Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Əli Məsimli Tarif Şurasının bahalaşma qərarını sərt tənqid etdi: “Neft 40 faiz baha satılır…”

Əli Məsimli Tarif Şurasının bahalaşma qərarını sərt tənqid etdi: “Neft 40 faiz baha satılır…”

“Ötən il infilyasiyanın 13 faiz, ərzaq məhsulları qiymətlərinin isə 15 faizdən çox artırılması müqabilində bu ilin matından əmək haqları 10 faiz artırıldı. Beləliklə, maaşları artırılan vətəndaşların əksəriyyətinin əmək haqqına 20-30-40 manat əlavə oldu. Bu məbləğ çox az olduğundan, əhalinin infilyasiya nəticəsində məruz qaldığı itkilərini belə ödəmir. Əhalinin aztəminatlı təbəqəsinin güzəranının ağırlaşdığı bir zamanda metro və avtobuslarda gediş haqqının artırılması, həmin nəqliyyat növlərindən daha çox istifadə edənlərin ailə büdcəsinə mənfi təsir göstərəcək”.

Bu fikirləri İqtisadi İnnovasiyalar İnstitunun rəhbəri, millət vəkili Əli Məsimli Tarif Şurasının ictimai nəqliyyatda qiymətləri 50 fazi artırması barədə qərarınl Strateq.az saytına şərh edərkən bildirib.

Deputat ictimai nəqliyyatdan daha çox istifadə edən vətəndaşların ciddi zərər çəkəcəyini deyir: “Elə ailə var ki, gündə evində 3-4 şəxs azı 2-3 marşrut dəyişərək işə, məktəbə və sair yerlərə gedir. Təbii ki, işdən də evə qayıdarkən 2-3 nəqliyyat vasitəsi dəyişir. Metro və avtobuslarda gediş haqqının 50 faiz artırılması, sözügedən kateqoriyaya aid insanların vəziyyətinə daha ciddi təsir göstərəcək”.

Ə.Məsimli hesab edir ki, bu bahalaşma digər sahələrdə də qiymət artımına yol açacaq. O ki qaldı tarifləri qaldıran zaman verilən əsaslandırmalara, millət vəkili bunu doğru saymır: “Azərbaycanda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin başqa ölkələrlə müqayisədə aşağı olması ilə bağlı müqayisələr birtərəfli xarakter daşıyır və real mənzərini tam əks etdirmir. Çünki müqayisə olunan ölkələrin hamısında minimum və orta aylıq əmək haqları da Azərbaycandakından yüksəkdir. Digər tərəfdən, Azərbaycan neftinin dünya bazarında qiymətinin 2018-ci ilin büdcə proqnozlarında göstərildiyindən 40 faiz baha olduğu bir vaxtda, Tarif Şurasinin qiyməti qaldıran zaman gətirdiyi arqumentlər əhəmiyyətsiz bir şeyə çevrilir”.

Əli Məsimli hesab edir ki, tariflərin artmasının aztəminatlı təbəqənin güzəranına mənfi təsirini aradan qaldırmaqdan ötrü əlavə tədbirlərə ehtiyac var:

“Biz 2018-ci ilin büdcəsinə yenidən baxılarkən irəli sürdüyümüz təklifi bir də səsləndiririk. 2018-ci il- ölkəmiz üçün əlamətdar ildir, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley ilidir. Bir də belə bütöv yubiley 100 ildən sonra olacaq. Digər cəhətləri ilə yanaşı, həm də mənəvi bir yük daşıyan yubiley ilində hökumətin atdığı addımların heç biri əhalinin güzərının pisləşməsinə yönəldilməməlidir. Ona görə də heç olmasa AXC-nin yubiley ilində əhalinin güzəranının pisləşməsinin qarşısını alan addımlar atılmalıdır. Tariflər qaldırılırsa, mütləq əmək haqqları, xüsusən də əhalinin aztəminatlı təbəqəsinin maaşları, pensiyaları, müavinətləri, tələbə təqaüdləri və sair ödəmələr də artırılmalıdır”.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …