Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Moskvada uğursuz danışıqlardan sonra Paşinyana kəşfiyyat rəhbərlərinin səs yazıları ilə yeni zərbə…

Moskvada uğursuz danışıqlardan sonra Paşinyana kəşfiyyat rəhbərlərinin səs yazıları ilə yeni zərbə…

“YouTube” servisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanın Köçəryanın, Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hazırkı rəhbəri Yuri Xaçaturovun cinayət işi ilə bağlı müzakirələr etdikləri telefon danışığı yerləşdirilib.

Ermənistan baş naziri Nikol Paşinyan bu danışığın olduğunu təsdiqləyib.
Audioyazıda Xaçatryan deyir ki, yaxın vaxtlarda Köçəryana qarşı ittiham irəli sürüləcək və o, həbs olunacaq, həmçinin, bildirilib ki, Xaçaturova qarşı da ittiham irəli sürüləcək.
MTX direktoru buna cavab olaraq, Xaçaturova toxunmamaqla bağlı xəbərdarlıq edib.
“O, KTMT-nin rəhbəridir, ona dəymək lazım deyil, biabır olacağıq. Heç olmasa başqa yerə getməmək haqqında iltizam tədbiri görülsün. Rusiyalılarla çətinliklə barışmışam. İndi biabır olacağıq”, – Ermənistan MTX-nin direktoru bildirib.
“Onu bağlamayaq? O artıq bizdədir. Baş nazirlə danış, mən ona həbs-qətimkan tədbirinin seçiləcəyini demişəm”, – Xaçatryan cavab verib.

Digər telefon danışığında Vanetsyan Xaçaturov işində ehtiyatlı olmağa çağırıb.
“Xaçaturovla bağlı diqqətli olun, baxmayaraq ki, o, (Paşinyan – red.) bağlanmasını tapşırıb (Xaçaturovun həbsini). Rusiyalılar əsəbidirlər”, – Vanetsyan deyib.
Bu audioyazını şərh edən N.Paşinyan bəyan edib ki, dinlənilməni 2008-ci il hadisələrinin araşdırılmasına qarşı olan şəxslər həyata keçirib. O əlavə edib ki, Ermənistanın sabiq prezidentləri Köçəryan, Sarkisyan, sabiq baş nazir Ovik Abramyan və digər məmurlar “taladıqları malların geri qaytarılmasının vaxtının çatdığını” başa düşürlər. Ermənistan hökumətinin başçısı bu işlə bağlı araşdırmaların davam edəcəyini vəd edib.

Qeyd edək ki, belə bir videonun yayılması və Paşinyanın bu məsələyə həvəslə reaksiya verməsi bir çox mətləblərə işıq salmış olur. Diqqət etsək görürük ki, videonun yayılması Paşinyanın uğursuz Moskva səfərindən sonraya təsadüf edir. Bunu necə dəyərləndirmək olar?

Ekspert Vüqar Qədirov “Bakı-Xəbər”ə  bildirdi ki, bu məsələdə təsadüf anlayışı ola bilməz: “Fikir verin, Paşinyan Moskvadan qayıdan kimi səs yazısı yayıldı. Qərb mətbuatında bu mövzu ilə bağlı maraqlı şərhlər verilir və xüsusi bir detala işarə olunur. Bildirilir ki, səs yazısı internetdə Paşinyanın Moskvaya etdiyi səfərdən öncə yerləşdirilib, amma efirə onun səfərindən sonra buraxılıb. Səs yazısı ətrafında ictimai müzakirələr qızışandan sonra Paşinyan çox maraqla mövzuya münasibət bildirib və bu hadisəni onun gördüyü işlərə maneə kimi dəyərləndirib. Paşinyan bununla demək istəyir ki, hakimiyyətin daxilində hələ də Rusiyadan qorxan, Moskvaya sədaqətlə qulluq etməyə hazır olan yüksək vəzifəli şəxslər var və onlar yeni hakimiyyətin gördüyü bütün işlərlə bağlı sabotaja əl atırlar. Aydındır ki, Paşinyan bu səs yazısı ilə Moskvanı şantaj edir. İnternetə yerləşdirilən dialoqda söhbət erməni dilində gedir. Ancaq maraqlıdır ki, həmin danışığın mətni titrlərlə rus yox, ingilis dilinə tərcümə edilib. Burdan da görünür ki, qalmaqala səbəb olan səs yazısı ilə Paşinyan Qərbi öz köməyinə səsləyir. Düşünürəm ki, bu səs yazısını Paşinyan hakimiyyətinin özü qeydə alıb və öz xeyrinə istifadə edir. Paşinyan bununla həm də Moskvaya açıq mesaj verir ki, sizin tələblərinizi yerinə yetirməyəcəm və özündən əvvəlki ölkə rəhbərlərini sona qədər ifşa və hüquqi cəhətdən təqib edəcək. Bu amil eyni zamanda Paşinyanın acizıliyinin göstəricisidir. Çünki səs yazısı ilə böyük bir ölkəni şantaj etmək, boğulanın saman çöpündən yapışmasına bənzəyir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …