Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Kəramət Böyükçöl Aynur Camalqızının saytından niyə ayrıldı? – “Niyə bu qədər istismar olunmalıyam?”

Kəramət Böyükçöl Aynur Camalqızının saytından niyə ayrıldı? – “Niyə bu qədər istismar olunmalıyam?”

Dostlar, həmişə böyük hörmətim olan və bu gün də hörmət etdiyim insan – Aynur Camalqızının saytlarından ayrıldım. Daha orda işləmirəm. Adətən, adamlar işdən çıxanda müdirə böyük hörmətini, rəğbetini-zadı bildirir. Yazır ki, hər şey gözəldir, sadəcə, işdən ayrılıram. Adama deyərlər, hər şey gözəldirsə bəs işdən niyə çıxırsan, yaxud niyə çıxarılırsan? Deməli, işdən çıxmaq haqda hörmət-izzət statuslarının hamısı sünidir.

Mən isə Aynur xanımla işçi-müdir münasibətlərimizin nə üçün alınmaması haqda açıq yazacam. Səbəb odur ki, hörmətli Aynur xanım mənə iş şərtlərini çox ağır qoymuşdu. Ayda 22 müsahibə verməli idim, 14 köşə yazmalı idim. Mən isə çatdıra bilmirdim. Bu ölkədə heç 22 adam yoxdur. (Söyməyin, söhbət müsahibə alınacaq adamlardan gedir). Yazıları çatdıra bilmirdim deyə məcbur olub Aynur xanıma yalan danışırdım. Deyirdim, yazını bu gün verəcəm, vermirdim. Deyirdim, sabah verəcəm, yenə vermirdim. Deyirdim, birigün verəcəm, yenə vermirdim. Amma dördüncü gün elə bir yazı verirdim ki, Aynur xanım içini çəkirdi ki, Kəramət, nə gözəl yazmısan. Yaxud, Kəramət, nə gözəl müsahibədir. Və yaxşı da oxunurdu, oxucular da bəyənirdi.

Hesab eləyirəm ki, media rəhbəri öz əməkdaşını anlamalıdır. Kəramət kimi əməkdaşı isə xüsusilə anlamalıdır. Çünki o biri jurnalistlərin heç birinin yazısında “şpit” olmur. Çünki onlar pul üçün işləyirlər, əksəriyyəti də hər şeylə də barışmış adamlardır. Kəramət isə təkcə pul üçün işləyə bilmir. O, müsahibəyə də əsər kimi baxır, köşəni də hekayə kimi yazır. Onun yazısından bir cümlə çıxarılanda gedib içib ağlayır. Sonra da öz göz yaşları ilə məzələnməyə başlayır, gülür, kədərindən köşə düzəldir.
Müdir fikirləşməlidir ki, bu yazıq uşaq pulun, aayğılarının dərdindən bu boyda yükü (22 müsahibə, 14 köşə) öz boynuna götürüb. Bilir ki, az müsahibə alsa pulu da az olacaq. Özü də vaxtilə jurnalist işləmiş bir insan anlamalıdır ki, bu əclaf, alçaq Kəramətin əlindən gələn yeganə iş müsahibə almaqdır, köşə yazmaqdır. Bütün media adamları da deyir ki, bu alçaq Kəramət müsahibə almağı da bilir, yazı yazmağı da bacarır. Müdir anlamalıdır ki, bunun maaşını olduğu kimi saxlayıb, yazılarının sayını azaltmaq lazımdır ki, bu adam moşenniklik eləməsin, hər dəfə müdirinə yalan danışmasın.

Bu ölkədə onduz da ədalət yoxdur. Yalansız yaşamaq mümkün deyil. Hərə bir yalanla başını dolandırır. Bunu hamı bilir. Heç olmasa insanlar bir-birinə – müdir işçiyə, işçi müdirə və s. mərhəmətlə yanaşmalıdır. Yola verməlidir. Onsuz da az qalıb, öləcəyik. Bezdirməyin də! Yormayın də! İnfarkt eləməyin də! Belə eləyirsiniz ki adamın əli hər yerdən üzülür, gedib intihar eləyir, siz də avtobus tutub yasına gedirsiniz.
Aynur xanım gözəl insandır, bilirəm. Amma bu şeyləri niyə axıra kimi başa düşmür, onu bilmirəm. İndi gedib ayrı saytda işləyəcəm, ortada da pis bir imicim yaranır ki, ordan çıxıb ora gedir, burdan çıxıb ora gedir. Yaxşı eləyib gedirəm. Niyə dözməliyəm? Nə üçün dözməliyəm? Niyə bu qədər istismar olunmalıyam? Heç kim mənim qara gözümə maaş vermir. Heç kim də mənə minnət qoya bilməz ki, sənə maaş verirəm. Zülm çəkirəm. Zülm! Mənə normal şərtlərlə normal da maaşla iş vermək fikir olan Baş redaktor varsa, qonorar sistemi ilə müsahibə almağa, köşə yazmağa hazıram. Əla yox ha!!! Normal. Mənlə insan kimi davranın, vallah, işimə sədaqətli olacam.

Kəramət Böyükçöl,

Azinforum.az

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …