Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Tarixi türkmən şəhərini kürdlər və ərəblər bölməyə çalışır

Tarixi türkmən şəhərini kürdlər və ərəblər bölməyə çalışır

ABŞ Kərkük mövzusunda mərkəzi İraq hökuməti (Bağdad) və kürd muxtariyyəti (Ərbil) arasında vasitəçilik etməyə çalışır. Bu barədə İraqın “Əl-Ərəb əl-Cədid” qəzeti məlumat yayıb.

Qəzetə rəsmi mənbələrdən bildiriblər ki, ABŞ səfirliyi Kərkük mövzusu ilə bağlı toplantılar təşkil edir. Toplantıda Kərkükdən olan kürd, ərəb və türkmən liderlər iştirak edir, əsasən şəhərdəki iqtisadi-siyasi problemlər müzakirə olunur.

İraq qəzetinin iddiasına görə, amerikalılar Kərkükün Bağdad və Ərbil arasında şərikli idarəçiliyini təklif edir. Plana görə Kərkükün təhlükəsizliyi İraq hökumətinə verilir, ancaq kürdlər etiraz edərək peşmərgə dəstələrinin Kərkükə yerləşdirilməsini istəyir. Lakin buna da ərəblər və türkmənlər etiraz edir. Hələlik, ortaq bir razılaşma yoxdur və güman ki, müzakirələr davam edəcək.

Kərkük əyalət məclisinin ərəb üzvü Məhəmməd əl-Cuburi deyib ki, ərəblər peşmərgənin Kərkükə gəlməsinə razı olmayacaq. Eyni zamanda deyib ki, kürdlər hələ də Kərkükü tələb edirlər.

Məsələ ondadır ki, 2017-ci il oktyabrın 17-də İraq mərkəzi hökuməti Türkiyə və İranın dəstəyi ilə kürd muxtariyyətinə qarşı əməliyyat keçirib. Həmin əməliyyat kürdlərin İŞİD hücumundan sonra İraqda ələ keçirdikləri əraziləri, o cümlədən Kərkük şəhərini geri almaq, yəni mərkəzi hökumətin nəzarətinə vermək idi. Bu əməliyyat uğurlu oldu və kürdlər 1971-ci il konstitusiyasında onlara ayrılmış sərhədlərə geri çəkilməli oldular. Lakin indi aradan iki il ötüb və kürdlər, daha dəqiqi Ərbildə yerləşən kürd muxtariyyəti Kərkükü yenidən geri almaq istəyir.

Çünki birincisi, Kərkük neftlə zəngin bölgədir, ikincisi isə orda indi kürdlər çoxluqdadır. Qeyd edək ki, İraq Konstitusiyasının 140-cı maddəsinə əsasən, Kərkük, “bir əyalətə bağlı olmayan müstəqil bölgə”dir.

kerkük ile ilgili görsel sonucu

Kərkükü önəmli edən İraqın neft ehtiyatının 20 faizinin bu ərazidə yerləşməsidir. Kərkükün yeraltı sərvətinin dəyəri milyardlarla dollarla ölçülür. Bu səbəbdən Kərkük indi həm Bağdad, həm də Bərzani ilə yanaşı İraqa faktiki olaraq nəzarət edən ABŞ üçün mühüm əhəmiyyət kəsb edir.

İraqda rəsmi olaraq siyahıyalma sonuncu dəfə 1997-ci ildə keçirilib və ölkə əhalisinin 72 faizini ərəblər, 21 faizini kürdlər, 7, bəzi iddialara görə 8 faizini isə türkmənlər təşkil edib. Kərkük vilayətində isə 48 faizini kürdlər, 28 faizini ərəblər. 21 faizini isə türkmənlrə təşkil edir. Bu siyahını seçkilərin nəticələri də göstərir. Belə ki. Kərkük əyalət məclisində 41 üzvü var, onlardan yalnız 9 nəfəri türkməndir. 26 deputat kürd, 6-sı isə ərəbdir.

Yerli mənbələrin bildirdiyinə görə, Kərkükdə 350 min nəfər, ümumi İraqda isə 2-2.5 milyon türkmən yaşayır. Təbii ki, bu statistikada son 5 ildə İŞİD hücumu nəticəsində baş verən qırğınlar və köç, həmçinin Kərkükün kürdlərin nəzarətinə keçməsi amili də rol oynayır. Çünki şəhər kürd nəzarətinə keçməmişdən əvvəl Kərkükün idarəçiliyində, polis və bələdiyyədə türkmənlər olub, amma indi çox azdır, təxminən 5 faizə qədər türkmən şəhər idarəçiliyində iştirak edir.

Qeyd edək ki, hazırda İraq əhalisinin (təxmini məlumatlara əsasən, 37 milyondan bir qədər çox) 8 faizə qədərini və ya 3 milyona yaxınını etnik türklər, yaxud da türkmənlər təşkil edir. Türkmənlər tarixən indiki İraqın şimal ərazilərində – Mosul, Kərkük, Telafer, Tuzhurmatı, Altınkörpü, Kifra, Karatepe, Hanekin və digər şəhərlərdə məskunlaşıb. Bu ərazi tarixi Ninyeva (yaxud da Ninova) əyalətinin əraziləridir. Hətta Bağdada yaxın bölgələrdə də türkmən əraziləri var. Ancaq son 100 ildə etnik sistemin dağılması, müharibələr nəticəsində türkmənlərin bir qismi xarici ölkələrə (İran, Türkiyə, Avropa ölkələri) və böyük bir qismi isə Bağdad, Kərbəla, Nəcəf, Bəsrə, Ərbil kimi şəhərlərə köçüb. Əsrin əvvəllərində İraqın şimal ərazilərində türkmənlər və kürdlər çoxluqda olsa da, sonrakı illərdə ərəbləşmə nəticəsində xüsusən Mosul və Kərkükdə türkmənlər azlıq qrupa çevrilib.

kerkük ile ilgili görsel sonucu

Türkmənlər müsəlmandırlar, bir qismi şiə, bir qismi isə sünni məzhəbinə mənsubdur. 1959-cu il İraq Konstitusiyasında İraq türkləri türkmənlər olaraq adlandırılıb. Türkmənlərin İraqa yerləşdirilməsi müasir Türkiyə tarixçilərinə görə, 7-ci əsrin sonlarına təsadüf edir. Ancaq bir sıra araşdırmalara görə, İraqda türk tayfalarının varlığı daha qədim dövrlərə gedib çıxır. Çünki eramızdan əvvəlki tarixdə o bölgədə türk tayfaları mövcud olmuş və onların ilkin dövlətləri də olub. İraq türkmənlərinin tarixinin 7-ci əsrə bağlanması İraqda ərəb millətçi zabitlərin hakimiyyətə gəlişi illərində aparılan siyasətlə əlaqədardır. 1958-ci ildə respublikaya çevrilən İraqda Əbdülkərim Qasimin hakimiyyəti zamanı türkmənlərin “gəlmə” olduğu, Orta Asiyadan gələrək İraqa yerləşdirildiyi tezisi irəli sürülüb.

kerkük ile ilgili görsel sonucu

Və təəssüf ki, 20-ci əsrin ortalarında kürdlərin siyasi aktivliyi və digər faktorlar nəticəsində İraqda 1971-ci ildə qəbul olunan konstitusiyada kürdlərə muxtariyyət statusu verilib. Ancaq ölkənin əhəmiyyətli etnik azlığı bu hüquqdan faydalana bilməyib. Səddam Hüseynin devrilməsi və ölkənin Amerika işğalı altına düşməsindən sonra kürdlərin mövqeyi daha da güclənib və faktiki olaraq İraqın şimalında gücə çevriliblər. Yaxın şərqdə isə təcrübə göstərir ki. silahlı gücü və dəstəyi olmayaq etnik. Yaxud dini qruplar assimilyasiya olunur, ya da daha böyük qruplara qarışır. Türkmənlər də belə oldu. 90-cı illərdə Türkiyə türkmənlərə müəyyən qədər dəstək versə də, sonradan müəyyən səbəblərdən bu dəstək olmadı və nəticədə xüsusən də son 8 ildə baş verənlərin nəticəsində türkmənlər parçalandı, bir qismi məzhəb faktoru ilə əlaqədar olaraq Bağdada yaxınlaşdı, digər qrup isə kürd administrasiyası ilə anlaşmağa çalışdı. Nəticədə ən çox itirən etnik qrupla çevrildilər.

İndi isə qəribə də olsa Kərkükün taleyini məhz ərəblər və kürdlər müzakirə edir. Türkmənlər isə bu prosesdə ən azı həlledici qrup deyillər. Hazırkı şərtlərdə şəhərin kürd idarəçilyinə verilməsi bu şəhərin daha çox assimilyasiya olunması demək olacaq. Bu səbəbdən də Kərkükün mərkəzi hökumətə tabe etdirilməsini indi türkmən fəallar da dəstəkləyir. (Musavat.com)

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …