Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / Abid Şərifov özünə Əli İnsanovu nümunə seçibsə… – Halbuki əsl nümunə elə prezidentdir…

Abid Şərifov özünə Əli İnsanovu nümunə seçibsə… – Halbuki əsl nümunə elə prezidentdir…

Bir Əli İnsanov vardı. Yaddaşında 10 ildən o tərəfə ictimai hadisələr, mətbuat xülasələri qalanlar xatırlayar. Yüksək vəzifədə olan vaxt jurnalistin sualına, kameranın və nazir həmkarlarının gözü qarşısında «Rədd ol! Elə-belə yox, konkret rədd ol!» deməyi özünə rəva bilirdi. O vaxt Ə.İnsanovun qılıncının «hər iki üzü kəsirdi». O vaxt Ə.İnsanova əl çatmazdı, onu ən yaxşı hallarda, rəsmi tədbirlərdə-filanda nisbətən təcrübəli jurnalistlər cavanlara barmaqla göstərərdilər. Axır vaxtlarına yaxın uşaqlar da TV-ekranlarda onu görəndə «konkret rədd ol»u təkrarlayırdılar.

İndi də Ə.İnsanov əlçatan deyil. O vaxt jurnalistlərlə davranışına görə barmaqla göstərilən Ə.İnsanov indi imkan düşəndə, özü jurnalistlərə barmaqlıq arasından baxır… Ara-sıra çıxarıldığı məhkəmə zalında «bizim jurnalistlər»i axtarır…

Bir Tağı Əhmədov vardı. Ədəbi dili özünəməxsus terminologiyalarla «zənginləşdirən»… Metropolitenin keçmiş rəisi də jurnalistlərlə davranışları ilə yadda qalıb… İndi də T.Əhmədov var. Ancaq daha «söz yaradıcılığını» efirə, kameralara çıxarmır…

Baş nazirin, Abbas Abbasov gedəndən sonra, ən stajlı müavini Abid Şərifovun jurnalistlərlə davranışına dair mətbuatda da, sosial şəbəkə fəalları da fikirlərini bildirirlər. Bu yazıda onun jurnalistlərlə davranış mədəniyyəti, ədası, məmur etikası, ağsaqqal müdrikliyi-filan kimi ənənəvi məsələlərə çox yer vermək fikrimiz yoxdur. Adamın fəaliyyəti boyu, daşla-kəsəklə, dəmir-beton, armatur kimi tikinti materialları ilə ünsiyyətdə olduğunu düşünərək, jurnalistlərlə kobud davranışına «haqq qazandırmağa çalışanlar» da var.

Ancaq hər bir halda ölkə hökümətinin 2-ci şəxslərindən biri, uzun illər idarəçilik təcrübəsi olan, həm də ağsaqqal yaşında adamın nəinki kamera qarşısında, lap elə ikilikdə də jurnalistlə, nəvəsi yaşında uşaqlarla bu cür davranışının yolverilməzliyi müzakirə mövzusu ola bilməz. Özü də mayın 19-da baş vermiş yanğın, dəhşətli faciədən, onun doğurduğu acı nəticələrdən və çıxarılmalı olan dərslərdən söhbət gedirsə…

A.Şərifov baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə bağlı ölkə Prezidenti tərəfindən yaradılmış Dövlət Komissiyasının sədridir. Ötən müddət ərzində Hacıbala Abutalıbovdan başqa səlahiyyətli şəxslərdən kimsə ictimaiyyətin, jurnalistlərin qarşısına çıxıb onları, hər kəsi maraqlandıran ciddi bir açıqlama verərək, hökümətin (məhz hökümətin – red.) mövqeyini bildirməyib. Axı bu hökumət, bu məmurlar nə vaxta qədər Prezident İlham Əliyevin kölgəsinə sığınacaq, özlərini hesabat verməmək kimi «imtiyazlı» hiss edəcəklər?

Bu yerdə ölkə Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar, Dövlət Komissiyasının ilk iclasında bilavasitə sədrlik edərək öz qəti fikirlərini bildirməsi, şübhəsiz, qırmızı xətlə qeyd olunmalıdır. Prezidentin narahatlığı, təcili və təxirəsalınmadan görülməli olan tədbirlərə dair göstərişləri, heç bir əlavə təklif qəbul etmədən, Bakının ölüm üzlüklərinin sökülməsini tələb etməsi onun məsələyə nə qədər ciddi önəm verdiyinin sübutudur.

Qalanı, işin sonrası, elə əslində, işin əvvəli də hökümətin üzərinə düşür və düşməlidir. A.Şərifov isə hökümətin, mədəni siyasət sahəsi üzrə deyil, məhz bu məsələlər üzrə səlahiyyətli şəxsidir. Tutduğu vəzifəsinə görə məhz bu cür suallara cavab verməli olan məmurdur. Ola bilər ki, adi bir gündə A.Şərifova yaxınlaşıb kefini soruşan jurnalistə, o, «sənə nə dəxli var?» – deyə bilərdi. Bilavasitə rəhbərlik etdiyi Komissiyanın işi ilə bağlı suala cavab vemək isə onun vəzifə borcudur. O isə suallara «Alabala» deyə cavab verir. O da təmsil olunduğu komandada vaxtilə olmuş səlahiyyətlilər kimi, jurnalistlərlə «alabala» dilində danışır…

“Nə dəxli var sənə?! Nə üçün bilməlisən kimdi?! Alabala… Sonra?! Səninçün nə fərqi var kimdi? Müəyyən olunur ki, finalkəsdi, filankəsi də biz müəyyən edirik, day bunun “pressa”ya dəxli var, ay oğul? Sonra… sualınız var?!”
Təbii ki, babası yaşında adamın, hökümət ikincisinin bu cavabından sonra təcrübəsiz jurnalist başqa sual verə bilməzdi… Bu yerdə jurnalistlərin də tam peşəkar olmaması, harada, kiminlə necə davranmağı bilməmələri, məsələyə dair sualları necə bişirib ağzından çıxarmaq təcrübəsinin olmamasını qeyd etməmək olmur. Ancaq bütün hallarda jurnalistin sualı günün mövzusu ilə bağlıdır. Ali məktəbdə oxuduğumuz dövrdə ağsaqqal kafedra müdirimiz deyirdi ki, «yanlış sual yoxdur», hər bir suala düzgün cavab verməklə, sual verənin nə istədiyini ona anlatmaq müəllmin borcudur. A.Şərifov müəllim olmasa da vəzifəsinə görə ona suallar ünvanlanır…

…Suallar çoxdur, Abid müəllim!

Bütün bu sualların jurnalistlərə də, ictimaiyyətə də dəxli var. Ola bilər ki, ictimaiyyət deyilən bir anlayışın, ictimai fikrin sizin üçün heç bir əhəmiyyəti olmasın. Ancaq sizin üçün nəyin əhəmiyyətli olmasına baxmayaraq, insanlar düşünür və suallar verir. Bu, onların təbii haqqıdır. Bu, insanların Konstitusion hüququdur. İctimai əhəmiyyətli məsələlərə dair sual vermək jurnalistin peşə borcu, hüququdur. Bu hüquqa qadağa qoymaq olmaz. Lap jurnalistin ağzını, ictimaiyyətin gözünü poliuretan materialı ilə üzləsəniz də…

İctimaiyyət gördü ki, hadisə baş verən gün üzlük materialını istehsal edən şirkətin rəhbəri həbs edildi. Bütün məmurlar üzlüyə üz tutaraq, «gunah keçisini» yanan binanın üzündə axtardılar. Ancaq o, bir qığılcımdan alışıb-yanan üzlüyün arxasında nə baş verdiyi hələ açıqlanmır. Ancaq, təbii ki, açıqlanacaq. Milyardlıq «beynəlxalq bank» fırıldaqlarını açıqlanmağa məcbur edən ölkə rəhbərinin siyasi iradəsi üzlüyün də arxasındakı həqiqətləri ortaya çıxaracaq…

Jurnalistləri, normal vətəndaşları maraqlandırır ki, necə olur ki, bir şirkətin istehsalı olan material ildırım surətilə Bakının «abadlaşdırılan» bütün binalarında istifadə olunur. Necə olur ki, dövlət vəsaitlərinin xərcləndiyi bütün işlərə tenderləri (əgər keçirilirsə – red.) eyni şirkət udur.
Axı onu da bilirlər ki, dövlət vəsaitinin 50 min manatdan artıq xərcləndiyi hər bir iş üzrə qanuna müvafiq olaraq tender keçirilməlidir. Heç olmasa, o tender sənədləri sonradan da olsa yazılıb yerinə qoyulubmu?
Jurnalistləri maraqlandırır ki, bundan sonra hansı şirkət işə cəlb ediləcək, hansı materialdan binalar üzlənəcək? Bundan sonra da təhlükə gözləmir ki Bakını? Jurnalistləri, təbii olaraq, görüləcək işlərə nə qədər vəsait sərf olunacağı da maraqlandırır və bunu bilmək hər bir vətəndaşın haqqıdır. Axı bu, hər kəsin vətəndaşı olduğu dövlətin vəsaitidir, «alabala» şirkətlərin sahiblərinin dədəsinin pulu deyil… Faciədə həyatını itirən insanları «alabala» şirkətlərin qazandığı milyonların hesabına da geri qaytarmaq olmaz axı… Lap Hacıbala Abutalıbov həyatını versə də o insanları bir dəqiqəlik belə qaytarmaq mümkün deyil…Axı insanlar yanğından yox, «alabalalar»ın işlətdiyi üzlüyün yanmasından yaranan zəhərli qazdan boğulub tələf oldular…

Üzlüyün arxasında yanan həqiqətləri Dövlət Komissiyasının sədri açıqlamadı. Jurnalistlər ondan bu barədə sorğu etmədilər. Ancaq bu, o demək də deyil ki, bundan sonra görüləcək işləri hansı şirkətin həyata keçirəcəyini də heç kəs bilməməlidir. Bunu bilmək jurnalistin də, hər bir vətəndaşın da haqqıdır. Mənim evimə, mənzilimə, sağlam yaşayışıma, gündəlik həyatıma, təhlükəsizliyimə aid olan hər şeyi bilmək mənim haqqımdır.

«Müəyyən olunur ki, finalkəsdi, filankəsi də biz müəyyən edirik…»

Bəla da burasındadır ki, o filankəsi müəyyən etmək sizin, vəzifəniz nə qədər böyük olursa-olsun, haqqınız deyil. Siz üzvü olduğunuz hökumətin idarə edildiyi dövlətin hansı bir qanununa, Kabinetinizin qəbul etdiyi qərarlara istinad edib, «filankəsi müəyyən etmək» səlahiyyətinizin olduğunu deyə bilməzsiniz. Dövlət vəsaitinin xərclənməsi, qəpiyinə qədər hesabatının aparılması qanunlarla tənzimlənir, «müəyyən etməklə» yox. «Biz» tender komissiyası deyil. «Biz» uzaqbaşı əli cibində, biraz təcrübəsiz, gənc jurnalistlərə yuxarıdan-aşağı kinayə ilə «alabala» deyən məmur ola bilər… «Biz» olsa-olsa, «alabala» kimi ağız ədəbiyyatında olan sözü ədəbi dilə transfer etməyə cəhd edənlər ola bilər. Ancaq o «biz»lə dövlət idarəçiliyi arasında, üzlüklə vurulduğu divarın arasında saxlanılan və yanğını alovlandıran boşluqdan artıq məsafə var. O boşluğa qığılcım düşürəcək ehtiyatsızlığa yol vermək olmaz…

«Biz» deyəndə özünüzü nəzərdə tutursunuzsa, onda o suala cavab verin ki, Bakı küləyinin sürətilə alışıb-yanan o üzlükləri vuran şirkəti kim müəyyən edib paytaxt binalarına buraxmışdı?
Yəni, bu Miryusif Mahmudov deyilən şirkət sahibi o qədər fövqəlqüvvədir ki, bütün aidiyyatı dövlət qurumlarının «gözündən yayınıb» yanan üzlükləri «yanmayan» adı ilə bu hökumətə sırımağı bacarıb?!.
Ölkə Prezidentinin qarşısında əz qala ikiqat əyilərək, «quzubala» duran nazirlər, məmurlar bu sualların cavabını bilməmiş deyillər. Bilmirlərsə, əli cibində kamera qarşısında poz verib «ərşi-əzəmin» yaradıcısı (Əstəğfürullah! – red.) kimi davranmamalıdırlar. Heç olmasa, bundan sonra səhvlərə yol verilməyəcəyinə, insanların qaz burulğanında boğularaq tələf olmayacağına, israfçılığın qarşısının alınacağına, tühlkəsizliyin təmin olunacağına təminat verməlidirlər. «Biz»in müəyyən etdiyinin” acı nəticələrini görürük…

Yeri gəlmişkən, bu yanğın aidiyyatı məmurların fərsizliyini üzə çıxartdığı kimi, təkcə faciə kimi millətə, dövlətə fiziki zərər vurmadı. Hadisənin vurduğu zərər həm də ölkə Prezidentinin illərlə kərpic-kərpic Azərbaycana qazandırdığı abadlıq, inkişaf imicinə xələl gətirdi. 3 il əvvəl beynəlxalq arenada tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarının Bakıda baş tutmasına qərar verilməsi «alabalaların» xidməti deyil. Bu, birbaşa və yalnız ölkə Prezidenti İlham Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətidir. Həyata keçirilən infrastruktur layihələr, paytaxtın və regionların abadlaşdırılması Avropa Oyunları ilə bağlı olmasa da, bu ərəfədə işlərin sürətləndirilməsi həm də mötəbər qonaqları qəbul etməyə hazırlaşan comərd ev sahibinin hazırlıq tədbirlərinin bir hissəsinə çevrilmişdi. «Alabala» şirkətlərə meydan verib üzlük vurduran, əli cibində gəzib fəxrlə «Bakımızı gözəlləşdiririk» deyən məsuliyyətsiz məmurlar isə bu hazırlığa bir «üzqarası töhfə etdilər». İndi paytaxtın üzü soyulmuş küçələri az qala bombalanmış Şərq şəhərlərini xatırladır. Budur sizin dövlətçiliyə, Prezidentə xidmətiniz? Heç olmasa, bundan xəcalət çəkirlərmi?..

Və nahayət, məmur-vətəndaş, məmur-jurnalist münasibətinə dair. Bu barədə nəsə yeniliyə cəhd etməyə dəyməz. Ölkə Prezidenti İlham Əliyev dəfələrlə məmurların xalqın xidmətçisi olduğunu, təvazökar davranmanın bir həyat tərzi, məsuliyyət borcu olduğunu bildirib: «Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bunlar var. Onlar aradan götürülməlidir».

Bunu açıq bəyan edən ölkə başçısı məmurun necə davranmalı olduğunu da dönə-dönə onlara xatırladır: «Hər bir vəzifəli şəxs, vəzifəsindən asılı olmayaraq, öz davranışı, addımları ilə yol göstərməlidir. Əgər dövlət o məsuliyyəti onun üzərinə qoyursa, yaxud da ki, Prezident öz qərarı ilə onu bir vəzifəyə təyin edirsə, o cəmiyyət üçün bir nümunə olmalıdır. Yəni, rəhbər kadrlar nümunə olmalıdırlar. Hər sahədə öz işi, bacarığı, insanlara olan münasibəti, şəxsi nümunəsi ilə yol göstərməlidir. Belə olmalıdır. Belə olmasa, onda onlar o yerlərdə olmamalıdırlar!..».

Prezidentin bu tövsiyələri verdiyi, davranış tərzi, siyasi mədəniyyəti aşıladığı tədbirlərdə Baş nazirin müavini də iştirak edir…

P.S. A.Şərifov həmin günkü məşhur açıqlamasını bu sözlərlə bitirmişdi: “…Kimdi, nədi, Allah sizi qorusun. Mənəm, mənim şirkətimdi, yaz.” Bəlkə elə düzünü onda deyirmiş?..
Murad ZÜLFÜQAR

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın