Millimizin yeni baş məşqçisi kim ola bilər? – NAMİZƏDLƏR

Azərbaycan Güləş Federasiyasında kadr dəyişikliyi baş tutdu.

Belə ki, sərbəst güləş üzrə millimizin baş məşqçisi Firdovsi Umudov federasiyanın I vitse-prezidenti təyin edildi. Bundan sonra yığmada baş məşqçi dəyişikliyinin olacağı məsələsi gündəmə gəldi.

Dünən Umudov saytımıza açıqlamasında yaxın üç ay ərzində dəyişikliyin olmayacağını bildirdi. Onun sözlərinə görə, belə tezliklə baş məşqçi təyin edilməsi mümkün deyil. Dövlət Sərhəd Qoşunlarının polkovniki onu da bildirdi ki, yeni baş məşqçi məsələsinə martın 20-25-də Dağıstanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatından sonra baxılacaq.

Bu vəzifəyə hansı məşqçinin təyin oluna biləcəyi ilə bağlı variantları təqdim etmək qərarına gəldik:

Arif Abdullayev

Azərbaycan bayrağını Olimpiadada ilk dəfə qaldırmış Namiq Abdullayevin böyük qardaşıdır. 1996-cı ildə Atlanta və 2000-ci ildə Sidney Olimpiadasının iştirakçısı olmuş Abdullayev 2003-cü ildə ABŞ-ın Nyu-York şəhərində 60 kq çəki dərəcəsində yeganə dünya çempionluğunu qazanıb. Onun məşqçi kimi karyerasının az olduğunu demək olmaz. Çünki Abdullayev 2007-2014-cü illərdə gənclərdən ibarət yığmamızın böyük məşqçisi olub. O, 2015-ci ildə yeniyetmələrdən ibarət millimizə böyük məşqçi təyin olunub. 2016-cı ildən isə Firdovsi Umudovun əsas yığmada köməkçilərindən biridir.

Saypulla Absaidov

Related image

Dağıstandan olan məşqçi əvvəllər millimizin baş məşqçisi də olub. SSRİ-nin Olimpiya, dünya və Avropa çempionu olmuş Absaidov 2009-cu ildən Azərbaycanda çalışır. O, 2009-2014-cü illərdə əsas millinin baş məşqçisi, 2014-cü ildə bir neçə aylıq gənclərdən ibarət millinin böyük məşqçisi olub. Milliyyətcə kumık olan 59 yaşlı mütəxəssis 2012-ci ildə ölkə başçısı İlham Əliyev tərəfindən “Şöhrət” ordeninə və 2016-cı ildə isə “Tərəqqi” medalına layiq görülüb. 2014-cü ildə əsas millimizə yenidən baş məşqçi kimi qaytarılmış dağıstanlı mütəxəssisin köməkçilərindən biri Firdovsi Umudov olub. Umudov həmin vaxt böyük məşqçi vəzifəsində çalışıb. Lakin Olimpiadada sərbəst güləşçilərimizin qızıl medal qazanmamasına görə Absaidov 2016-cı ilin noyabrında əsas millidən çıxarılaraq gənclər yığmamıza yenidən böyük məşqçi təyin olunub.

Zəlimxan Hüseynov

Image result for Zəlimxan hüseynov firdovsi umudov

O da Arif Abdullayev kimi, hazırda Firdovsi Umudovun köməkçilərindən biridir, əsas millidə vəzifəsi böyük məşqçidir. Hüseynov Saypulla Absaidovun vaxtında milliləşdirilən dağıstanlılardan biridir. Milliyyətcə çeçen olan Hüseynov Azərbaycan adından dünya çempionu ola bilməsə də (gümüş və bürünc medal qazanıb – S.T.), bir dəfə Avropa çempionu olub, iki dəfə isə Dünya Kubokunu və Qızıl Qran-Prini qazanıb. İdmançı karyerasını bitirdikdən sonra məşqçiliyə Azərbaycanda başlayan Hüseynov Absaidovun vaxtında köməkçilərdən olub. Firdovsi Umudovun 2016-cı ildə Absaidovun yerinə keçməsi ilə Hüseynovun da məşqçi vəzifəsi böyüyüb və millidə böyük məşqçi olub.

Yaqub Məmmədov

Image result for Yaqub məmmədov güləş

1997-2005-ci illərdə sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi olub. 2000-ci ildə keçirilən Sidney Yay Olimpiya Oyunlarında güləşçimiz Namiq Abdullayev məhz onun rəhbərliyi altında dördilliyin zirvə yarışının qalibi olub. Azərbaycan idmanının inkişafında göstərdiyi xidmətlərə görə, mərhum ölkə başçımız Heydər Əliyevin sərəncamı ilə Məmmədov “Şöhrət” ordeni ilə təltif olunub. O, 2014-cü ilədək qadın millimizin baş məşqçisi, daha sonra 2015-ci ilədək gənc qızlardan ibarət millinin böyük məşqçisi olub. Hazırda 71 yaşı olan Məmmədov əvvəlcə federasiyanın idman şöbəsinin müdiri vəzifəsinə keçirilib, indi isə bu qurumun prezidenti Fazil Məmmədovun məsləhətçisi qismində çalışır.

Vahid Məmmədov

Namiq Abdullayevin şəxsi məşqçisi olmuş Məmmədov 2015-ci ildə yeniyetmə millimizin böyük məşqçi vəzifəsindən çıxarılıb. Bir il sonra isə onu yeniyetmələrin məşqçisi vəzifəsinə təyin ediblər.

Aslan Ağayev

Sərbəst güləş yığmamızın sabiq baş məşqçisidir. O, 2014-cü ildə gənc qızlardan ibarət yığmamızda məşqçi, 2016-cı ildə isə qadın güləşində bolqar məşqçi Semyon Çterevin köməkçisi kimi böyük məşqçi təyin olunub. Çterevin ötən il Azərbaycandan ayrılmasından sonra Aslan Ağayev qadın millimizdə baş məşqçi əvəzidir. (oxu.az)

loading...