Şənbə , Dekabr 15 2018
Ana səhifə / Gündəm / AzTV sədrinin məhkəmə işində DƏHŞƏT (FOTOLAR)

AzTV sədrinin məhkəmə işində DƏHŞƏT (FOTOLAR)

Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə gedir.

Məhkəmənin gedişində Arif Alışanov haqda səsləndirilən məlumatlar, ittihamlar cəmiyyətdə sözün əsl mənasında şok effekti yaradıb. Səhmləri 100 faiz dövlətə məxsus təşkilatın sədri istintaqa ifadəsində 6,2 milyon dəyərində torpaq aldığını rəsmən etiraf edib. Amma məhkəmədə üzə çıxan sonrakı məlumat və ittihamların fonunda, bu etiraf, necə deyərlər toya getməli oldu. Nədən ki, sonrakı məlumatlar dəhşət filmlərinin ssenarisini xatırladır. Məsələn, A.Alışanova qarşı sui-qəsddə təqsirləndirilən Şücayət Əkbərov məhkəmədə AzTV sədrini qətldə – sevgilisini öldürməkdə suçlayıb!

AzPolitika.infoya daxil olan məlumata görə, Ş.Əkbərov bu məsələ ilə bağlı Baş prokuror Zakir Qaralova və işi aparan müstəntiq Kamal Talıbova yazılı müraciət və izahatlarında ətraflı yazıb və həbsinin də əsl motivini həmin cinayətdən xəbərdar olması ilə əlaqələndirib. Ş.Əkbərovun qızı Cəmilə Tağıyeva atasının ərizələrinin fotosurətlərini də “AzPolitika”ya təqdim edib. Təqsirləndirilən şəxs olanları belə nəql edib: “Arif Alışanov 2007-ci ildən başlayaraq Şamaxıda 120 hektar torpaq alıb. Həmin torpaqları mən tapırdım, Arif müəllim özü gəlib baxır, kürəkəni Fəridin adına rəsmiləşdirirdilər. Alışanov istəmirdi ki, çoxsaylı daşınmaz əmlakları onun aldığı bilinsin. Mən “makler” kimi bu işdən pul qazanırdım.

2011-ci ildə Fərid polisin nəzarəti altında gətirildi, onunla alqı-satqı edib, adına olan torpaqları Arifin həyat yoldaşı Mehriban xanımın adına keçirtdilər. Kürəkənlə qızları boşandığı üçün əmlakları onun əlindən aldılar. Bundan sonra Arif müəllimin “səlahiyyətli nümayəndəsi” sürücüsü Hacı Babayev oldu.

Sevgilisini “həkim”i kimi tanıdıb!

Bir müddət sonra Hacı zəng elədi ki, “müəllimlə gəlirik, qonağı var, sakit bir məkanda yer düzəlt”. Əvvəllər bir neçə nəfərlə gəlmişdi. Bu dəfə qara saçlı bir qızla idi. Mədrəsə kəndindəki evdə onlara süfrə açdırdım. Qızı tanıdım, daha öncə Fəridlə gəlmişdi. Hacı məni yayındırmaq üçün qızın AzTV-də Arifin həkimi olduğunu söylədi. Amma televiziyanın tibb məntqəsində olduğum zaman həmin qadını görməmişəm. Sonralar Arif müəllim o qızla gəlməyə başladı. Adını söyləmirdilər. Arada sarışın bir qızla da olurdu. Artıq ara açılmışdı, gələndə zəng edib “qız da olacaq”, deyirdi”.

Əkbərov izahatına sonra belə davam edib: “2016-cı ilin payızında Alışanov yenə üç-dörd nəfərlə gəlmişdi. Qayıdanbaş Xızıya kəsmə yolla maraqlandı. Bələdçilik üçün Qızmeydan kəndində baytar işləyən Qoçəlini götürdüm. Arif müəllim yanındakı iki nəfəri mənim “Niva”mla yolladı ki, “əvvəl yolu sən tanı, sonra birlikdə gedərik”. Biri polis rəisinin müavini idi – Arif bu qohumunun adını mənə Seyid demişdi, sonradan bildim ki, Canpoladdır. Onları Xızıda endirib geri qayıtdıq. Ertəsi gün Arif müəllim zəng edib yolu öyrənib-öyrənmədiyimlə maraqlandı, öyrəndiyimi söylədim. Aradan 15-20 gün keçmişdi, Alışanov həmin kəsə yolla onu qarşılamağımı və tək gəlməyimi bərk-bərk tapşırdı. Şamaxıda qalmayacaqdı, oradan Qəbələyə keçəcəkdilər. Xızıdan çox aralanmamışdılar, mən onlara çatdım. Arif həmişəki kimi yanımda əyləşdi, Hacı da arxadan gəlirdi.

Çayın ortasında “ətləri” boşaltdılar…

Çaya çatanda maşını saxlatdırıb “Hacıya yolu başa salmaq” adı ilə endi, israrla məni düşməyə qoymadı. 10-15 dəqiqə söhbətdən sonra maşına qayıtdı. Maşından çəkici- trosu götürüb Hacıya apardım ki, çaya batmasın. Baqaj açıq idi. Maşının qapısını açanda Hacı diksinib “nə edirsən”, deyə qışqırdı. İçəridə qan izləri vardı… (Bu yerdə Ş.Əkbərov dəhşət filmlərini xatırladan səhnəni təsvir edir-red.) Bədənim titrədi. Hacı məni uzaqlaşdırmaqdan ötrü zərblə itələdi, yerə yıxıldım. Danladı ki, “basin xarabdı, özbaşına maşına girirsən?”

Şok vəziyyətdə maşına qayıtdım. Arif müəllim nə baş verdiyi ilə maraqlandı, “trosu qoşmağı Hacıya başa saldım”, dedim. O biri üzə keçdim. “Maşını suda saxlama”deməmə rəğmən, Hacı bir müddət çayın ortasında qaldı, sonra o da gəlib bizə çatdı. Qızmeydan kəndində Hacı maşının içindəki qanı təmizlədi. “Şirvansaray” restoranında yeməkdən sonra getdilər. Bir gün sonra gecə saat 2-də Hacı zəng elədi ki, “Mədrəsədə yüngül hazırlıq gör, gəlirik”. Gələndə söhbəti Hacı özü açdı, dedi “axırıncı dəfə olsun maşını özbaşına açmaq, Arif müəllimin belə şeylərdən xoşu gəlmir… (Burda da zəruri redaktəyə ehtiyac var-red.)”

Sərxoş sürücü “şantajçı qız”ı öldürdüklərini boynuna alıb!

sucaet ekberov

Ş.Əkbərovun müraciətindən: “Bir dəfə də Hacı tək gəlmişdi, yeyib-içdik, ikimiz də sərxoş idik. Soruşdum: “Hacı, o, öldürdüyünüz kim idi?” Boynuna aldı, dedi: “Bura gələn qızdı, müəllimi şantaj edirdi, şəkillər çəkib”. Həmin gün mən də onunla Bakıya getdim, Mərəzədə (Qobustan-red.) qəza törətdik. Ertəsi gün Hacı məni AzTV-yə çağırıb maşını düzəltdirmək üçün pul istədi, “müəllim bilməsin”, dedi. Həm də hədələdi ki, “o söhbəti ağzından çıxartsan, özünü ölmüş bil. Sən müəllimi tanımırsan”. Dedim “sən sərxoş olub başqa yerdə danışma, mən sarıdan qorxu yoxdur”. Amma hiss edirdim ki, Arif mənim bu işi bildiyimi anlayıb”.

“Divin canı şüşədə olduğu kimi, onun da canı mənim əlimdədir”

Əkbərov daha sonra qızın Alışanovu gerçəkdən şantaj etdiyini yazıb: “Bir dəfə Mədrəsədə o qız Ariflə dincələndən sonra həyətə düşdü. Məndən digər sarı qıza Arifin Pirquluda ev alıb-almadığını soruşdu. Bilmədiyimi söylədim. AzTV-yə onu Fərid gətiribmiş. Deyirdi, Fərid onun üçün çox şey edib, Arif isə xəsisdir. Söylədi ki, “amma artıq nə deyirəm, onu edir, çünki buna məcburdur, divin canı şüşədə olduğu kimi, onun da canı mənim əlimdədir”. İddia edirdi ki, onunla normal kişi-qadın münasibətləri yoxdur… Arif oyanandan sonra mənim qız ilə nə danışdığımla maraqlandı”.

Əkbərov yazıb ki, o hadisədən sonra Alışanovla münasibətləri gərginləşib. Hətta “sirri”ni ona söylədiyi təqdirdə qızı öldürməklə hədələyib. Ş.Əkbərov bu olanlara dair indiyə qədər susmasının səbəbini onunla izah edib ki, Alışanov ona ağzını açmaması şərtilə həbsdən qurtaracağı barədə xəbər göndərib. Əks təqdirdə nəvələrini, qızlarını öldürəcəkləri ilə hədələyiblər.

Ş.Əkbərov: “Amma aldığım məlumata görə, Dəyanət (AzTV sədrinin bacısı oğlu Dəyanət Cəfərov-red.) təcridxanada işləyən tanışlarından xahiş edib ki, “Şücayətə orada işgəncə verin, müalicə üçün xəstəxanaya buraxmayın”. Onda anladım ki, Arif mənim buradan salamat çıxmağıma imkan verməyəcək.

“Azadlığım qətlin sübut olunmasına bağlıdır”

Hazırda Arif keçmiş arvadım, uşaqlarım, qohumlarımın əmlaklarını əllərindən alıb, qızımın arxasınca adam salıb, ona hədə-qorxu gəlirlər. Artıq sussam da, danışsam da hamımıza zərər verəcəklər. O qadının öldürülməsi istintaqla sübut olunsa, mənə qarşı saxta ittihamların Arif tərəfindən təşkil edildiyi ortaya çıxacaq…

Sonralar Hacı Arifin məndə olan 300 min manatını “Dostluq” restoranına gətirməyimi tələb etdi. Pulu Hacıya qaytardım ki, sahibinə çatdırsın. Amma o, pulu sayıb geri verdi, əmanətin yerində olub-olmadığını yoxladığını dedi. Qayıdanda üç nəfər zorla maşınıma oturub silah gücünə pulları aldılar. Anladım ki, onlar Arifin “adamları” olublar, pulları əlimdən almaq üçün də məni qəsdən çağırıblar. Bəlli ki, Arif pulu qaytara bilməyəcəyimi düşünüb, məni ona aid vəsaiti mənimsəməkdə suçlayaraq həbsə atdırmaq istəyirdi”.

“Kuryoz”: silah alverçisindən silah “çıxdı”

silah sursat4

Əkbərovun nəql etdiyinə görə, bu hadisədən sonra 2017-ci il yanvarın 14-də polis əməkdaşları Müsabi Namazov və təsərrüfatında baytar işləyən Qoçəli Cəbiyevləonu saxlayıb, Şamaxı rayon Polis İdarəsinə gətiriblər. Axtarış zamanı maşının arxa hissəsində M.Namazova məxsus avomat və pistolet, dostu Ələkbərə aid ov tüfəngi aşkar edilib. Onları DİN BMCMİ-nə gətiriblər. Ş.Əkbərov: “Müstəntiq Ramil və Dəyanət məni ailəmlə şantaj edərək yazdıqlarını zorla imzalatdılar. Avtomobili Müsabi idarə etdiyi halda (bunu az qala bütün Şamaxı görüb və telefona da çəkilib-Ş.Ə.), izahatda sükan arxasında guya mənim olduğum kimi rəsmiləşdirdilər.Onlarla əlbir olan Müsabini səhəri gün buraxdılar. Özünü “makler” kimi qələmə verdiyinə baxmayaraq, Müsabini hamı silah alverçisi olaraq tanıyır, o, cəbhə bölgəsindən çoxlu silah gətirib (ittihamda silahları almağı Əkbərovun sifariş verdiyi iddia edilir-red.).

Vəkilim Rəfail Məsimovu da ələ almışdılar, o, mənə hüquqlarımı izah etmədi, ailəmi aldatdı, irəli sürülən bütün ittihamları özü imzalayıb, latın qrafikası ilə oxuyub-yaza bilmədiyimdən istifadə edərək mənə də qol çəkdirib. İttiham aktında haqqımda iftiralar yazılmışdı. Vəkildən imtina edib, bu barədə Baş Prokurorluğa yazılı məlumat verdim.
Mən cinayət törətməmişəm və əvvəllər verdiyim ifadələr öz sözlərimlə yazılmayıb. Videogörüntülər də mənə və digər təqsirləndirilənlərə qarşı zorakılıq, işgəncə ilə çəkilib, həqiqəti əks etdirmir”.

Alışanovun vəkili Zaur Abbasov müvəkkili barədə məhkəmədə səsləndirilən ittihamları əsassız adlandırıb, deyib ki, Əkbərovun ifadəsini istintaqı aparan müstəntiq araşdırıb və heç bir nəticə ortaya çıxmayıb. Amma bu haqda ittiham aktında yazılmaması və məhkəməyə təqdim edilməməsi belə bir araşdırmanın aparıldığını şübhə altına alır. Ya da bəlkə araşdırma olub, lakin nəticə Əkbərovun söylədiklərini inkar etmədiyindən, ört-basdır olunub…

Ş.Əkbərov deyib ki, vəkilin söylədikləri həqiqəti əks etdirmir. Çünki o, istintaqın sonuna yaxın özünə qarşı təzyiqlərin artdığını gördüyü üçün qətl barədə danışıb, hətta yazılı bildirib, amma istintaqı aparan müstəntiq buna laqeyd yanaşıb, reaksiya verməyib. Məhkəmənin ədalətinə güvənən Əkbərov isə qətl məsələsini yenidən ona görə dilə gətirib ki, heç olmasa məhkəmə araşdırmasında bunun üstü açılsın və məhz cinayəti bildiyi üçün AzTV sədrinin onu həbs etdirdiyi ortaya çıxsın.

A.Alışanov məhkəmə prosesi və bu ittihamlar barədə danışmır. Onun vəkili Zaur Abbasov isə, yuxarıda da qeyd etdiyimiz kimi, təqsirləndirilən şəxsin qətl ittihamlarını rədd edib.

arif

VIPedu.BIZ

Həmçinin oxuyun

Xətainin icra başçısı işdən çıxarıldı

Prezident İlham Əliyev  Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib. “Qafqazinfo” xəbər …