Fazil Məmmədov rüzgarınının ilk laxladacağı şəxslər- Xaləddin İskəndərov, Alimpaşa Məmmədov…

Məlum olduğu kimi, dünən Prezident İlham Əliyevin  sərəncamı ilə vergilər naziri Fazil Məmmədov tutduğu vəzifədən azad edilib. Prezidentin digər sərəncamları əsasında təhsil naziri Mikayıl Cabbarov da tutduğu vəzifədən azad olunaraq vergilər naziri təyin edilib. Prezidentin imzaladığı sərəncamlar  cəmiyyət üçün gözlənilməz olub. Bu səbəbdən də hökumətdə olan qəfil dəyişiliklər ətrafında qızğın diskusiyalar aparılmaqdadır. Xüsusilə də Fazil Məmmədovun gələcək taleyinin necə olacağı haqda çeşidli  versiyalar irəli sürülür. Qeyd edək ki, ölkənin  ən strateji qurumlarından birinə rəhbərlik edən Fazil Məmmədov nazir olmaqla yanaşı, həm də hakimiyyət daxilində söz sahiblərindən birinə çevrilməyi bacarmışdı. Əslən Şəmkir rayonundan olan Fazil Məmmədovun qeyri -formal olaraq həmin bölgəni nəzarətdə saxladığı da heç kimə sirr deyildi. Fazil Məmmədov vəzifədə olduğu dönəmdə həm də özünə yaxın olan adamlardan klan formalaşdırmağı  da bacarıb. Onun qeyri -rəsmi olsa da,  böyük biznes imperiyasına sahibliyi haqda indiyə qədər KİV-lərdə çoxsaylı materallar dərc olunub.  Hazırda Fazil Məmmədovun dəstəyilə deputat, icra başçısı olanların da sayı az deyil. Böyük etimal ki, Fazil Məmmədov erasının bitməsi həmin şəxslər üçün də təsirsiz ötüşməyəcək.  İlkin qənaətlərə görə,  Fazil Məmmədov rüzgarının daha tez yerindən laxladacağı şəxslər:  Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərov və Şəmkirin  icra başçısı Alimpaşa Məmmədov olacaq.  Bu iki şəxsin Fazil Məmmədova daha yaxın olduğu söylənilir. Hətta Xaləddin İskəndərovla sabiq nazir arasında yeznə – qayın kimi qohumluq əlaqəsi də mövcuddur.

Mahir MİRZƏYEV

Azinforum.az