Ana səhifə / Gündəm / Qərib Məmmədov və Etibar Pirverdiyevin başı dərddə

Qərib Məmmədov və Etibar Pirverdiyevin başı dərddə

Fəzail Ağamalı: “Yaranmış situasiya ilə bağlı dövlət qurumları müvafiq addımlar atacaq”; Dövlət qurumu Hesablama Palatasının məruzəsindəki nöqsanları danır, “Azərenerji” məsuliyyəti “Azərişıq”ın üzərinə atmaq istəyir; “Azərişıq”dan da reaksiya gəldi

Aprelin 10-da prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında bir sıra qurumların ünvanına sərt tənqidlər səslənib.

 
Dövlət başçısı “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyevin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədovun fəaliyyətini kəskin tənqid edib.
Prezident bildirib ki, torpaqların elektron uçotu və qeydiyyatı kənd təsərrüfatının gələcək inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir: “Biz buna nail ola bilsək, onda həm şəffaflıq olar, həm də biz dəqiq biləcəyik ki, nəyimiz var. Çünki bəzi hallarda tərtib olunan xəritələr həqiqətlə uzlaşmır. Indi bu məsələ aydınlaşdırılır, təftiş edilir. Verilən pay torpaqları, ayrılan sahələr həqiqəti əks etdirmir. Peykdən əldə edilən görüntülər xəritədə göstərilən görüntülərlə üst-üstə düşmür. Bu, çox ciddi məsələdir. Vaxtilə bu sahədə böyük səhvlər buraxılıb. Ona görə biz indi hər şeyi yenidən tənzimləməliyik”.
İ.Əliyev “Bakıelektrikşəbəkə”nin bazasında yaradılan “Azərişıq” ASC-dən bəhs edərkən bildirib ki, bu strukturun yaradılmasında məqsəd regionlarda da elektrik enerjisi ilə təchizatı Bakının səviyyəsinə qaldırmaqdır. Ölkə başçısı əlavə edib ki, Bakıda elektrik enerjisi ilə təchizat yüksək səviyyədə olsa da rayonlarda bu sahədə ciddi problemlər var: “Bəzi hallarda mənə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri çox müsbət mənzərə təqdim etməyə çalışırlar. Ancaq reallıq ondan ibarətdir ki, bölgələrdə elektrik enerjisi ilə bağlı vəziyyət istədiyimiz səviyyədə deyil… Rayonlarda, kənd yerlərində bir balaca külək əsən kimi dirəklər aşır, işıq verilməsi dayandırılır. Buna dözmək olmaz. Mən dəfələrlə məsələ qaldırmışdım, demişdim, göstəriş vermişdim ki, gedin bu sahəni düzəldin… Əminəm ki, ”Azərişıq” yaxın zamanlarda bütün şəhər və rayonlarımızda elektrik enerjisi ilə təminatı Bakının səviyyəsinə qaldıracaq”.
Ölkə başçısının bu tənqidi ilə yanaşı Hesablama Palatası 2014-cü ilin hesabatında sözügedən sahələrdəki ciddi nöqsanlar aşkarladığını açıqlayıb. Aprelin 14-də bu faktlar Milli Məclisdə müzakirəyə çıxarılacaq. Qurumun hesabatında deyilir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və tabeliyində olan qurumlara dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair audit aparılıb.
Müəyyən edilib ki, komitənin aparatı üzrə büdcə proqnozları tərtib edilərkən qanunvericilik aktlarının tələblərinə əməl edilməyib və xərc maddələri üzrə əhatəli iqtisadi əsaslandırma və hesablamalar aparılmayıb. Komitənin tabeliyində olan qurum tərəfindən malların  (iş və xidmətlərin) satınalınması zamanı müvafiq qanunvericiliyin tələblərinə riayət edilməyərək satın alınacaq malların ehtimal olunan qiyməti müəyyənləşdirilməyib, icra hakimiyyəti orqanının razılığı alınmadan müqavilə məbləği artırılıb, malların tender təklifi qiymətindən baha qiymətə alınması səbəbindən  icraçıya artıq vəsait köçürülüb.
Hesabatda E.Pirverdiyevin fəaliyyəti barədə qeyd edilir ki, 2011-2013-cü illər üzrə “Bakıelektrikşəbəkə”ASC-yə ayrılan vəsaitlərin istifadəsinə dair audit aparılıb. Müəyyən edilib ki, müəssisə tərəfindən Bakının enerji təchizatı üzrə 2011-2013-cü illəri əhatə edən investisiya proqramları hazırlanaraq icra hakimiyyəti orqanlarına təqdim edilib. Lakin növbəti büdcə ili və sonrakı 3 il üçün vəsaitlərə olan tələbatın düzgün müəyyənləşdirilməsi üçün əsaslandırılması və müvafiq dövlət proqramlarındakı tədbirlərlə əlaqələndirilməsi tam təmin edilməyib. 2011-13-cü illərdə Bakının və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək Tədbirlər Planında bir neçə tədbir qismən icra olunub, cəmiyyətin investisiya proqramlarında nəzərdə tutulmayan obyektlərdə işlər yerinə yetirilərək proqramlardan kənarlaşmalara yol verilib, 2 halda yarımstansiyaların tikintisi, 3 halda yarımstansiyalar arasında yüksək gərginlikli kabel xətlərinin çəkilişi və 8 halda transformator məntəqələrinin yenidən qurulması obyektlərinin layihə smeta sənədləri dövlət ekspertizasından keçirilməyib.
Əsas vəsaitlərin, nəqliyyat vasitələrinin yenilənməsində istehsalat tələbatı  tam nəzərə alınmayıb, tikintisi və yenidən qurulması başa çatdırılan və faktiki istifadə olunan obyektlərin müvafiq qaydada istismara qəbulu təmin edilməyib, əsas vəsaitlərin, hava ilə aparılan ötürücü xətlərin dirəklərin üzərində inventar nömrələnməsi həyata keçirilməyib, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan ayrılan vəsait cəmiyyətin gəlirlərinə aid edilərək əlavə dəyər vergisi hesablanıb, qalan məbləğ cəmiyyətin maliyyə nəticələrində əks etdirilərək mənfəət vergisinə cəlb edilib.
İqtisadçı alim Qubad İbadoğlu bizə bildirdi ki, həqiqətən də “Azərenerji”nn sürətlə artan investisiya öhdəlikləri (4 milyard dollardan çox) və vergi borcları (1 milyard dollar manatadək) onun hazırkı situasiyada maliyyə sabitliyini daha da pisləşdirib: “Eyni zamanda ”Azərenerji”nin SOCAR-a borcları da durmadan artır, artıq 300 milyon manatı ötüb. Bu halda öhdəliklərin yerinə yetirilməsi son nəticədə dövlətin maliyyə ehtiyatları hesabına baş verir. Odur ki, bu hala gəlib çıxan şirkətlə bağlı Hesablama Palatasının yoxlama aparması əsaslıdır”.
AVP sədri, deputat Fəzail Ağamalı gümanlar üzərində fikir söyləmək istəmədiyini vurğuladı: “Hər halda, prezident tənqidi fikirlərini söylədi, reallığı ortalığa qoydu. Yaranmış situasiya ilə bağlı dövlət qurumları müvafiq addımlar atacaq”. F.Ağamalı bu faktların parlamentdə ciddi müzakirə mövzusuna çevriləcəyinə inanmır: “Hər halda, ölkə prezidenti zaman-zaman yeri gəldikcə ayrı-ayrı sahələrdə buraxılmış nöqsanların üzərində birmənalı olaraq dayanır, onların aradan qaldırılması üçün konkret addımlar da atmaqdadır. Prezidentin sonuncu müşavirədə də söyləmiş olduqları kifayət qədər ciddi fikirlərdir və həmin fikirlərə uyğun olaraq konkret addımlar atılacaq”. Məmurların ölkə başçısının tənqidlərindən əksər hallarda nəticə çıxarmamasına gəldikdə, AVP sədri dedi ki, bu, xoşagələn hadisə deyil: “İllərdir ki, bununla bağlı müxtəlif səviyyələrdə fikirlər söylənilib. Hər zaman bir az yağış yağan kimi Lerikdə elektrik dirəkləri aşır, naqillər sıradan çıxır. Bu il qarın yağması, yağışın davamlı olması ilə əlaqədar seçildiyim Salyanda, onun kəndlərində də xoşagəlməz hallar yaşandı, neçə gün kəndlər işıqsız qaldı. Əlbəttə, bütün bunlara qarşı qətiyyətli tədbirlər görülməlidir. Uzun illərdən bəri qalan, çürüyən köhnə dirəklər əvəz olunmalı, naqillər təzələnməlidir. Bunun üçün ”Azərenerji”yə kifayət qədər vəsait də ayrılır, insanlardan vəsait də yığılır. O yığılan pulların özü ilə işıq təsərrüfatının yenilənməsi üçün nəinki kifayət edir, hətta artıqdır. Mən əminəm ki, yeni yaradılan “Azərişıq”ın rəhbəri, peşəkar, ciddi məmur kimi tanınınan Baba müəllim bütün bunların öhdəsindən gələcək”.
Həbs təhlükəsi ilə üzləşdiyi deyilən Q.Məmmədovla danışmaq istəsək də, bu, mümkün olmadı.
Fevralın 9-da prezident sərəncamı ilə yaradılan “Azərişıq” QSC-yə qədər rayonların enerji ilə təchizatını  həyata keçirən “Azərenerji” QSC-nin mətbuat xidmətinin əməkdaşı Ələkbər Baxşəliyev “Yeni Müsavat”a dedi ki, bu barədə mətbuatda yazıları oxuyub: “Amma orda birmənalı şəkildə ”Azərişıq”dan yazılır. Yazı xatirinə qatmaqarışıq şeylər yazıblar. Hesablama Palatasının hesabatında bizim haqqımızda heç nə yoxdur”. Bəs qurum ölkə prezidentinin elektrik enerjisi təchizatı ilə bağlı tənqidlərini bölüşürmü? Ə.Baxşəliyev: “Dövlət başçısının dediklərinə heç kəs şərh verə bilməz. Rayonlar artıq ”Azərişıq”a təhvil verilib, bu məsələlərin bizə aidiyyəti yoxdur. Prezident birmənalı dedi ki, biz islahatları həyata keçirdik, bu işləri “Azərişıq”a həvalə etdik”.
 
“Azərişıq”dan isə “Yeni Müsavat”a bildirildi ki, yeni yaradılan qurum hələ nizamnamənin təsdiqini gözləyir: “Bizim heç bir borcumuz yoxdur”.

 

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın