Urmiya gölü: təbii fəlakət yoxsa siyasət?

 Açar sözlər: Urmiya gölü, İran, Cənubi Azərbaycan, ekoloji fəlakət, etnik təmizləmə siyasəti.

Urmiya gölü İranın ən böyük vilayətlərindən olan Şərqi və Qərbi Azərbaycan vilayətləri arasında yerləşir. Qədim türk dilində bu gölün mənası “suda yaşayış yeri” deməkdir. Azərbaycan ərazisində ilkin dövlət qurumları məhz eramızdan əvvəl III minillikdə bu gölün hövzəsində meydana gəlmişdir. Gölün tarixi isə daha qədimdir. Onun meydana gəlməsi 35-40 min il öncəyə aid edilir.

Göl dəniz səviyyəsindən 1275 m hündürlükdə tektonik çökəklikdə yerləşir. Sahəsi 5960 kv kilometr, uzunluğu 140 km, maksimal eni isə 50 km-dir.

Iranın və Yaxın Şərqin ən böyük gölü olan Urmiya gölü duzluluğuna görə dünyada ABŞ-dakı Böyük Duzlu göl və Çindəki Qinqhay gölündən sonra üçüncü, sahəsinə görə isə altıncı ən böyük duzlu göl hesab olunur [14].

Gölün əsas su mənbəyi çaylar və yeraltı sulardır. Gölə 13 iri (Nazlıçay, Acıçay və s.) və çoxlu sayda kiçik çaylar tökülür. Göldə 120-ə yaxın ada yerləşir. Ən böyük adası Şahı adasıdır.

Gölün canlılar aləmi olduqca zəngindir. Urmiya artemiyası gölün endemik canlısıdır. Göl həmdə qızılqaz, qutan, leylək, qağayı və s.kimi köçəri quşların dayanacaq yeridir.

Göl 1976-cı ildə YUNESKO tərəfindən qoruq elan edilib və İran höküməti tərəfindən milli park statusu verilib.

Hal-hazırda isə Urmiya gölü böyük ekoloji fəlakətlə üz-üzədir. 1999-cu ildən başlayaraq gölün sahəsi durmadan azalır. Gölə tökülən suyun həcmi hər il 1,3 mlrd m3 azalır ki belə davam edəcəyi təqdirdə göl 2020-ci ildə tamamilə quruyacaq.

Hal hazırda gölün 93%-dən çox hissəsi quruyub ki bu da əksər adaların quruda qalmasına və yarmadaya çevrilməsinə səbəb olub.

Ekoloqlar bildirilər ki, göldəki suyun tam çəkilməsi təkcə bölgədə yox, ondan uzaqlarda da çox ciddi iqlim dəyişikliyinə səbəb olar, ekoloji tarazlıq tam pozular, havadakı zəhərli maddələrin sayı həndəsi silsilə ilə artar. Səmadakı şeh və yağıntı yerdəki bütün canlıları məhv edib yoxa çıxardar. Göl şor duzlarla zəngin olduğundan qurumuş gölün təkindəki duzlar toza çevrilib yüz kilometrlərlə uzaqlara səpələnər, min hektarlarla məhsuldar torpaq şoranlaşar, ətraf ərazilərdəki bağlar quruyub məhv olar[1]. Gölün quruması nəticəsində Urmiya vilayəti ilə yanaşı, Təbriz, Zəncan, Mərənd, Miyana, Qəzvin və digər iri şəhərlərin əhalisi üçün də ağır ekoloji fəlakətin yaranması gözlənilir. Bununla da, Urmu vilayəti daxil olmaqla bu regionlardan ekoloji fəlakətlərə görə 15 milyon insanın deportasiya olunması kimi problemlər yarana bilər [2].

Urmiya gölünün quruması təkcə İrana deyil Azərbaycan, Türkiyə və İraq da daxil olmaqla 500 km radiusunda böyük bir əraziyə və 70-75 milyon əhaliyə öz mənfi təsirini göstərəcəktir.

Gölün quruması ilə yaranacaq ekoloji fəlakətin izləri isə artıq görünməkdədir. Gölün quruması bölgədə hava temperatorunun yüksəlməsinə, duzun ətraf mahal və məntəqələrə yayılmasına, eləcə də ətraf şəhər və kəndlərdə yaşayan əhali arasında xərçəng, tənəffüs və digər xəstəliklərin yayılmasına gətirib çıxarıb [9]. Urmu gölünün quruması nəticəsində gölün 90 faizi qum və duz səhrasına çevrilib ki bu səbəbdən hər il göl ətrafındakı məntəqələrdə duz və qum fırtınaları baş verir [11].

Gölün suyunun azalması sudakı duzun miqdarının artmasına səbəb olub. Belə ki  göldəki duzun miqdarı normal şəraitdə 1 litrdə 130-160 qram olduğu halda quruma səbəbindən bu miqdar 400 qrama çatmışdır [8]. Bu isə dəniz suyunun duzluluğundan 11 dəfə daha çox deməkdir. Bunun nəticəsində göldə olan canlılar aləmi məhv olur. Gölə gələn quşların qanadları duz səbəbindən bərkiyir və uça bilmədiklərindən tələf olurlar.

Yay aylarında gölün suyu qırmızı rəng alır. Bunun səbəbi isə göldə bakteriya və yosunların çoxalmasıdır.

Gölün qrumasının əsas səbəbləri kimi iqlim dəyişikliyi və əraziyə düşən yağıntı miqdarının azalması (75%)  və gölə tökülən çaylar üzərində bəndlərin və su anbarlarının tikilməsi(25%) göstərilir. Belə ki gölün əsas su mənbəyi hesab olunan çaylar üzərində 54 -ə yaxın bənd qurulmuşdur. Gölün ətrafında qazılan quyular vasitəsilə yeraltı sular nasosla çəkilib istifadə edilir ki bunlarda gölə su axınının qarşısını alır. Bundan başqa düzgün irriqasiya siyasətinin aparılmaması, əkin sahələrinin artırılması və ekstensiv əkinçilik gölün suyunun azalmasına səbəb olur. Digər bir səbəb isə Təbriz və Urmiyani birləşdirən və Urmiya gölünün iki hissəyə ayıran yolun çəkilməsi göldə suyun hərəkətinin qarşısını kəsərək gölün quruma prosesini sürətləndirmişdir.

Gölün qurumasının qarşısını almaq üçün İran höküməti müxtəlif tədbirlər nəzərdə tutsada bunların heç biri həyata keçirilməmişdir. Mahmud Əhməd Necat administrasiyasının hakimiyyətdə olduğu müddətdə  gölün qurumaması üçün 14 layihə irəli sürülmüşdü ki, nəzərdə tutulan layihələr Van gölündən, Araz çayından və Xəzər dənizindən suyun gölə axıdılması idi. Belə ki Van gölü Urmiya gölündən 147 km qərbdə və daha hündürdə yerləşdiyindən onun suyunun Urmiya gölünə axıdılması daha ucuz və prespektivlidir. Digər bir layihə Araz çayının suyunun axıdılmasıdır, bunun üçün isə 1.2 mlrd dollar vəsait tələb olunur. Lakin Araz çayı və Urmiya gölünün sularının tərkibi fərqli olduğu üçün bəzi mütəxəssislərin fikrincə bu başqa ekoloji problemlərin yaranmasına və ekoloji tarazlığın pozulmasına gətirib çıxarda bilər. Həmçinin Araz çayı tranzit çay olduğundan onun suyundan istifadə ediləməsi üçün digər dövlətlərin də razılığının alınması lazımdır. Bununla bağlı İran dövlətinin Azərbaycanla danışıqlar aparmasına baxmayaraq hələlik heç bir razılıq əldə olunmayıb. Xəzər dənizi suyunun Urmiya gölünə axıdılması o qədər də prespektivli deyil. Çünki Xəzər dənizi Urmiya gölündən 300 km məsafədə yerləşir və layihə üçün 5.5 mlrd dollar vəsait tələb olunur. Layihənin başa çatdırılması üçün isə ən azı 5 il lazımdır. Həmçinin İran Xəzəryanı digər dövlətlərin də bu barədə razılığını almalıdır. Digər bir ehtimal Zab çayının suyunun axıdılması variantıdır ki, bu çayın hövzəsi Türkiyə və İraqda yerləşdiyindən bu iki ölkənin razılığı tələb olunur. Həmçinin qonşu ölkələrdən də su nəqletmə planı mövcuddur. İran höküməti Gürcüstana qaz və neft verilməsi müqabilində Gürcüstandan su nəqli də nəzərdən keçirir[6]. Ancaq bunun reallaşdırılması ehtimalı olduqca azdır. Bütün bu layihələr isə sadəcə kağız üzərində qalır, onların həyata keçirilməsi üçün İran höküməti tərəfindən heç bir ciddi adım atılmır.

Gölün qurumasını təbii fəlakət hesab etməyən bir sıra siyasi ekspertlər gölün qəsdən qurudulduğunu və bunun İran hökümətinin bir siyasəti olduğunu bildirirlər. Məsələn İran rəsmiləri gölün quruma səbəbini təbii amillərlə, yağıntının az olması və iqlim dəyişikliyi ilə əlaqələndirirlər. Ancaq Urmiya gölündən o qədər də uzaqda yerləşməyən Van gölünün suyunda heç bir azalma müşahidə edilmir. 2009-cu ildə prezident seçkisindən öncə Mahmud Əhməd Necatın başçılığı ilə keçirilən iclasda Urmiya gölünün problemlərinin araşdırılması ilə bağlı dövlət komissiyasının yaradıldığı elan olunsa da, indiyə qədər bu komissiyanın heç bir əməli fəaliyyəti olmayıb [4]. Həmçinin İran parlamenti tərəfindən 2012-ci il avqustun 16-da keçirilən iclasında “Urmiya gölünün dirçəldilməsi” layihəsi rədd edilib. Ölkənin hazırki prezidenti Həsən Ruhaninin 4 il öncə seçkiqabağı təbliğat-təşviqat dönəmində Urmiya gölünü böhrandan qurtaracağı ilə bağlı verdiyi vədə rəğmən, göl qurumaqda davam edir və bu günə qədər gölün qurtarılması üçün heç bir əməli addım atılmayıb. Rəsmi açıqlamalara görə, son 19 ay müddətində Urmu gölü üçün nəzərdə tutulan büdcə vəsaitindən bir rial belə icra orqanlarına təhvil verilməyib [13]. 2017-ci ildə son bir neçə ayda göldə suyun bir qədər artmasını İran höküməti özünün gördüyü tədbirlərlə əlaqələndirsədə, mütəxəssislər bildirirlər ki bu sadəcə yağıntının bir qədər çox olması ilə əlaqədardır. Həmçinin Urmiya gölünün səviyyəsinin artması ilə bağlı yanlış informasıyalar yayılır. Lakin bunların heç biri həqiqəti əks etdirmir [12].

Orta məktəb kitablarında Urmiya gölünün xəritədən silinməsi İranın gölü tamamilə hafizələrdən silmək istədiyini göstərir. Göl hələ qurumamış onun adı və təsviri qurudulur [10].

Bundan başqa Urmiya gölünün qurumasına qarşı soydaşlarımızın keçirdiyi dinc etiraz aksiyalarında  İran təhlükəsiz qüvvələrinin zorakılıq törətməsi, etiraz edənlərin həbs olunması, Urmiya gölünün qurumasının qarşısının alınmasında beynəlxalq təşkilatların fəaliyyətinə icazə verilməməsi bunun İranın bir siyasəti olduğunun bariz nümunəsidir.  Məqsəd isə bəllidir ki İranın etnik təmizləmə siyasəti ilə əlaqədardır. Belə ki, Urmiya gölünün quruması nəticəsində gölün hövzəsində 10 milyon tona yaxın duz kütləsi yaranacak ki bu da gölün ətrafında yaşayan sakinlərin fəlakətinə səbəb olacaq. Gölün quruması isə ekoloji tarazlığın pozulmasına və əsasən heyvandarlıq və əkinçiliklə məşğul olan soydaşlarımız buradan İranın müxtəlif bölgələrinə köçmək məcburiyyətində qalmasına səbəb olacaq. Bu isə türklərin kompakt yaşamağının qarşısını alacaq və assimilyasiya prosesini sürətləndirəcək. Urmiya bilindiyi kimi Cənubi Azərbaycanın qərbində yerləşən ən böyük şəhərdir, başqa sözlə Qərbi Azərbaycan əyalətinin baş şəhəridir. Onu da qeyd etmək lazımdır ki,  bu bölgədə həyata keçirilən assimilyasisa məsələsi heç də Tehranın ilk layihəsi deyil. Daha əvvəllər isə Qərbi Azərbaycanın bir çox kəndlərinə kürdlər kompakt şəkildə köçürülmüş, onlara hər bir şərait yaradılmışdır. Hətta köçürməklə qalmamış, burada yerləşən bir çox tarixi abidələrin adını dəyişdirərək onların kürdlərə məxsus olduğunu iddia etmişlər. Məlum plana görə bu bölgələri kürdləşdirməklə Tehran hakimiyyəti Güney Azərbaycanla Türkiyə arasında kürdlərin yerləşməsinə yardım edir. Başlıca məqsəd isə Qərbi Azərbaycan əyalətində demoqrafiq vəziyyəti kürdlərin xeyrinə dəyişmək və bu bölgədə çoxluğun onlardan ibarət olduğunu dünyanın diqqətinə çatdırmaqdır [3].

Urmiya gölünün qurudulması senarisinin isə İran tarixində analoqu var. Vaxtilə Sistan əyalətində olan Hamun (Urmiyadan sonra İranın ikinci böyük gölü idi) gölünə tökülən Hirmand çayının istiqamətinin dəyişməsi ilə bağlı bu göl tamamilə quruduğundan buradakı əhali kütləvi şəkildə köç etməyə məcbur olmuşdur.

Həmçinin siyasi ekspertlər Urmiya golünün dibində zəngin uranium yataqlarının olduğunu iddia edirlər. Onların qənaətincə, bu yataqları səmərəli şəkildə istismar etmək üçün gölün qurudulması lazımdır [5].

Bir sıra siyasi ekspertlər isə gölün qurudulmasını ABŞ-ın “Böyük Orta Şərq” layihəsi ilə əlaqələndirirlər. Urmiya gölü Türkiyədən cox uzaqda olmadığından yaranacaq ekoloji fəlakət səbəbindən Türkiyənin Van, İqdır, Qars, Ərzurum, Muş və digər vilayətlərinin boşalması həmin layihəyə əsasən “Böyük Kürdüstan” dövlətinin yaradılmasına gətirib cıxaracaq. Layihəyə əsasən Urmiya gölünün yerləşdiyi Qərbi Azərbaycan da  yaradılacaq olan Kürdüstan dövlətinin ərazisinə düşür. Necə ki ABŞ Rusiya ilə birlikdə Ermənistan vasitəsi ilə Qafqazda Türkiyəni türk dünyasından ayırdı. İndi isə məqsəd Türkiyəni şərq və cənubdan əhatə edəcək “Böyük Kürdüstan” dövləti vasitəsi iləTürkiyənin  Türküstan və türk dünyası ilə əlaqəsini kəsməkdir [7].

Lakin unutmaq lazım deyil ki, bir ölkənin siyasəti bütünlükdə regionun ekoloji vəziyyətinin pisləşməsi hesabına təmin oluna bilməz. Ekosistemi məhv etmək üçün əgər bir saniyə belə kifayətdirsə, onun bərpası üçün isə yüz illər tələb olunur. Hal-hazırda gölü əvvəlki vəziyyətinə qaytarmaq üçün lazimi tədbirlər görülə bilər. Göl tamamilə quruduqdan sonra isə bu müşkül məsələyə çevriləcək. Bundan sonra isə ekoloji fəlakətlər bir-birinin ardinca təkcə soydaşlarımızın yaşadığı ərazilərdə deyil bütün bölgədə və regionda ekosistemin pozulmasına, iqlim dəyişikliyinə və ciddi ekoloji fəlakətlərin yaranmasına gətirib çıxaracaq. Bu isə artıq qlobal ümümbəşəri problemə çevriləcək.

Ədəbiyyat siyahısı:

  1. Əkrəm Rəhimli (Bije). Urmiya gölü, onun problemləri və həlli yolları. Elm-təhsil. Bakı, 2014.
  2. Ənvər Börüsoy . İrandan Türkiyəyə qarşı Urmu senarisi. Elm-təhsil. Bakı, 2014.
  3. Nərmin Məmmədli. Urmiya gölünün məhvinə qarşı fars istehzasi, türk etirazi. Elm-təhsil. Bakı, 2014.
  4. Şahin Musavi. Urmiya gölü niyə quruyur?. Elm-təhsil. Bakı, 2014.
  5. Urmiya gölü faciəsi. Elm-təhsil. Bakı, 2014.
  6. ahlibeyt.ge. Urmiya gölünün yenidən canlanmasında Türkiyə və Gürcüstan faktoru.
  7. yenimesaj.com.tr. Urmiye Gölü kuruyor mu, kurutuluyor mu?
  8. apa.az. İran Araz çayının suyunun Urmiya gölünə axıdılması layihısinin icrasına başlayıb.
  9. gunaz.tv. Urmiya gölünün duz təpəciklərindən dəhşətli bir mənzərə.
  10. gunaz.tv. Nə üçün Urmu gölünün təsviri dərsliklərdən silinib.
  11. gunaz.tv. Urmu gölü ətrafinda şiddətli duz fırtınası.
  12. gunaz.tv Urmu gölü ilə bağlı yalan məlumat dərsliklərə də daxil oldu.
  13. gunaz.tv. Financial Times”. Həsən Ruhani seçici səsini qazanmaq üçün növbəti dəfə Urmu gölündən vasitə kimi istifadə edir.
  14. wayn.com. Top salt lakes of the world.Qurbanzadə Fəxri Siyavuş oğlu

    Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,

    I kurs magistr

    Email: [email protected]