Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Gündəm / YOL POLİSİ “BABƏK”dən “DİDƏRGİN DÜŞÜB” – Daxili Qoşunlara aid hərbi hissə də blokadaya alınıb

YOL POLİSİ “BABƏK”dən “DİDƏRGİN DÜŞÜB” – Daxili Qoşunlara aid hərbi hissə də blokadaya alınıb

Paytaxtın Babək prospektinin uzun illər acınacaqlı vəziyyətdə olan asfalt örtüyü nəhayət ki, dəyişdirilir, yol əsaslı təmir olunur. Lakin Bakının əsas nəqliyyat arteriyalarından biri olan bu yolun əvvəlki vəziyyəti əhaliyə bir əzab verirdisə, təmir dövründə yaşanan durum 10 qat artıq əziyyət çəkdirir. Yəni ki, bu yoldan istifadə edənlər bir bəladan qurtarmamış, ikinci bəlaya düşüblər.

Demək olar hər gün pik saatlarda yolu buradan düşən sürücülər və sərnişinlər əsl cəhənnəm əzabı yaşayır. Prospektə bitişik ərazilərdə yaşayan əhalinin isə sözün əsl mənasında günü qaradır. Təmir gedən ərazidə quraşdırılan yol nişanları o qədər xaotik və bir-birinə ziddir ki, sürücülər çaş-baş qalır, qarşı yola daxil olur, əks istiqamətdə hərəkət edir, qəza şəraiti yaradır və sair. Və bütün bu dərəbəylik nəticədə böyük tıxaca səbəb olur.

IMG-20180907-WA0002

Xüsusilə prospektin Daxili Qoşunlara aid N saylı Hərbi Hissəsinin qarşısındakı yol ayrıcında baş verənlər 70-ci illərin Hindistanındakı nəqliyyat axınını xatırladır -anlamaq olmur kim haradan gəlib, hara getmək istəyir, nə işıqofor tanıyan var, nə yol nişanı. Nəticədə elə qaydalara riayət etməyənlər də daxil olmaqla, yolu buradan keçən hər kəs əziyyət çəkir, saatlarla tıxacda qalır.

Ancaq görünür, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindəkilərdən heç kimin buradan yolu düşmür. Ya da kimsə bu idarənin başındakıları və ümumilikdə Yol Patrul Xidmətini bu prospektdən “didərgin salıb”. Yoxsa hər gün təkrarlanan bu biyabırçılığa başqa ad vermək olmur. Hansı ki, Daxili Qoşunlara aid hərbi hissənin qarşısında bircə yol patrul avtomobilinin xidmət aparması kifayət edər ki, belə dəhşətli tıxac yaranmasın. Bəli, sadəcə bir YPX maşını…

Ancaq dəfələrlə qeyd etdiyimiz kimi, bizim YPX-nin adındakı “X” hərfi artıqdır, çünki çox vaxt bu qurumun fəaliyyətində “xidmət” anlayışından əsər-əlamət olmur! Tıxac olan ərazidə bircə dənə YPX avtomobili görməzsiniz, oradan 300-500 metr məsafədə isə qoşa-qoşa gəzirlər, göstərdikləri “xidmət” də təbii olaraq nə yolla olursa-olsun cərimə yazmaqdan və gecələr “içkili ovuna” çıxmaqdan ibarətdir, vəssalam!

Yaxşı, bizim yol polisinin adi sürücülərə, sərnişinlərə qarşı saymazyana, bəzənsə hətta yekəxana davranışına, münasibətinə artıq adət etmişik, onsuz da düzələn deyillər. Ancaq bunu qoyaq bir kənara. Bəs ərazidəki Daxili Qoşunlara aid hərbi hissə? Tıxac yaranan kimi, bu dövlət əhəmiyyətli obyekt əməlli – başlı blokadaya alınır, buraya nə girmək, nə də çıxmaq mümkün olur. Və artıq aylarladır ki, belə də davam edir. Hər hansı fövqəladə durum baş versə, buradakı canlı qüvvə və texnikaya təcili ehtiyac yaransa, onları necə hərəkətə gətirəcəklər, minlərlə avtomobildən ibarət bu tıxacı necə yarmaq olacaq? Yəni BŞDYPİ-də heç olmasa bunun məsuliyyətini dərk edən kimsə yoxdurmu?

Doğrusu, təmir gedə-gedə yolu nəqliyyatın hərəkəti üçün belə yarıtmaz formada açıq saxlamaqdansa, bağlamaq daha yaxşı olardı. Və yəqin ki, şəhərdə nəqliyyatın təhlükəsiz və intizamlı hərəkətinin təşkilinə görə cavabdeh olanların özlərini də hər gün pik saatlarda bu yola salmağa ehtiyac var. Bəlkə onda anlayarlar ki, insanlara belə əziyyət vermək olmaz və həmin ərazidə yaşayanların, bu yoldan istifadə edənlərin onların ünvanına söylədiklərini də öz qulaqları ilə eşidərlər…

IMG-20180907-WA00031 babek_prospekti_repair_051114_02

Həmçinin oxuyun

“Özsüt”də müştərilərə BİABIRÇI XİDMƏT… – Köhnə şorba, menyuya uymayan yeməklər…

Məkan 1938-ci ildə Türkiyədə yaranıb. Azərbaycandakından fərqli olaraq, restoran Türkiyədə müştərilərə yalnız şirniyyat növləri təqdim …