“Hansısa məmurun fahişə qızını almaq daha şərəfli işdir, nəinki…” – Elşən Musayev

10:35 | 22.12.2016
1.970 dəfə oxundu

Zənnim məni aldatmırsa bir dəfə də bu barədə qısaca yazmışdım: Demək toydayam. Özü də son dərəcə kasıb və halal (kasıbın zatən haram olma şansı yox) bir qohumun övladının toyunda. Oturmuşuq. Çox da gözəl məclis gedir. Hamı Allah verəndən yeyir-içir, ardınca da əylənir, oynayır… Üstəgəl, ortalıqda nə 200 manatlıq viski var, nə 20 min manatlıq musiqi, nə də vəzifə və pul ışığına yığışan saxta dost-tanış. Əlqərəz, meydanda olan hər şey səmimidir. Və… elə bu gözəlliyin havasına yenicə girmişdik, anidən musiqini kəsdilər. Ortalığa qərib bir sükut çökdü. Hamı çaşqın şəkildə gözü qapıya dikəli qaldı. Vallah, bir anlıq elə bildik nəsə ciddi bir problem var. Amma, demə problem yox, HADİSƏ varmış! – Təxminən nazir statusunda olan hörmətsiz bir məmurumuzun elə özü kimi də “hörmətli” bacısı oğlu məclisə təşrif buyururmuş. Keçmiş qonşuluq münasibətlərini dəyərləndirmək və içindəki təvazökarlıq fontanı ilə hamını islatmaq üçün…

Öz də “gədə”ni oturdublar bizim masaya. Görürəm vurnuxur e… rahatlaşmır adam. İlk öncə sürücünü çağırdı ki, get tamadaya denən filankəs müəllim gəlib. Elan eləsin. Amma dayının adı çəkilməmək şərtilə. Üzərindən 2 dəqiqə keçməmiş “administrator”u gətirdib danladı ki, kondinsioner niyə zəif soyudur. (demə “kişi qırığı” tərləyirmiş) Və nəhayət… adamın (təbii, əgər ona adam demək mümkünsə) ən sonda elədiyi hərəkət lap rəzalət idi. Ofisantı bərk və ləhcəli şivə ilə səslədi. Öz də hamının eşidəcəyi (nümayişkəranə) tərzdə. Ki, bəs bu nə stoldu, bu nə menyudur, bu nə araqdır? Tez dəyiş bunu. Pulu nədirsə verəcəm…

İnanın, bu vicdansızın, binamusun hərəkətlərini görənə qədər həmişə belə bir qənaətdə olmuşdum ki, toy, onun menyusu, təmtərağı kimsənin qarışa biləcəyi ya da qarışmalı olduğu məsələ deyil. Hətta dövlətin belə. Və ya kim necə istər, balasına o cür də məclis düzənləyər. Amma…indi fikrim tam dəyişib. Təm səmimi deyirəm. İndi heç bir məkanda təmtəraq, dəbdəbə görmək istəmirəm. İstəmirəm, indicə haqqında danışdığım haramzadələr getdikləri toyda masa müqayisəsi, istehzası edə bilsin. İstəmirəm – kasıb öz balasına toy edərkən kompleksə girib kimdənsə əksik olduğunu düşünsün. İstəmirəm övladı böyüdükcə, evlənmə, ərə getmə yaşına çatdıqca yüz fikrə, min dərdə girən insanlar qonşunun 2000 manatlıq menyusu ilə özünün 20 manatlıq menyusu arasındakı fərqin burulğanında, bataqlığında ilişib qalsın, boğulub qalsın, karıxıb qalsın…

***

Bu ölkədə kimsə öz övladı ilə bir başqasının xoşbəxtliyini, təhsilini, tərbiyəsini müqayisə etməz. Vur-öldür – etməz! Amma gəlin paltarının, gəlin maşınının, cer-cehizin, vəzifənin, maşının, pulun müqayisəsini edər. Həm də böyük mümnuniyyətlə! Baxmayaraq ki, bir dəfə yaşadığımız həyatda hər şey, amma HƏR ŞEY həmin o xoşbəxtliyin fövqündə qalır!

Bu ölkədə namuslu qadın, vicdanlı ər axtarışına çıxanlar sanballı vəzifə, varlı qohum axtarışına çıxanlara əhəmiyyətli dərəcədə uduzur. Nonsensdir – amma bu belədir! Və ya insanlar hansısa nazirin gey oğluna qız verməyi ya da hansısa məmurun fahişə qızını gəlin etməyi özlərinə daha çox şərəf bilirlər, nəinki doğru-dürüst biri ilə izdivaca girməyi, ailə qurmağı, ömür-gün yoldaşı olmağı… Yəqin elə bu səbəbdəndir ki, evlənənlərlə boşananlar arasındakı fərq az qala itib. Əlli – əlliyə olub. Başa baş qalıb…Niyə? Çünki, bünövrədən sonuca qədər hər kəs və hər şey “TOY” havasına köklənib…

Əvvəlcə TOY etmək, ardınca isə TOY TUTMAQ havasına!

***

Hamı qızlar haqqda danışır, amma inanın indi ən çox zibili çıxan oğlanlardır. Üstəgəl, nəzərə alsaq ki, istehsal bazarında olduğu kimi həyatda, ailədə, məişətdə də “tələb – təklif” zərurəti var. Oğlanlar necə arzulayırsa, qızlar da o cür olmağa çalışır. Və ya, sevmir oğlanlar – normal qızları. İstəmirlər onları. Maraqsızdırlar. Çox başı aşağıdırlar. Ya da öz təbirlərincə desək – duzsuzdurlar! Hətta, indi söyləyəcəyim ifadəyə görə hər kəsdən dönə-dönə üzr istəyirəm, amma… bəzi oğlanlarımız var ki, evlənəcəyi gözəl qadına belə – övladlarına tərbiyə verəcək qadından çox pulsuz “bazlıq” subyekti kimi baxırlar…

Yaxşı bəs dünya, həyat bu insanların eyninə bu şəkildə girirsə, o zaman həmin bambılıların toy menyusuna – bildirçin dabanı, göyərçin qoltuğu ya da canım sizə desin lap ördək bəbəyi niyə girməsin ki?

***

Biz yeganə millətik ki, yasımız gülməli, toylarımız ağlamalıdır. Həqiqətən. Həm də sırf ruh etibarilə. Vallah ciddi deyirəm və bilmirəm bu məclislərin havasındandır yoxsa nə, amma son zamanlar hansı yasa getmişəm qarşımda oturanlar yalnız lətifə danışıblar. Eyni zamanda ayaq basdigim bütün toyların kontingent əhli sanki yasdaymış kimi oturub mürgü vurublar…

Bizim toylar – yeyib-içən olmağımızın göstərgisi ilə bərabər həm də manıssevərliyimizin sübutu və bariz nümunəsidir. Və ya biz övladımızın xoşbəxtliyi üçün – onun toyunda hansısa yoldan keçən müğənniyə 30- 40 min manat verməyi özümüzə “zapadlo” bilmərik. Amma bununla bərabər həmin 30 – 40 min ilə ən az 30-40 xəstəni həyata qaytarmağın mümkünlüyünü də bilmərik. Anlamarıq! Edə bilsək, bəlkə də elə yalnız bu savabın hesabına övladlarımızın xoşbəxt olma şansını, ehtimalını, perspektivini dərk etmərik!

Biz çöldə – bayırda olduğu kimi toyda da ceyran, maral ölüsüyük…

Maral kimi qızların, maral baxışların, “maral-maral” mahnısının, Maral Tahirqızıların ölüsüyük….

P.S. Odur ki, lap tutaq yas və toy menyusunu dəyişdik. Bəs özümüz, beynimizdəki proqram, menyu nə zaman dəyişəcək?