Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / AZAL-ın “göylə uçan” aviabiletləri

AZAL-ın “göylə uçan” aviabiletləri

Bakıda istənilən istiqamətə bilet qiymətləri başqa ölkələrlə müqayisədə iki dəfə bahadır

Bu gün Azərbaycan vətəndaşı Bakıdan İstanbula təyyarə ilə (biznes klass) gedib gəlmək üçün təkbaşına biletə 1310 (ekonom klass 320) manat, Londona 1242 (752) manat, Kiyevə 1016 (410) manat ödəməlidir. Ancaq qonşu, dost ölkələrin paytaxtından, məsələn Tiflisdən, Kiyevdən adını çəkdiyimiz məkanlara uçmaq üçün müvafiq olaraq təqribən 328 (177) manat, 1100 (524) manat, 656 (277) manat kifayət edir.

Yəni, göründüyü kimi, “”Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) istənilən istiqamətə bilet qiymətləri başqa ölkələrlə müqayisədə təqribən iki dəfə bahadır.

Təbii ki, ‎biletin qiymətləri ilə bağlı müqayisənin aparılması ictimaiyyəti maraqlandıran məsələdir. Çünki Azərbaycandan xaricə gedib-gələnlərin sayı artır, xaricdə təhsil alan tələbələr var, üstəlik, onların da valideynləri övladlarının yanına gedib-gəlmək istəyir, turist kimi xaricə üz tutanlar çoxalır. İnsanlar tədricən digər xarici aviaşirkətlərin Avropaya uçuş qiymətlərini öyrənirlər, bu barədə məlumat toplayıb yerli qiymətlərlə müqayisə edirlər və aradakı böyük fərqi görürlər.


AZAL-ın təyyarəsi

AZAL-a məxsus təyyarə ilə uçmaq üçün biletlərin baha olması cəmiyyətdə geniş müzakirəyə yol açır, ictimaiyyətdə geniş narazılıq və narahatlıq doğurur. Bu gün heç kimə sirr deyil ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti xarici ölkələrə getmək üçün biletləri əcnəbi şirkətlərdən almağa üstünlük verir. Ona görə ki, vətəndaş ona sərf edən qiymətlər çərçivəsində hərəkət edir, necə deyərlər, ayağını yorğanına görə uzadır.

Avropada və dünyada dövlət büdcəsindən maliyələşən hava yolları şirkətləri səyahət etməyi sevən, lakin bunun üçün çox pul ayıra bilməyən insanlara əlverişli imkanlar yaradır. Azərbaycanda isə vəziyyət əksinədir.

Məsələn, gəlin real mənzərəyə nəzər salaq. AZAL-ın rəsmi səhifəsində Bakı-Antalya reysi üzrə bilet qiymət Biznes Klass üçün təqribən 788 manat təşkil edir. Tiflis-Antalya reysini həyata keçirən “Turkish Airlines” isə bu uçuşu 170 dollara yaxın təklif edir.


Təyyarə biletlərinin qiymətlərindəki fərq

İndi Azərbaycanda çox ciddi bir proses başlayıb, xaricə getmək istəyən insanların əksəriyyəti Gürcüstan üzərindən uçmağa üstünlük verir. Hətta Türkiyə və Avropaya belə Gürcüstan aviaşirkətləri ilə gedir. Statistikaya nəzər salsaq görərik ki, 2014-cü ildə Gürcüstana 5.515.559 turist gəlib, yəni günə təqribən 15.111 turist düşür. İyun ayında Avropa Oyunları zamanı Azərbaycana cəmi 28 min turist gəlib ki, bunun da xeyli hissəsini Rusiyadan və digər ölkələrdən gələn könüllülər təşkil edib. Deməli, hətta onları da saysaq, Gürcüstanın 2 gündə qəbul etdiyi turist sayı, bizim 1 ayda qəbul etdiyimiz turistlərdən çoxdur.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə ölkəyə turizm məqsədilə 2 milyon 129 min 500, 2014-cü ildə təqribən 2 milyon 300 min insan gəlib.

Nəzərə almaq lazımdır ki, Azərbaycan üçün yanacaq Gürcüstandan daha ucuz başa gəlir. Belə ki, Gürcüstan yanacağı kənardan aldığı halda, Azərbaycan özü istehsal edir. Belə olan halda AZAL-ın qiymət siyasəti nəticəsində Azərbaycan pulları Gürcüstana axır. Bundan həm ölkə iqtisadiyyatı, həm avia şirkətlər uduzur, həm də vətəndaşlarımız müəyyən qədər əziyyət çəkir. Bir tərəfdən də, bütün bunlar Azərbaycanın imicinə xələl gətirir.

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, dünyada neftin qiyməti ucuzlaşdığı üçün aviaşirkətlər ciddi endirim kampaniyaları həyata keçirirlər, qiymətlərdə xeyli dərəcədə ucuzlaşma hiss olunur. Məsələn, qardaş Türkiyə, qonşu Gürcüstan və Avropanın başqa aviaşirkətləri bizim üçün ağlasığmaz dərəcədə ucuz qiymətlərlə uçuşlar həyata keçirirlər. Azərbaycanda isə Bakıdan Gəncəyə avtobusla getmək üçün xərclənən vəsaitlə Avropada Parisdən Madridə uçmaq mümkündür. London-Köln-London marşrutu üzrə 500 km-lik uçuş 31 manata, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 400 km-lik uçuş 100 manata başa gəlir.


Oqtay Haqverdiyev, iqtisadçı

Tanınmış iqtisadçı Oqtay Haqverdiyev bu məsələ ilə bağlı ANS PRESS-ə deyib ki, Azərbaycanda təyyarə biletlərinə qiymətlərin baha olması monopoliya ilə bağlıdır. Maya dəyərinə görə qiymətlər bu dərəcədə baha olmamalıdır. Sanki, bu, bir sirrdir, nə üçün qiymətlər kəllə-çarxa çıxıb, nə baş verir ki, bizim sadə insanlarımız normal qiymətlərlə istədikləri ölkəyə gedə bilmirlər?!

Onun sözlərinə görə, qiymətin bahalaşmasına təsir edən əsas amillərdən biri yanacaqdır. Başqa ölkələr kimi, yüksək oktanlı benzini idxal etməyə ehtiyacımız yoxdur. Bilmirəm, belə olan halda nə üçün biletlər ucuz deyil.

O, AZAL-ın başqa aviaşirkətlərlə necə rəqabət aparmasına təəccüb etdiyini də bildirib: “Digər kampaniyalar biletləri ucuz satır, insanların əksəriyyəti alır və gedir. Amma AZAL qiymətləri ucuzlaşdırmaq əvəzinə, daha da bahalaşdırır. Xarici ölkələrdə mövsümlə əlaqədar olaraq qiymətlərdə endirimlər olur. Bizdə isə əksinə, daha da bahalaşdırılır. Ümimiyyətlə, qiymət artımının bizdə iqtisadi əsası yoxdur. Görünür, bunu ancaq qazanc əldə etmək üçün edirlər. Buna başqa cür ad qoymaq doğru deyil.”

O.Haqverdiyevin fikrincə, təyyarənin müasirliyi, xidmətin yüksəkliyi biletlərin baha qiymətə olmasına təsir göstərə bilər. Azərbaycan son illər istər nəğd pula, istər lizinq, istərsə də kredit yolu ilə bir neçə təyyarə alıb, anqarlardakı köhnə hava nəqliyyatları təzələnib. Bəlkə, bura xərclənən pulu çıxarmaq üçün bir səbəbdir ki, billet baha olsun. Bank kreditləri ilə alınsa belə, onun dəyəri 20 il ərzində ödənməlidir. Amma, yenə deyirəm, qiymətin baha olmasının iqtisadi əsası yoxdur. Bunun dərinliyinə gedəndə, görəcəksiniz, burada məqsəd insanların öz təyyarələrimizdən normal qiymətlə billet satmaq, xidmət göstərmək yox, daha çox pul qazanmaqdır. Halbuki vətəndaşımız xeyri öz şirkətinə verə bilər. Çox maraqlı və düşündürücüdür ki, AZAL şirkəti dünyadakı rəqabətinə necə tab gətirir?


AZAL-ın 2015-ci ildə tamamlanması gözlənilən 28 mərtəbəli yeni inzibati binası

“Azərbaycan Hava Yilları” QSC-də isə xarici aviaşirkətlərin eyniistiqamətli uçuşlarının daha ucuz olması ilə razılaşmır, qiymətlərin bahalığının xidmət keyfiyyətinin yüksək olması ilə əlaqələndirirlər: “Bizim təyyarələr onlardan keyfiyyətlidir, komfortludur, servisimiz yüksəkdir, uçuşlarımız təhlükəsizdir. Düşünürük ki, qiymətlər baha deyil. İndi QSC bazarda artan tələbatı nəzərə alaraq, tərəfdaşları ilə birgə 2016-cı ildən dünyanın daha çox tələbat duyulan kurortlarına büdcəyə uyğun turların təşkili nəzərdə tutulur. Bu reyslər müvafiq xidmət səviyyəsi ilə birlikdə tam ekonom-klassın olduğu təyyarələrdə həyata keçiriləcək.

Qiymətlərin baha olması ilə bağlı paytaxt sakinləri arasında fərqli düşüncələr var. Əksəriyyət qiymətlərin baha olmasından narazılıqlarını bildirsə də, amma bəziləri bunu bahalı təyyarə amili ilə əsaslandırıb.


Biletin müqayisəli qiyməti

Paytaxt sakini Nəriman İbrahimov AZAL-ın qiymətlərinin baha olmasını belə izah edib: “Bu, bilavasitə onun xərclərinin yüksək olması ilə bağlıdır. AZAL-ın son illər ərzində çox bahalı təyyarələr alması istər-istəməz xidmətlərin qiymətlərinə təsirini göstərir.”

Rusiyada yaşayan azərbaycanlı Bayram Süleymanov isə düşünür ki, AZAL rəqiblərini bazara buraxmır: “AZAL bazarda öz mövqeyini qorumağa çalışır. Digər rəqibləri bazardan sıxışdırıb çıxararaq daha çox vəsait qazanmaq istəyir. AZAL və digər şirkətlər arasında qiymət fərqi həddindən çoxdur. İndi bazarda rəqiblərin olmaması, müştərinin seçim imkanı məhdud olması AZAL-ın istədiyi qiyməti təklif etməsinə gətirib çıxarır. Təyyarə biletlərinin qiymətinin baha olması Azərbaycana turist axınının qarşısını alır.”

Xatırladaq ki, AZAL bu ilin mart və aprel aylarında Macarıstanın WizzAir və Türkiyənin Pegasus hava yollarının Azərbaycanda fəaliyyətini dayandırıb. Buna səbəb bu iki hava yolunun təyyarə biletlərinin ucuz qiymətə satılması olub. Məsələn, WizzAir-in Bakı-Budapeşt-Bakı reysi ilə uçuşun qiyməti 60 -120 avroya başa gəlir.

Bir sözlə, bu gün AZAL-da qiymətlərin xarici şirkətlərlə müqayisədə ucuzlaşdırılmasına ehtiyac var ona görə ki, vətəndaşlarımız yerli şirkətin xidmətlərindən istifadə etsinlər. Çünki xarici şirkətlərin xidmətindən istifadə ounması pulların ölkədən getməsi deməkdir. Bu baxımdan AZAL-da qiymətləri müəyyənləşdirən zaman digər aviaşirkətlərin eyni istiqamətdə olan uçuş tarifləri nəzərə alınmalıdır.

Yekun nəticə və məntiq onu göstərir ki, Azərbaycanda qiymətlər qonşu ölkələrdən də ucuz olmalıdır. Çünki Azərbaycan aviasiya kerosini istehsal edən ölkədir. Biz hətta aviasiya kerosinini bəzi ölkələrə satırıq. Hava sərnişin daşımasının qiymətlərində isə ən çox payı olan aviasiya kerosininin qiymətidir. İndi Azərbaycanda elə bir mexanizm yaratmaq olar ki, ətraf ölkələrin sakinləri məhz Azərbaycan üzərindən uçmağa üstünlük versinlər. Qoy, dünyanın hər yerinə AZAL ilə səyahət edək. Yəni Azərbaycanı hava nəqliyyatı qovşağına çevirmək çətin deyil. Amma çox təəssüf ki, hələlik bu arzu olaraq qalır. Zənnimizcə, dövlət tərəfindən bu sahədə auditin, təftişin aparılmasına çox böyük ehtiyac duyulur.





AZAL-ın Heydər Əliyev prospektində inşa olunan, hündürlüyü 119,23 metr olacaq binası…

 

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın