Şənbə , Fevral 23 2019
Ana səhifə / İdman / Milli futbol komandamızın əcnəbi baş məşqçi problemi – pullar axır, qazancımız isə…

Milli futbol komandamızın əcnəbi baş məşqçi problemi – pullar axır, qazancımız isə…

Gözəl futbol məktəbi və ənənələrinə mailk olan və müstəqillikdən sonra heç bir maliyyə problemi ilə üzləşməyən Azərbaycan futbolunun yerində sayması, hətta deyərdik ki, geriyə getməsi yalnız futbol mütəxəssislərini deyil, bütün cəmiyyəti dərindən narahat edir.

Bəziləri bunu məşqçi problemi ilə əlaqələndirməyə çalışırlar. Ancaq gəlin etiraf edək ki, Azərbaycan yığmasına indiyə kimi dünyanın ən tanınmış məşqçiləri də rəhbərlik ediblər. Özü də çox yüksək əməkhaqqı almaq şərtilə. Nəticə olubmu? Birmənalı şəkildə “xeyr” cavabını verə bilərik.

Müstəqillikdən sonra Azərbaycan yığmasına yalnız əcnəbi mütəxəssislər deyil, eyni zamanda, yerli məşqçilər də rəhbərlik ediblər. Bu mövzuya toxunmağımız Azərbaycan yığmasına yenidən əcnəbi bir məşqçinin gətirilməsilə bağlıdır. Bildirilir ki, 2019-cu il fevralın 11-də bir vaxtlar Xorvatiya millisinə rəhbərlik etmiş Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. Maraqlıdır, əcnəbi məşqçilərə külli miqdarda pul ödəyib yığmaya gətirməyin heç bir effekti olmursa, bu siyasət niyə davam etdirilir? Bu sual bizi bir detalı aydınlaşdırmağa vadar edir. Müstəqillikdən sonrakı dövrdə yığmamız əcnəbi, yoxsa yerli məşqçilərin rəhbərliyi dönəmində daha yaxşı nəticəyə imza atıb? Bunun üçün millimizin keçdiyi  tarixi dönəmə ekksurs etməli olduq. 

Azərbaycanın SSRİ-nin tərkibindən çıxmasından sonra, 1992-cı ildə ölkədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yarandı. Həmin il Azərbaycan millisinin ilk baş məşqçisi postuna Ələkbər Məmmədov gətirildi. Ə.Məmmədovun istefasından sonra millinin sükanı arxasına Ağasəlim Mircavadov keçdi. A.Mircavadovun rəhbərliyi altında millimiz ilk oyununa 19 aprel 1994-cü ildə  çıxıb. Onun dövründə Azərbaycan Maltaya 5-0 hesabı ilə məğlub oldu. Daha sonra Azərbaycan Moldovaya 2-1 hesabı ilə məğlub oldu. Ardıcıl iki məğlubiyyətdən sonra A.Mircavadov tənqid olunsa da, AFFA Mircavadovu bu postda saxladı. Avropa Çempionatı-1996 seçmə mərhələsində Azərbaycan Rumıniyaya Buxarestdə 3-0, Polşaya isə 1-0 hesabı ilə məğlub oldu. 1994-cü ildə təhlükəsizlik səbəblərindən Azərbaycan ev oyunlarını Azərbaycanda yox, Türkiyənin Trabzon şəhərində keçirirdi. Azərbaycan Trabzonda 16 noyabrda İsrailə 2-0, 13 dekabrda isə Fransaya 2-0 məğlub oldu. 29 martda Azərbaycan Slovakiyada yerli komandaya 4-1 məğlub oldu, Millinin yeganə qolunu Nazim Süleymanov vurdu. Daha sonra eyni hesabla Trabzonda Rumıniyaya məğlub oldu. 1994-cü il 6 sentyabrda isə Fransada A.Mircavadov son oyununa çıxdı. Azərbaycan Fransaya 10-0 hesabı ilə məğlub oldu. Bu oyundan sonra 10 oyun, 10 məğlubiyyətlə A.Mircavadov komandadan ayrıldı. Bu oyun Azərbaycan futbol tarixində ən böyük məğlubiyyət idi və yerli KİV-lər tərəfindən isə “Oser faciəsi” adlandırılıb.

A.Mircavadovun istefasından sonra milliyə Kazbek Tuayev gətirildi. 1996-cı ilin avqust ayında millimiz seçmə mərhələlərdə İsveçrəni 1-0 məğlub edərək, tarixinin ilk rəsmi qələbəsini qazandı. Sonra millimiz yenə yerli mütəxəssis olan Əhməd Ələsgərovun rəhbərliyi altında çalışdırılmağa başladı. 1999-cu il iyunun 5-də Tofiq Bəhramov adına respublika stadionunda Azərbaycan Lixtenşteyn yığmasını 4:0 məğlub etdi. Bu nəticə millinin 1994-cü ildən çıxış etdiyi seçmə mərhələlərdə ilk və hələ ki, ən böyük hesablı qələbəsidir.

Əcnəbi futbolçu və məşqçilərin yığmamıza cəlbi ilə bağlı prosesə əsasən 2000-ci illərdə başladı. Avro-2004-ün seçmə mərhələsində Serbiya və Çernoqoriya yığmasına uduzmayaraq, 2 oyundan 4 xal götürməsi, bu komandanı UEFA Avropa Kuboku 2004-ə çatmağa qoymadı. Bu nailiyyət millimiz  Əsgər Abdullayevin Azərbaycanın milli futbol komandasına rəhbərlik etdiyi dövrə təsadüf edir. Məhz həmin dönəmdə yığmamız səfərdə ilk dəfə xal qazanıb.

2004-cü ilin fevral ayında Karlos Alberto Torres Azərbaycan milli futbol komandasının ilk əcnəbi məşqçisi təyin olundu. Karlos Alberto Torresin başçılığı altında millimiz ilk oyununu İsrailə 6-0 uduzmağına baxmayaraq, 2004-cü ilin aprelində Qazaxıstan yığmasını yoldaşlıq oyununda 3:2 hesabı ilə məğlub edib, səfərdə qələbə qazandı.

2005-ci ildə Azərbaycan milli futbol komandasının baş məşqçisi Şahin Diniyev oldu. Avropa Çempionatı 2008-in final mərhələsinə çıxmaq uğrunda mübarizə aparan yığma son iki oyunda Portuqaliya və Serbiya komandalarına məğlub olduqdan sonra baş məşqçi Ş.Diniyev istefa verdiyini bəyan etdi. Lakin AFFA onun istefasının qəbul etməyərək, Diniyevdən yığmanı seçmə mərhələnin son iki oyununa da çıxarmağı xahiş etdi. Diniyevdən sonra Azərbaycan milli futbol komandasını müvəqqəti olaraq Goko Hacıyevski, daha sonra Nazim Süleymanov çalışdırıb.

2008-ci ilin mart ayında AFFA İcraiyyə Komitəsinin qərarı ilə Berti Foqts Azərbaycan millisinin baş məşqçisi təyin olunub. Bildirilirdi ki, həmin vaxt B.Foqts Azərbaycanda futbolun inkişafına dair 2 illik proqramını AFFA-ya təqdim edib. Foqtsun müqaviləsinə görə, o, ayda 95 min avro qazanmalı idi. 7 iyun 2009-cu ildə 0-1 hesabı ilə başa çatan Azərbaycan-Uels qarşılaşmasında azarkeşlər Foqtsu istefaya səslədilər. Mətbuat konfransı zamanı isə Foqts fikir bildirməyə başlayanda jurnalistlər zalı tərk ediblər. Bundan 2 gün sonra Foqtsun rəhbərliyi altında İspaniyaya 0-6 hesabı ilə uduzaraq Azərbaycan millisi ev oyunlarında ən böyük hesablı məğlubiyyətlə üzləşib. Berti Foqtsun rəhbərliyi altında Lixtenşteynlə qarşılaşmada Azərbaycan millisi rəsmi oyunlarda ilk səfər qələbəsini qazanıb. 2009-cu ildə Foqtsun müqaviləsi 2011-ci ilə qədər uzadılıb. Yeni şərtlərə görə, Foqts ayda 150 min avro qazanırdı. B.Foqts Azərbaycan yığmasını ən çox oyuna çıxaran baş məşqçi sayılır.

2014-cü ildə Azərbaycan milli futbol komandasının heyəti Dünya Çempionatı 2014-ün seçmə mərhələsi çərçivəsində 26 mart 2013-cü ildə Azərbaycan-Portuqaliya oyununun 60-cı dəqiqəsindən oyunun sonuna kimi azarkeşlər Foqtsu istefaya səsləyiblər. Azərbaycan onun rəhbərliyi altında heç bir uğur qazanmayıb. İyun ayında 0-0 hesabı ilə başa çatan Azərbaycan-Lüksemburq oyunundan sonra da azarkeşlər Foqtsu istefaya səsləyiblər. Foqts millinin oyun quruculuğunda problemləri həll edə bilməməsi, yanlış taktiki seçimi və komandanın zəif rəqiblərə uduzması səbəbindən yerli KİV-lər və azarkeşlər tərəfindən kəskin tənqidə tutulurdu.

2013-cü ildə Foqtsun Azərbaycan millisindən göndəriləcəyi ehtimal olunurdu. Foqtsun özü də müqaviləni yeniləməyəcəyini bildirmişdi. Lakin Azərbaycan millisinin seçmə mərhələnin son iki oyunundan dörd xal toplaması Foqtsun öz vəzifəsində qalmağına kömək etdi. 2013-cü ilin sonlarında AFFA növbəti dəfə Foqtsla müqaviləni uzatmağı qərara aldı. Azərbaycan milli komandası Avro-2016-nın seçmə mərhələsində onun başçılığı altında ardıcıl məğlubiyyətlər aldığı üçün, Xorvatiyaya 6-0 hesablı məğlubiyyətdən sonra komandadan göndərilib.

AFFA Foqtsun istefasından sonra müvəqqəti olaraq millini Mahmud Qurbanova həvalə etdi. Qurbanovun ilk və yeganə oyunu 16 noyabrda Norveçə qarşı idi. Həmin oyunda milli 1-0 məğlub oldu. Daha sonra Azərbaycan millisinə xorvatiyalı mütəxəssis Robert Prosineçki gətirildi. R.Prosineçki Azərbaycan millisini ilk dəfə meydana 28 mart 2015-ci ildə Malta millisinə qarşı oyuna çıxardı. Həmin oyunda Azərbaycan millisi Cavid Hüseynov və Dmitriy Nazarovun qolları ilə 2-0 rəqibini məğlub etdi.

2017-ci il noyabrın 3-də Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. 2018-ci il dekabrın 8-də Qurban Qurbanov milli komandadan istefa verdi. 2019-cu il fevralın 11-də  bir vaxtlar Xorvatiya millisinə rəhbərlik etmiş Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. Millimizin müstəqillikdən sonra keçdiyi tarixi yola nəzər saldıqda heç də ürəkaçan mənzərə görmürük. Həm yerli, həm də əcnəbi çalışdırıcıların dönəmində millimiz ciddi uğura imza ata bilməyib. Hətta statistikanı vərəqləyəndə nisbətən az məvaciblə millimizi çalışdıran yerli məşqçilərin dönəmində əldə edilən nailiyyətlərin daha yaxşı olduğu qənaətinə gəlirik. Onda isə niyə milyonlarımızı heç bir nəticəyə imza ata bilməyən əcnəbi məşqçilərin cibinə axıdırıq?

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Banişevskinin turnirinin qalibi “Sabah” oldu

Anatoli Banişevskinin anadan olmasının 73-cü il dönümünə həsr olunmuş turnirin final görüşü baş tutub. Qaynarinfo xəbər verir …