22 Fevral 2017, Çərşənbə

 “İki uzunqulağın arpasını bölə bilməyən iqtisadçı” kimdir? – Taleh Şahsuvarlı

17:50 | 11.01.2017
3.273 dəfə oxundu

“Özlərini böyük iqtisadiyyatçı adlandıran bəzi yerli nümayəndələr də müxtəlif çıxışlar edirlər, müxtəlif qiymətlər verirlər. Tamamilə cəfəng fikirlərdir, bizim gözəl atalar sözü var: “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir”.

Yəni, bütün bunlara fikir vermək lazım deyil”- Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında eynilə belə dedi.
Dövlət başçısının çıxışlarını diqqətlə izləyənlər və onun üslubuna bələd olanların hər biri təsdiq edər ki, İlham Əliyevin açıqlamaları emosionallıqdan uzaq olur, sağlam düşüncəyə, dəmir məntiqə, əhatəli informasiyaların dərin və soyuqqanlı təhlilinə arxalanmaqla hər zaman öz intellektuallığı ilə seçilir.
Elə prezidentin “iki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir” deyiminə istinadən Azərbaycandakı bəzi iqtisadçılara fikir verilməməsini tövsiyyə etməsi də İlham Əliyevin öz intellektinə, dünyagörüşünə, səmərəli təklifləri dinləməyə hazır olmasına inamından qaynaqlanır.
Başqa sözlə, qeyri-iqtisadçıların bu açıqlamanı fərqli yerlərə yozmasına gərək yoxdur, mesaj açıq və konkretdir.
Fəqət, açıqlamanın kütləvi informasiya vasitələrində yayılmasından sonra sosial şəbəkələrdə də asanlıqla müşahidə etmək olar ki, hər kəsi “görəsən, prezident kimi, hansı iqtisadçını nəzərdə tutub” sualı maraqlandırır.
Bu sual barədə təxminlərimi söyləməzdən öncə, mərhum prezident Heydər Əliyevin, səhv etmirəmsə, Siyavuş Novruzov tərəfindən mətbuata açıqlanmış bir göstərişini yada salmaq istəyirəm. İllər öncə hakim partiyanın bir toplantısında mərhum dövlət başçısı müxalif iqtisadçı Sabit Bağırovun göndərdiyi təklifləri komanda üzvlərinə təqdim edir və onun nəzərdən keçirilməsinə göstəriş verir. “Sabit Bağırov müxalifətdə olsa da, peşəkar adamdır, baxın, içərisindən uyğun təklifləri seçin, istifadə edin”- Heydər Əliyev YAP rəhbərliyini təxminən bu sözlərlə təlimatlandırır.
Bu hadisəni niyə yada saldım?
Əminəm ki, müxalif düşərgədən Prezident Administrasiyasına səmərəli və elmi-praktik cəhətdən əsaslandırılmış təkliflər verilsə, İlham Əliyev də fərqli davranmaz. Ancaq gəlin əyri oturaq, düz danışaq, mətbuatda və sosial şəbəkələrdə iqtisadi mövzularda gedən müzakirələrdə müxalifət tərəfindən hansısa konseptual təkliflər ortaya qoyulduğuna şahid olan yoxdur. Zatən, müxalifət partiyalarından hər hansı birində peşəkar iqtisadçılardan ibarət xüsusi komanda da yoxdur.
Bu gün iqtisadçı ekspert kimi gündəmdə olan, mediyanın öz sərbəstlik imkanlarından asılı olaraq rəyini soruşduğu cəmi bir neçə adam var: Əli Məsimov, Vahid Əhmədov, Qubad İbadoğlu, Vüqar Bayramov, Fikrət Yusifov, Natiq Cəfərli, Samir Əliyev.
Əli Məsimov və Vahid Əhmədov vaxtilə Azərbaycan hökumətində yüksək mövqe tutublar, hazırda parlamentdə təmsil olunurlar. Həm iqtisadçı kimi çəkilərinə, həm də ictimai-siyasi xadim kimi cəmiyyətdəki nüfuzlarına əsasən qəti şəkildə demək olar ki, dövlət başçısı onları nəzərdə tutmayıb. Üstəlik, onların üslubu da heç zaman “hakimiyyətə ağıl vermək” olmayıb.
Fikrət Yusifov daha çox hakimiyyətin iqtisadi sferadakı addımlarını dəstəklədiyindən eyni qənaəti onun haqqında da bölüşmək olar.
Qubad İbadoğlu və Vüqar Bayramov cəmiyyətdə qıcıq doğurmayan fiqurlardır, o cümlədən bir iqtisadçı kimi konstruktiv mövqedən çıxış edirlər. Vüqar Bayramovun üzünə hakimiyyətin nəzarətində olan medianın qapıları açıqdır. Qubad İbadoğlu isə Qırğızıstan hökumətinə iqtisadi məsələlərdə müşavirlik edir. Odur ki, prezidentin diletant hesab etdiyi iqtisadçıların bu qardaşlar olmadığı da aşkardır.
Natiq Cəfərli və Samir Əliyev isə hələ iqtisadçı kimi cəmiyyətin nəzərində özünü təsdiq mərhələsini yaşayırlar. Bu iki ekspertin sərgilədikləri mövqe müzakirəyə və tənqidə açıq olsa da, yeni sima olduqlarından dövlət başçısı onları bu şəkildə yarğılamaz.
Bəs, kim qaldı?- deyə soruşsanız, kifayət qədər haqlı görünmüş olacaqsınız.
Çünki adları çəkilən və iqtisadi mövzularda fəal iştirak edən əsl ekspertlərdən kimsə diqqətdən kənarda qalmadı.
Qaldı iki diletant, həqiqətən də “iki uzunqulağın arpasını bölə bilməyən” daha iki “iqtisadçı”.
Onlardan biri Bakıda Plan-Uçot texnikumunu, Voronejdə isə Aqrar İnstitutun “Yer quruluşu” fakültəsini bitirdiyi halda özünə “tanınmış iqtisadçı” titulu verib.
Bundan sonra yazı boyunca ondan pasport məlumatlarına əsasən Nazim Bəydəmirli kimi bəhs edəcəm.
Onun haqqında dəfələrlə yazmışam. Demişəm ki, Nazim Bəydəmirlinin iqtisadiyyat üzrə heç bir ali təhsili və dərin mütaliəsi yoxdur. Onun iqtisadi mövzularda naşılığını (doğrusu peşəkar olduğu başqa bir sahə də yoxdur) bütün açıqlamalarından aydın görmək olar. Bunu görmək üçün hər birimizə ali məktəbdə tədris olunan “iqtisadi nəzəriyyə” fənnindən kafi qiymət almaq yetərlidir. Üstəlik, mən onun “iqtisadiyyat elmləri namizədi” elmi dərəcəsi almaq üçün müdafiə etdiyi dissertasiyanı da oxumuşam. Orada düşüncələri müasir Qərb iqtisadi sisteminin formalaşmasına təsir etmiş hər hansı mütəfəkkirin adını görməyəndə isə əsla təəccüb hissi keçirməmişəm. Voronej Aqrar İnstitutunda kolxoz torpaqları barədə müdafiə olunan dissertasiyadan müəyyən səviyyə gözləmək sadəlövhlük olardı.
Nazim Bəydəmirli öz Facebook səhifəsində tez-tez onun sosial-iqtisadi münasibətlərə həsr olunan “açıqlama”larının hakimiyyət dairələrində izləndiyini qeyd edir, yaxud ona bu sahədə mühüm dövlət postu veriləcəyinə eyham vurur. Lakin siyasi kluarlarda hər kəsə yaxşı məlumdur ki, bu adam YAP-da da, hakim elitadakı hər hansı vəzifəyə təyinat üçün tövsiyyə verməyə imkanı olan səlahiyyətli şəxslər çevrəsində də “persona-non-qrata” sayılır. Çünki YAP üzvü olduğu halda Xədicə İsmayılla eyni “kolon”da yer alan birinə ancaq siyasi ….. kimi baxmaq mümkündür. Sözlərimizə kimin şübhəsi varsa xatırlasın, hətta zamanında təsadüfən mandat əldə etmiş olsa belə, o, keçmiş deputat kimi YAP-ın mötəbər toplantılarına da dəvət edilmir.

Özünü harada qeydiyyatdan keçdiyi, harada tədbir keçirdiyi bəlli olmayan, üzvlərinin kimliyi Vaqif Hacıbəylinin “Əhrar” partiyası kimi cəmiyyətə naməlum qalan “İqtisadçılar Klubu”nun prezidenti adlandırır. Ayrıca, “Amerikanın səsi” və “Azadlıq Radiosu” kimi xaricdən maliyyələşən mediya resurslarında Xədicə İsmayılın himayəsi ilə ara-sıra hökumətə “dərs verir”. Qısacası, Nazim Bəydəmirli “iqtisadçı” kimi dosyesi cənab prezidentin haqqında söz açdığı “iki uzunqulağın arpasını bölə bilmədiyi halda, hakimiyyətə dərs verənlər” qovluğunda mühafizə edilməyi bütün parametrlərlə haqq edir.
Əlbəttə, Nazim Bəydəmirli çox istəyər, hətta nəzir-niyaz paylayardı ki, “iki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir” şəklində olsa da və adı birbaşa çəkilməsə də dövlət başçısı onun varlığına reaksiya versin. Bu Nazim Bəydəmirli kimiləri üçün gerçəkdən böyük şərəf olardı, amma… Bu məsələdə də həvəsi qursağında qalmağa məhkumdur!
Mən iki dünya bir ola, yenə inanmaram ki, prezidentin mesajı ona ünvanlanıb.
Əgər Nazim Bəydəmirli əksini iddia edirsə, buyursun, görək söhbət ondan gedir, ya başqasından…
Bilirəm, indi deyəcəksiniz ki, nəhayət ad çək!
Baxın, dostlar, müəyyən gümanlarımı bölüşdüm sizinlə.
Yerdə qalan gümanlarımı da bölüşər, daha bir ad da çəkər, böyük ehtimalla məhz nəzərdə tutulan ismi verə bilərəm.
Amma bu işi, yəni başlıqdakı sualı cavablandırmağı Nazim Bəydəmirliyə həvalə edirəm.
Hər halda, kağız üzərində olsa da Yeni Azərbaycan Partiyasının üzvüdür…

Zəruri qeyd: Yazıda qeyd olunanlar müəllif şəxsi fikirləridir, redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər. Yazıda adları çəkilən hər bir şəxsin cavab haqqını tanıyırıq.

Azinforum.az