“Ermənilər bir həftə qabağımızda dura bilməzlər” – Əliyev

15:23 | 10.01.2017
490 dəfə oxundu

Xəbər verdiyimiz kimi yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Qafqazinfo” xəbər verir ki, dövlət başçısı iclasda giriş nitqi söyləyib.

Prezident bildirib ki, 2016-cı ildə Azərbaycan öz inamlı inkişafını davam etdirib, təhlükəsizlik tədbirləri təmin olunub, xalq sülh, əmin-amanlıq şəraitində yaşayıb. Ötən il ölkə qarşısında duran öhdəliklər yerinə yetirilib, neftin qiymətinin aşağı düşməsi fonunda böhrandan çıxış yolu tapılıb:

“Dünyada və bölgədəki təhlükəli proseslərə fikir versək görərik ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqil inkişaf yoluyla gedir. Çalışacağıq ki, ölkəmizi, xalqımızı mümkün risklərdən qoruyaq. Artıq tarix və ətrafdakı hadisələr göstərir ki, bizim keçdiyimiz yol yeganə düzgün yoldur.

Qəbul edilən qərarlar nəticəsində qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində olacaq. Təsadüfi deyil ki, ötən il neftin qiyməti 3-4 dəfə aşağı düşsə də, ümumdaxili məhsul azalsa da, qeyri-neft sənayesində 5, kənd təsərrüfatı sahəsində 2,6 faiz artım müşahidə olunub. Bax bu iki rəqəm deməyə əsas verir ki, bu çətin və böhranlı şəraitdən şərəfli çıxa bildik. Artıq görülmüş və görüləcək işlər bu dinamikanı gücləndirəcək.

Ötən il qarşıda duran əsas məsələlərdən biri də valyuta ehtiyatlarının qorunması idi ki, buna da nail olunub.

Sosial məsələlərin həlli diqqət mərkəzində olub. Ötən il maaşlar 7, pensiya 8 faiz artıb və yenə də artmalıdır”.

Dövlət başçısı ötən il cəbhədə yaşanan gərginliyə də diqqət çəkib:

“Aprel döyüşləri bizim həm parlaq qələbəmizdir, həm də gücümüzü göstərdi. Göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. İllər boyu ermənilər tərəfindən yaradılan mif darmadağın edildi. Onlar özləri də etiraf edirlər ki, xarici yardım olamsa bir həftə ərzində bizim qabağımızda dura bilməyəcəklər”.