Bazar ertəsi , Dekabr 17 2018
Ana səhifə / İdman / Niyə hamı Həbibdən danışır? – Döyüş, şou, reklam…

Niyə hamı Həbibdən danışır? – Döyüş, şou, reklam…

UFC (Ultimate Fighting Championship) qarışıq döyüş növlərinin ən baxımlı çempionatıdır. 1993-cü ildə yaradılan bu çempionatın ilk döyüşü də həmin ilin noyabr ayında baş tutub. Yarışlar daimi olaraq ABŞ-ın Las-Veqas şəhərində baş tutur.

Bu çempionatda da başqa idman yarışlarında olduğu kimi idmançılar öz çəkilərindəki idmançılarla döyüşürlər (120 kq, 93 kq, 84 kq, 77 kq, 70 kq, 66 kq, 61kq).

Birmənalı olaraq döyüşlər qəfəsdə baş tutur.

Döyüş başlamazdan öncə hakim idmançılara qadağan olunmuş zərbələri və qadağan olunmuş yerlərə zərbə vurmamağı başa salır. Qaydalara görə gözə barmaq batırmaq, başın ənsə hissəsinə zərbə endirmək, onurğa sütununu qırmağa çalışmaq olmaz.

Matçı bir hakim deyil, kənarda əlavə olaraq 3 hakim də izləyir. Yarış 5 dəqiqəlik 3 hissədən ibarətdir. Əgər bu hissələr ərzində nakaut və naqdaun qeydə alınmasa, matçın taleyini yan hakimlər həll edir.

UFC-də kişilərlə yanaşı zərif cinsin nümayəndəsi də var. Ronda Rauzi ABŞ-ı bu çempionatda təmsil edir.

UFC çempionatında qalib elan olunmuş döyüşçüyə yarışın fəxri qızıl kəməri və pul mükafatı verilir.

2 gün öncə isə bu yarışda dünyanın ən maraqlı görüşlərindən biri baş tutdu. Rusiyalı Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqor arasında baş tutdu. Bütün dünyanın gözü bu döyüşdə idi. Öncədən hazırlanmış güclü reklamlar yarışın gəlirini artıracaqdı. Azərbaycanda da döyüşün izlənilməsinin səbəbi Həbib idi. Azarkeşlərin əksəriyyəti əslən dağıstanlı idmançını dəstəkləyirdi.

Konorun UFC-də böyük şoumenlərdən biri kimi tanınması döyüşü daha da maraqlı edirdi. Əslində döyüşdən sonra olanlar da ab-havaya təsir etdi. Həbibin azarkeşlə davası da döyüşə rəngarənlik qatdı. Döyüş o qədər də maraqlı alınmadı. Konor demək olar ki, asan şəkildə Həbibə təslim oldu. İrlandiyalı artıq bu döyüş üçün revanş tələb edir.

Bu qarşılaşmanın əsas maraqlı tərəflərindən biri də marketinq tərəfidir. Hər iki idmançının böyük pullar qazandığı bu “şou”dan əldə olunan ümumi gəlirlər diqqətçəkən mövzudur. Bununla bağlı PR mütəxəssisi Vüqar Baba fikirlərini belə açıqlayıb: “Makqreqorun idmançı kimi qiymətinin 90 milyon dollar, Həbibin 1 milyon dollar dəyərində qiymətləndirildiyini qeyd etmək lazımdı. Dəyərləri bir birindən 9-10 dəfə fərqli olan 2 idmançınının yarışı idi.

Qarşılaşmaya diqqətin böyük olmasının səbəbi də məhz irlandiyalının populyarlığı və marketinq siması olması idi.

Rəsmi döyüş qonorarları Həbib üçün 2, Konor üçün 3 milyon dollar olaraq açıqlanıb. Digər reklam, yayım gəlirləri tam açıqlanmasa da irlandiyalı isə özü 50 milyon dollar civarında qazanc əldə etdiyini bildirib. Ümumiyyətlə,  peşəkar idman ciddi pullar deməkdir. Böyük maliyyə hesabına formalaşır və yenə ciddi məbləğlər qazandırır. UFC təşkilatçıları isə ən yaxşı idman marketoloqları, PR-çıları ilə işləyirlər. Bu döyüşə bütün dünyadan maksimum diqqəti çəkə bilmək üçün müxtəlif üsullardan ustalıqla istifadə etdilər. Döyüşçülər arasında söz atışı, spirtli içki, söyüş məsələlərinədək incəliklə işlənmişdi. Mətbuat konfransında irlandiyalının masaya qoyduğu və içdiyi viski brendinin reklamı da alernativ və maraqlı üsulla reklam olundu.

Hətta, Həbibin dindar olması da yarışın marketoloqları üçün çox gözəl fürsət idi. Hazırlıq dövrü ərzində bundan doyunca istifadə etdilər. Nurməhəmədovun müsəlman olması səbəbindən etdiyi müxtəlif hərəkətlər və ya əksinə – hərəkətsizliklər (məsələn, çəki günü soyunmaqdan imtina etməsi və s.) döyüşçülərə marağı artırırdı.

Döyüşçülər arasındakı dini, siyasi, coğrafi və s. kimi fərqliliklərdən istifadə edərək maksimum dərəcədə 2 qütbləşmə yaratmağa çalışılırdı ki, bu da yaxşı alındı. Qütbləşmə hər zaman fanat toplaya bilir”.

Bu yarışa azarkeşlik edənlərlə yanaşı onu pisləyənlər də çox oldu. İki insanın bir-birini əzişdirməsinin vəhşilik olduğunu söyləyənlər belə yarışların təşkilini pislədilər. Onlardan biri də jurnalist Natiq Muxtarlıdır. O da açıqlamasında narazılığını dilə gətirib: “Bu tip döyüşlərdə idman ruhuna aid heç nə yoxdur. Belə döyüşlər kimlərinsə külli miqdarda pul qazanması üçün vasitədir. Ancaq əvəzində cəmiyyətdə – xüsusən də gənclərdə şiddət, aqressiya, qəddarlıq formalaşdırır. Axı, idman  sülhün, humanizmin simvolu kimi təqdim olunur. Həbiblə Konorun döyüşündə isə bu amillərdən əsər-əlamət yox  idi. Döyüşdən əvvəl bir-birlərinin ailəsini, vətənini, dinini, millətini təhqir etməklə, ümumiyyətlə, millətlərarası nifaq toxumu səpirdilər. Fikir verin, döyüşdən sonra Həbibin qələbəsini İslamın qələbəsi kimi xarakterizə edənlər var. Yəqin ki, Konorun məğlubiyyəti də bir çox xristianları müsəlmanlara qarşı daha da qəzəbli edəcək.

Bax, belə döyüşlər artıq siyasi vasitəyə çevrilir. Bir döyüşün ətrafında gedən təbliğat vasitəsinin miqyasına nəzər saldıqda, insanı heyrət bürüyür. Bir tərəfdə qərb, bir tərəfdə də Rusiya mətbuatı vardı. Ortada qalan ölkələrdə də mətbuat ajiotajın əsirinə çevrilmişdi. Hamı döyüşdən əvvəl qıcıq yaradacaq açıqlamaları tirajlayırdı. Hamı daha qanlı, daha qəddar döyüş arzusunda idi. Konorun tərəfdarları Həbibin qanına qəltan edilməsini, Həbibin fanatları da Konorun qəfəsdə can verməsini arzulayırdı. İnsanları qəddarlaşdırmaqla, aqressiyaya yönəltməklə dünyanı daha da amansız edirlər. Sonra da deyirik ki, insanlar çox aqressiv, qəddar olublar.

Həbibin fanatı olan hansısa azərbaycanlı gənc adi bir mübahisəyə görə, çox asanlıqla qəddar cinayət törədə bilər. Bax, məni qorxudan budur. Ancaq onu da bilirəm ki, artıq bunun qarşısını almaq mümkün deyil. Çünki bu tip proseslərin qarşısını almaq hansısa cəmiyyətin iradəsi çərçivəsində deyil. Bu prosesi başladanlar artıq istəklərinə qismən nail olublar. 20-30 ildən sonra isə daha qəddar dünya ilə üz-üzə qalacağıq. Həmin vaxt arenada əyləşən tamaşaçılar baş barmağını aşağı əyərək, qalibin məğlubu öldürməsini tələb edəcəklər. Əslində, onlar elə indi də bunu istəyirlər. Ancaq hələ ki, onlara bu istəklərini nümayiş etdirmək üçün icazə verilmir. Amma bu icazə nə vaxtsa veriləcək”.

VIPedu.BIZ

Həmçinin oxuyun

“Keşlə”nin prezidenti hakimlərə hücum etdi

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirilən ilk oyundan sonra “Keşlə” …