istehsal olmalıdır. Yəni toxum rayonlaşmalıdır, iqlim amillərinə qarşı dözümlü olmalıdır. Statistikaya istinadən təxminən 9 min hektardan çox əkilən taxılın 20-25 faizi itirilir. Hər il 242 min ton itkinin böyük hissəsi sahələrdə və saxlanma yerlərində yaranan xəstəliklərin hesabına baş verir. Xaricdən gələn toxum rayonlaşmır və iqlimə adaptasiya ola bilmədiyi üçün xəstəliyə tez yoluxur. Necə ki, insanlar xarici ölkələrə gedəndə iqlimə uyğunlaşa bilmir və xəstələnir, eləcə də toxumlar da, bitkilər də belədir. Ona görə və toxumun rayonlaşıdırılması, aprobasiya göstəricilərinin artırılması və ölkənin özündə olması çox vacib bir məsələdir. Taxılçılıqda ən strateji məsələ toxumdur”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanda ən çox hansı ixtisaslara tələbat var? – VİDEO

Təkcə arzusunda olduğun peşəni seçmək yetərli deyil, həmin peşəyə bugünkü əmək bazarında nə qədər tələbat olduğunu da …