Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İdman / “Polis rəisi orda oynayır, kənarda dayanan polis də deyir ki…” – Xaqani Məmmədovdan maraqlı açıqlamalar

“Polis rəisi orda oynayır, kənarda dayanan polis də deyir ki…” – Xaqani Məmmədovdan maraqlı açıqlamalar

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov maraqlı müsahibə verib.

Azinforum.az apasport.az-a istinadən həmin müsahibəni təqdim edir:

– Qış fasiləsindən sonrakı dövrü hakimlərimiz üçün necə dəyərləndirərdiniz? Premyer Liqanın geridə qalan 4 turundakı idarəçilik ürəyinizcədi?

– Yadınızdadısa, keçən il qış toplanışından sonra 2-3 turda kobud səhvlər qeydə alınmışdı. Bunu hakimlərin yüklənməsinin ağır olması ilə əlaqələndirdik. Düşündük ki, fiziki yüklənmə çox olmuşdu. Təbii ki, budəfəki toplanış zamanı bunu nəzərə aldıq. Əslində, fiziki yüklənmə proqramında bir dəyişiklik yox idi. Sadəcə, bu dəfə çempionatda ikinci yarının başlamasına bir həftə qalmış vətənə qayıtdıq ki, bu müddətdə uşaqlar bərpa olunsunlar, özlərinə gəlsinlər. Bunun nəticəsidi ki, qış fasiləsindən sonrakı mərhələdə hakimlərimiz kobud səhvlərə yol vermirlər. Əlbəttə ki, səhv var, olacaq da. Ancaq oyunların nəticəsinə təsir edən səviyyədə deyil.

– Klublar da son vaxtlar hakimlərdən ciddi narazılıq etmirlər…

– Gördüyünüz kimi, hələlik bir şikayət yoxdu. Deməli, hakimlərimizin idarəçiliyindən razıdılar.

– Ayrı-ayrılıqda götürsək, kimin idarəçiliyi sizi daha çox məmnun edir?

– Əslində, hamısından razıyıq. Amma bir neçə hakim ötən mövsümdən yaxşı mənada bizi təəccübləndirir. Rauf Cabbarov, İnqilab Məmmədov və Ömər Paşayevdə inkişaf sürətlə gedir. Əliyar Ağayev və Rəhim Həsənov da yaxşı formadadılar.

– İnqilab Məmmədov bu mövsüm bəzi mərkəzi oyunlara təyinat alır. Deyəsən, ona daha çox güvənirsiniz…

– Dediyiniz məqam hakimlərimizin inkişaf etdiyinin təsdiqidi. Bütün ölkələrdə derbilərə 3-4 hakim təyinat alır, yalnız onlara etibar edirlər. Amma biz çalışdıq elə sistem yaradaq ki, mərkəzi oyunları təkcə Əliyar, Rəhim, Ömər və Fariz idarə etməsinlər. Rəqabət yaratmağa çalışdıq ki, istənilən oyunu istənilən hakimə tapşıra bilək. Bu üzdən mərkəzi oyunları İnqilaba, Raufa həvalə edirik. Onlar da bunun öhdəsindən yüksək səviyyədə gəlirlər.

– Premyer Liqada yaxın müddətdə yeni hakimlər görə biləcəyikmi?

– Qarşıdakı turlarda iki gənc hakim Premyer Liqada debüt edəcək. Bunlar Rəşad Əhmədov və Vüqar Həsənlidi. Yəqin ki, bir neçə turdan sonra onlara şans verəcəyik. Rəşad və Vüqar təlim-məşq toplanışını yüksək səviyyədə keçirdilər. Onlardan başqa daha 2-3 nəfəri gələn mövsümə hazırlayacağıq.

– Əliyar Ağayev ilin əvvəlində elit hakimlər üçün nəzərdə tutulan seminarda iştirak etmişdi. Onun I kateqoriyaya keçidinə ümid etmək olarmı?

– Seminar Əliyar üçün yüksək səviyyədə keçdi, heç bir problem olmadı. Ondan razılıq bildirdilər. İyul ayını gözləyirik.

– Regional Liqada hakimlərin ünvanına təhqirlər, referilərə qarşı fiziki təsir turdan-tura artır. Bunun qarşısını almaq elə çətindi?

– Bu, çox böyük turnirdi, Azərbaycanın bütün bölgələrini əhatə edir. Elə bölgələr var ki, uzun müddət orda futbol olmayıb, tamaşaçıların davranış qaydası çox pisdi. AFFA İcraiyyə Komitəsinin üzvləri, rəhbər şəxslər gedib həmin oyunlara baxırlar. Onlar da qeyd edirlər ki, hakimliklə bağlı heç bir problem yoxdu. Sadəcə olaraq, yerlərdə Sovet vaxtındakı kimi hakimə təzyiq, meydan sahibi qalib gəlməlidi düşüncəsi hələ də davam edir. Bunu aradan qaldırmaq üçün bir çox matçlara Premyer Liqa hakimlərini göndəririk. Hətta onların da hər qərarına kəskin, əcaib reaksiya göstərirlər. Bu oyunlara inspektorların təyin olunması üçün məsələ qaldıracağıq. Hakim orda bir növ köməksiz qalır. Polis də bəzən işinin öhdəsindən yaxşı gəlmir. Elə komanda var ki, polis rəisi orda oynayır. Kənarda dayanan polis də deyir ki, rəis meydanda oynayır, nə edə bilərəm? Belə hallar çoxdu.

 

Həmçinin oxuyun

Bu matçla bağlı araşdırma başlayıb – VİDEO

Azərbaycanın futbol üzrə I Liqasının XX turunda keçirilən “İrəvan” – “Araz Saatlı”(1:4) matçı ilə bağlı …