Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / Naxçıvan MR-ın gənclər və idman naziri Naxçıvanın Azərbaycanın Gənclər Paytaxtı seçilməsindən danışdı – Müsahibə

Naxçıvan MR-ın gənclər və idman naziri Naxçıvanın Azərbaycanın Gənclər Paytaxtı seçilməsindən danışdı – Müsahibə

Azad Cabbarov: Gənclər bu qədim diyarı yenidən kəşf etmək üçün Naxçıvanı paytaxt seçdilər

Ulu öndər Heydər Əliyevin ideya-siyasi kursunun uğurla davam etdirilməsi nəticə etibarilə qədim Naxçıvanı inkişafa qovuşdurmuşdur. 5000 illik şəhər mədəniyyətinə malik olan Naxçıvan bu gün, həm də müasirliyi ilə öyünür. Keçmişini qorumaqla gələcəyə doğru inamla addımlayır.

Məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin paytaxtı elan olunmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikası 2017-ci ilin nəticələrinə görə investisiya reytinqində ilk yeri tutub. Təbii ki, bu da muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəricilərini xarakterizə edən mühüm faktorlardandır. Bütün bunların ardınca Naxçıvanın ölkəmizin Gənclər paytaxtı seçilməsi muxtar respublikanın tarixində yaşanan daha bir əlamətdar hadisə oldu.

Məlum olduğu kimi, Naxçıvan “www.genclerpaytaxti.az” saytında keçirilmiş onlayn səsvermənin qalibi olub. Artıq bu gün İslam mədəniyyətinin paytaxtı olan Naxçıvan həm də Gənclər Paytaxtıdır. Naxçıvanın Azərbaycanın Gənclər Paytaxtı seçilməsinə yalnız muxtar respublika sakinləri deyil, Azərbaycanın digər bölgələrindən olan sakinlər, ələlxüsus da gənclər dəstək verib. Səbəbi aydındır: Naxçıvanın bu statusu daşımağa daha çox haqqının olması.

Naxçıvan MR-ın gənclər və idman naziri Azad Cabbarov 2018-ci ilin Naxçıvan üçün uğurlu bir il olduğunu qeyd etdi: “Naxçıvan İslam mədəniyyətinin paytaxtı ünvanını aldı, ardınca da Azərbaycanın “Gənclər Paytaxtı”  statusunu. Gənclər Naxçıvanı ölkənin gənclər paytaxtı seçməklə Azərbaycanın ictimai-siyasi həyatında öz sözlərini demiş oldular. Əminəm ki,  bundan sonra da naxçıvanlı gənclər ümumən ölkəmizin ictimai-siyasi həyatında öz fəallıqları ilə seçiləcəklər.

Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə Bakıdan “Buta Palas”da keçirilən təntənəli mərasimə 10 nəfərlik heyətlə  qatılmışdıq. Bu mərasimdə gənclər paytaxtının rəmzi açarı təqdim olundu və biz onu aid olduğu yerə-Naxçıvana gətirdik. Yaşanan həmin anın təəssüratlarını bölüşmək olduqca çətindir. Belə düşünürəm ki, Naxçıvanın qalibiyyəti yalnız səsvermə hesabına olmadı, Naxçıvan bunu haqq edirdi və qazandı. Biz bunu gözləyirdik,  ona görə ki, Naxçıvan Muxtar Respublikasında aparılan gənclər siyasəti buna əsas verirdi. Hamımıza məlumdur ki, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı nəticəsində gənclər siyasəti ən yüksək səviyyədə həyata keçirilir və ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun aşılanması gənclərimizin bugünkü mövqelərini ortaya qoyur.  Naxçıvanda həyata keçirilən dövlət gənclər siyasəti, gənclər üçün yaradılan yüksək şərait, son illər naxçıvanlı gənclərin beynəlxalq arenalarda qazandıqları uğurlar, Azərbaycanı layiqincə təmsil etmələri sübut edirdi ki, Naxçıvan Gənclər Paytaxtı olmağa layiqdir. Çox sevindirici bir hal idi, çünki Naxçıvan daha bir uğura imza atırdı. Naxçıvanın Gənclər Paytaxtı seçilməsini gənclər çox istəyirdi. İlk səsvermə başlayan gündən sonuna qədər Naxçıvan səsvermədə öz liderliyini qorudu  və sonda da qalib oldu. Naxçıvanda bu gün  3 böyük ali təhsil müəssisəsi, həmçinin 3 orta ixtisas məktəbinin olması gənclər kontingentinin çoxluğunu önə çıxarır.  Gənclər üçün yaradılan müasir infrastruktur da əsas şərtlərdən biridir. Digər bölgələrimizdən də Naxçıvana səs verənlər çox oldu. Düşünürəm ki, gənclər Naxçıvanı yenidən kəşf etmək üçün Naxçıvana səs verdilər”.

Azad Cabbarov, həmçinin Gənclər Paytaxtı Naxçıvanda keçiriləcək tədbirlər haqqında da danışdı:

– İlboyu gənclərlə bağlı müxtəlif tədbirlər həyata keçiriləcək. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyə və tapşırığına əsasən Gənclər və İdman Nazirliyi, Gənclər Fondu,  YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə iş planı tərtib olunub. Bu tədbirlər planında sırf gənclər sferasını əhatə edən 37 maddə var. Nəzərdə tutulan tədbirlər sırasında ümummilli liderimiz Heydər Əliyevin siyasi irsinin gənclərə aşılanması, intellektual oyunların keçirilməsi, hərbi xidmətdən tərxis olunmuş gənclərlə işi gücləndirmək və onları peşə ixtisasına yönəltmək, internetdən gəncləri səmərəli istifadəyə təşviq etmək kimi məsələlər yer alır. Digər tərəfdən, intellektual oyunlar olimpiadasının və Gənclər Forumunun bu il Naxçıvanda keçirilməsini planlaşdırmışıq. Keçiriləcək tədbirlər sırf gənclər sahəsini  əhatə etdiyi üçün düşünürəm ki, biz 2018-də birgə tədbirlər planına uyğun olaraq gənclərlə işin gücləndirilməsində və gənclərimizin düzgün maarifləndirilməsində, onların intellektual səviyyəsinin yüksəldilməsində məqsədyönlü fəaliyyətimizi uğurla  həyata keçirəcəyik.

Bu tədbirlərlə yanaşı, Naxçıvanın Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar burada həm ölkə, həm beynəlxalq səviyyəli tədbirlər keçiriləcək. Bu tədbirlər Naxçıvan gənclərinin intellektual  səviyyəsinin artırılması,  eləcə də Naxçıvanın  tanıdılmasına səbəb olacaqdır. Naxçıvanın Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar yaxın günlərdə hazırlanacaq tədbirlər planına əsasən fəaliyyətimizi həm də bu istiqamətdə quracağıq. Gənclər paytaxtının rəmzi açarının təqdimat mərasimindən sonra ölkəmizdə fəaliyyət göstərən bir çox ictimai təşkilatlar, gənclər təşkilatları bizə yaxınlaşıb,  bu il Naxçıvandayıq,- deyə mesajlar verdilər. Düşünürəm ki, Naxçıvanın Gənclər Paytaxtı seçilməsi bu qədim diyara töhfə verəcəkdir. Həyata keçiriləcək ölkə və beynəlxalq əhəmiyyətli tədbirlər çərçivəsində naxçıvanlı gənclərin fəaliyyət dairəsi daha da genişlənəcək. Bu tədbirlər naxçıvanlı gənclərlə ölkəmizin müxtəlif bölgələrindən olan gənclər arasında sıx dostluq əlaqələrinin qurulmasında körpü rolunu oynayacaq. Həmçinin ölkəmizin müxtəlif bölgələrindən bura gələcək gənclər təşkilatları Naxçıvanda gənclər üçün yaradılan şəraitlə tanış olacaq, Naxçıvanın tanıtımına və turizm potensialının təbliğinə öz töhfələrini verəcəklər.

Naxçıvan MR Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev də Naxçıvanın Gənclər Paytaxtı olması sevincini bölüşdü: “2018-ci ili hər kəs Naxçıvan şəhərini islam mədəniyyətinin paytaxtı olaraq qarşılamışdı. Yəni 2018-ci ildə Naxçıvan şəhərində keçiriləcək tədbirlərin ilk istiqaməti bəlli idi, daha çox bu istiqamətdəki tədbirlərə üstünlük veriləcəkdi. Amma xoş bir hal oldu ki, bir neçə gün bundan əvvəlki internet səsverməsi ilə Naxçıvan şəhəri, eyni zamanda “Azərbaycanın Gənclər Paytaxtı” seçildi. Yəni bir ildə şəhərimizin həm İslam mədəniyyətinin paytaxtı, həm “Azərbaycanın Gənclər Paytaxtı” statusunu daşıması artıq gənclər sahəsində həyata keçiriləcək tədbirlərin yeni müstəviyə daşınmasına təkan vermiş olacaq.  Buna uyğun olaraq da muxtar respublikamızda yaşayan gəncləri əhatə edəcək bir sıra maraqlı tədbirlər keçiriləcəkdir. Bu da onu göstərir ki, bundan əvvəlki illərdə Naxçıvan MR Ali Məclisi Sədrinin tövsiyə və tapşırıqlarını əsas tutaraq keçirilən tədbirlər öz müsbət nəticələrini verdi. Naxçıvanın Gənclər Paytaxtı seçilməsini biz  gözləyirdik, çünki muxtar respublikanın kütləvi informasiya vasitələrində aparılan iş, eyni zamanda həm Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və digər aidiyyəti təşkilatlar tərəfindən keçirilən tədbirlər, aparılan təbliğat işləri muxtar respublikada internet resurslarından, sosial şəbəkələrdən düzgün istifadə etməyə gəncləri təşviq etdi və buna uyğun olaraq da gənclər bu gün Naxçıvanı “Azərbaycanın Gənclər Paytaxtı” seçməklə bu təşviqatın doğru istiqamətdə aparıldığını bir daha sübut etdilər. Təbii ki, Naxçıvanın Azərbaycanın “Gənclər Paytaxtı” seçilməsi  hər kəsi sevindirdi. İnanırıq ki, 2018-ci ildə bu istiqamətdə keçirilən tədbirlərdə də gənclər fəal iştirak edəcək və paytaxt adını əminliklə, layiqli şəkildə daşıyacaqlar”.

Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev il ərzində Fond tərəfindən reallaşdırılacaq tədbirlər barədə də məlumat verdi:

-Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə tədbirlər planı var və bu tədbirlər planından əlavə, həm də digər aidiyyatı təşkilatlarla Gənclər Fondunun tədbirlər planı var. Hazırlanmış tədbirlər planı gənclərin intellektual inkişafı, onların asudə vaxtının səmərəli təşkili və bu istiqamətdə digər tədbirlərin keçirilməsi məqsədinə xidmət edir. Bununla yanaşı, Naxçıvanın 2018-ci ildə İslam mədəniyyətinin  paytaxtı seçilməsi ilə əlaqədar olaraq Gənclər Fondu ənənəvi yaradıcılıq müsabiqəsi keçirəcəkdir. Bu istiqamətdə iki yaradıcılıq müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda muxtar respublikanın  turizm potensialının təbliğ olunması ilə bağlı mütəmadi tədbirlər keçirilir. Buna uyğun olaraq  “Naxçıvanı tanıyaq” devizi altında gənclərin muxtar respublikanın tarix, təbiət abidələrinə ekskursiyalarının təşkil olunması nəzərdə tutulub. Keçiriləcək tədbirlərdə gənclərin intellektual inkişaf məsələsi əsas prioritet istiqamətdir. Bildiyimiz kimi, muxtar respublikada digər ölkələrdən olan əcnəbi tələbələr təhsil alır. Onlar arasında da intellektual oyunların keçirilməsi və əcnəbi tələbələrin muxtar respublikanın turizm potensiallı ərazilərinə, tarixi abidələrə ekskursiyalarının təşkil olunması nəzərdə tutulur. Burada məqsəd Naxçıvanın xarici ölkələrdə daha yaxşı tanıdılması və muxtar respublikanın ali təhsil müəssisələrinə digər əcnəbilərin də cəlb olunmasıdır.

Muxtar respublikanın tanıdılması ilə bağlı Naxçıvan televiziyası tərəfindən müxtəlif videoçarxlar hazırlanır. Bu videoçarxların sosial şəbəkələr vasitəsilə, internet resurslarından düzgün istifadə etməklə geniş kütlə arasında yayımlanması da həyata keçirəcəyimiz tədbirlər sırasında yer alacaq. Bununla yanaşı Heydər Əliyev adına Hərbi Liseyin kursantları və orta məktəblərin yuxarı sinif şagirdləri arasında yazı, eləcə də rəsm müsabiqələri keçiriləcək. Dövlət Dram Teatrının repertuarındakı tamaşalardan istifadə etməklə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində muxtar respublikanın rayon mərkəzlərində müxtəlif tamaşaların göstərilməsi, gənclərin hərbi hissələrə səfərlərinin təşkili, onların əsgər və zabitlərlə görüşlərinin keçirilməsi və bir sıra digər tədbirlər də  2018-ci ildə reallaşdırılacaq layihələr sırasındadır.

Naxçıvanın “Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar burada ölkə səviyyəsində də mühüm layihələr həyata keçiriləcək. Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yekun hesabat tədbiri keçirildi.  Həmin tədbirdə Naxçıvanın növbəti uğura imza atması hər kəs tərəfindən alqışlandı. Gənclər Fondunun icraçı direktoru, həmçinin gənclər təşkilatlarının rəhbərləri, nümayəndələri bu il Naxçıvan şəhərində həm İslam mədəniyyətinin paytaxtı, həm gənclər paytaxtı istiqamətində layihələr həyata keçirmək istədiklərini bildirdilər. Düşünürəm ki, Naxçıvanın “Gənclər Paytaxtı” seçilməsi digər bölgələrdəki gənclər təşkilatlarını Naxçıvana cəlb edəcək. Onların artıq Naxçıvanın da gənclər potensialından öz tədbirlərində istifadə etmək kimi niyyətləri var. Bu da muxtar respublikamızda yaşayan gənclərin özünüifadə etməsi, dünyagörüşünün artrılması istiqamətində müsbət mənada öz təsirini göstərəcəkdir.

“Biz yaratdığımız, qurduğumuz müstəqil Azərbaycan dövlətini gənclərə tapşırırıq. Bizim işimizi gənclər davam etdirməlidir.” Ümummilli liderimiz Heydər Əliyevin bu fikirləri Azərbaycan gəncliyinə göstərilən etimadın təzahürüdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun da qeyd etdiyi kimi, Bu gün bizim qarşımızda bir vəzifə durur: Mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək. Gənclərin bir yolu var. Bu yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır.”

İnanırıq ki, bu il İslam mədəniyyətinin paytaxtı olan Naxçıvan Azərbaycanın “Gənclər Paytaxtı” kimi də, öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirəcəkdir. Yaradılan şərait onu deməyə əsas verir ki, Gənclər Paytaxtı Naxçıvan bu adı uğurla doğruldacaq. İl ərzində həyata keçirilən tədbirlər gənclərin fəaliyyət imkanlarını  daha da genişləndirəcəkdir. İnkişafının şahidləri və iştirakçıları olaraq günü-gündən gəncləşən Naxçıvanımızla qürur duyur, “Gənclər paytaxtı” seçilən şəhərimizlə fəxr edirik. İrəli gənclər, yol sizindir!

Ruhiyyə Rəsulova,
Naxçıvan Televiziyasının baş redaktoru

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …