Şənbə , Yanvar 19 2019
Ana səhifə / İqtisadiyyat / 2019-cu ildən inflyasiya gözləntiləri – Ekspertlər Mərkəzi Bankın nikbinliyini bölüşmürlər

2019-cu ildən inflyasiya gözləntiləri – Ekspertlər Mərkəzi Bankın nikbinliyini bölüşmürlər

Azərbaycan Mərkəzi Bankı-nın bu il 2-3 faizlik inflyasiya gözləntisi haqda bəyanatı bir sıra sualları gündəmə gətirdi. İlk növbədə manata hansı təhlükənin yaranacağı, qiymət artımında vəziyyət necə olacaq sualları aktuallaşdı. 

İqtisadçılar, hakim Yeni Azərbaycan Partiyasının üzvü Əli Əlirzayev və müstəqil ekspert Azər Mehtiyev bu barədə “Azadlıq” radiosunun suallarını cavablandırıblar.

Əli Əlirzayev: “Manatın məzənnəsində ciddi dəyişiklik olmayacaq”

İqtisadçı Əli Əlirzayev hesab edir ki, Mərkəzi Bank həmişə inflyasiyanı hədəfə götürməyə, proqnozlaşdırmağa çalışır. Bu baxımdan da inflyasiyanın 2-3 faiz götürülməsinin müəyyən mənada əlverişli olduğunu düşünür. İqtisadçı deyir ki, inflyasiyanın qarşısını inzibati vasitələrlə almaq olmaz, bu yalnız iqtisadi yolla mümkündür və bura islahatlar, düzgün pul-kredit siyasəti daxildir.

Əli Əlirzayev bu il manatın məzənnəsində ciddi dəyişiklik olmayacağını güman edir. Onun ehtimalına görə, manat dəyərdən düşsə də, bu, az olacaq:

“Ancaq dəqiq rəqəm deyə bilmərəm. Məsələ ondadır ki, çoxları indi pulunu dollarda yox, manatla saxlayır. İndiki maliyyə siyasəti manata ehtiyacı artırır, xarici ölkələrə çıxması imkanları çoxalır. Ona görə manatın məzənnəsinin müəyyən qədər saxlanılması mümkün olacaq”.

Azər Mehtiyev: “Hökumətin arzuladığı odur ki…”

İqtisadçı Azər Mehtiyev isə ötən il Azərbaycan iqtisadiyyatında ciddi proseslərin baş vermədiyini xatırladır və deyir ki, 2018-ci ildə 2015, 2016 və xüsusilə 2017-ci ildən fərqli olaraq maliyyə sabitliyi nisbətən təmin edildi. Eyni zamanda neftin dünya bazarında qiymətinin yüksək olmasının manatın məzənnəsinin sabit saxlanılmasında hökumətə yaxşı şərait yaratdığını bildirir. O ki qaldı bu il inflyasiya ilə bağlı gözləntilərə, iqtisadçı belə söyləyir:

“Mərkəzi Bankın bəyanatında qeyd olunub ki, ən böyük inflyasiya yaradacaq amil bir tərəfdən manata olan təzyiqlərdir, ikinci isə böyük dövlət xərcləmələri. Əsasən Dövlət Neft Fondundan olan böyük transferlər bu prosesdə həlledici rol oynaya bilər”.

Azər Mehtiyevin qənaətincə, hökumətin arzuladığı odur ki, 2018-ci ildə neftin dünya bazarındakı qiyməti bu il də təkrarlansın. “Ən azı qiymətin 50 dollardan aşağı düşməməsi hökumətə sərf etməklə bərabər inflyasiyanın qarşısını almaq üçün əhəmiyyətli bir hədd ola bilər”, – iqtisadçı deyir. O əlavə edir ki, neftin qiymətinin 50 dollardan aşağı düşməsi manatın məzənnəsində əhəmiyyətli rol oynaya bilər.

“Ancaq biz bilmirik ki, hökumət nə vaxt və hansı addımı atacaq”

Azər Mehtiyevin sözlərinə görə, manatın məzənnəsində hər hansı dəyişiklik idxal olunan malların qiymətinin artması ilə nəticələnəcək. Ancaq bununla belə iqtisadçı tam əmin danışa bilmir və bunu da hökumətin hansı addım atacağından asılı olacağı ilə izah edir:

“Bütün bunlar neftin qiymətindən asılı olaraq baş verəcək. Ölkə daxilində isə inflyasiya yaradacaq amillər hökumətin tənzimlədiyi kommunal qiymətlərlə mümkündür. Ancaq biz bilmirik ki, hökumət nə vaxt və hansı addımı atacaq. O baxımdan bu sahədə qiymət artımının olub-olmayacağını proqnozlaşdırmaq xeyli çətindir. İndiki halda belə bir zərurətin olması görünmür, əgər bu sahədə qiymətlər belə qalacaqsa, təbii ki, inflyasiyanı aşağı səviyyədə saxlamaq mümkün olacaq”.

“Bazarda məhsul bol olandan sonra…”

Əli Əlirzayev-in qənaətincə, 2019-cu ildə hədəflənmə siyasəti öndə olmalıdır:

“İlk növbədə istehsal olunan məhsulumuzun ixracat potensialı genişlənsin, miqdar artırılsın. Bazarda məhsul bol olandan sonra qiymət dəyişməsi halları ixracat potensialını artırır. Bu kimi tədbirlər həyata keçiriləcəksə, həm monopoliya azalacaq, həm də bəzi məhsullarda təklifin tələbdən çox olması nəticəsində tənzimlənmə yaranacaq”.

Bu il qiymət artımı olub-olmayacağına gəlincə, iqtisadçı bu haqda konkret danışmır.

“Elə əhali qrupları var ki, onun istehlak səbətində 80 faiz ərzaq və qeyri-ərzaq məhsullarıdır. Yaxud istehlak səbətində çox baha olmayan məhsullardır, ona görə orta rəqəm götürüb tədqiq edilməlidir. Hər bir məhsula görə yanaşdıqda, gərək deyəsən ki, ölkədə iqtisadi inkişaf yoxdur. Bu baxımdan qiymətin dəyişməsi dinamikası Azərbaycana gətirilən, daxildə istehsal olunan məhsulların ümumi dəyəri və bunun nəticəsində ötən il və bu il nə qədər olub sualları araşdırılmalıdır. Yaxud pul gəlirlərinin artması ilə xərclərin artması arasında olan inflyasiyaya baxmaq lazımdır. Ona görə mən kompleks yanaşmanı daha üstün tuturam”, – Əli Əlirzayev belə deyir.

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Buna səbəb o zaman neftin kəskin ucuzlaşması olub. Hökumət növbəti illərdə manatın məzənnəsinin sabit qalmasına çalışıb.

VIPedu.BIZ

Həmçinin oxuyun

Daha az resurslarla daha səmərəli sistem

Son günlər ölkə mediasında dövlət idarəetmə sistemində islahatlar mövzusu geniş müzakirə olunur, ayrı-ayrı siyasətçilər və …