Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / İdman / Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu – VİDEO

Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu – VİDEO

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək (U-23) güləşçilərin dünya çempionatı sona çatıb.

Müəyyən səbəbdən tam heyətlə iştirak edə bilməyən sərbəst güləşçilər son gündə qapını bərk çırpıb.

Bundan əvvəl Əli Rəhimzadənin (-65 kq) ifasında gümüş medal qazanmış güləşçilərimiz son gündə daha iki medalı aktivinə yazdırıb. Belə ki, Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun baş məşqçisi olduğu millimiz qızıl və bürünc medal qazanıb.

Əvvəlcə Murad Süleymanov (-86 kq) bizi sevindirib. 1/8 finalda erməniHovannes Mxitaryana 10:7 hesabı ilə qalib gəlmiş Murad bürünc medal uğrunda görüşdə kanadalı Aleksander Robert Muru 10:0 hesabı ilə məğlub edib.

92 kq çəki dərəcəsinin qalibi isə Azərbaycan təmsilçisi olub. Şamil Zubairov da ilk görüşündə – təsnifat mərhələsində erməni idmançı Sarqis Hovsepyanı yenib (11:4). Dağıstanlı legionerimizin finaldakı rəqibi Rusiyanı təmsil edən həmyerlisi Aslanbəy Sotiyev olub. Zubairov rəqibinə 13:8 hesabı ilə qalib gəlməklə qızıl medalı boynundan asıb.
Bu, ikinci dəfə keçirilən U-23-lərin dünya çempionatında güləş millilərimizin qazandığı ilk qızıl medal olub. Xatırladaq ki, ötən il Polşada keçirilmiş dünya çempionatında millilərimiz yalnız beş bürünc medal qazanmaqla kifayətlənmişdi.

Qeyd edək ki, güləş millilərimiz ümumilikdə yeddi medal qazanıb. Bundan əvvəl yunan-Roma millimiz iki gümüş və bir bürünc, qadın yığmamız isə bir gümüş medala yiyələnmişdi.

Həmçinin oxuyun

Güləşçilərimiz turnirdə 10 medal qazanıblar

Güləş üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turnirini 10 medalla başa vurub. Azərbaycan …