Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Məşhəddə masaj- əxlaqsızlıq yuvası: xristian Qərbin oyunu ola bilərmi…

Məşhəddə masaj- əxlaqsızlıq yuvası: xristian Qərbin oyunu ola bilərmi…

Seyid Camal Əzimbəyli: “Belə bir şəhərin adını əxlaqsızlıqda hallandırmaq yalnız islamı istəməyən qüvvələrin marağında ola bilər”


Tahir Abbaslı: “Milyardlarla maliyyə buraxırlar ki, islam adında dövlət olmasın”

İrana məxsus KİV-lər islam ölkəsindəki şəhərlərdən birində əxlaqsızlıq yuvası aşkarlandığı barədə məlumat yayıblar. Bildirilir ki, ölkənın şərqindəki Məşhəd şəhərində 40 masajçı saxlanıb. İranın Rəzəvi Xorasanı vilayəti hüquq-mühafizə orqanının polis rəisi, polkovnik Ümid Nudehi deyib ki, sosial-ictimai şəbəkələrdə aparılan araşdırmadan sonra bir qrup kişi və qadın masajçının reklamları müşahidə olunub. 

Polis rəisi əlavə edib ki, keçirilən əməliyyatlar nəticəsində 40 nəfər saxlanıb: “Saxlananlar 22-32 yaşlar arasında gənclərdir. Onlar masaj adı altında əxlaqsızlıqla məşğul olublar”.

Bu məlumatda diqqətçəkən vacib məqamlar var. Xüsusilə də əxlaqsızlıq yuvalarının Məşhəd kimi müqəddəs dini mərkəzdə aşlkarlanması diqqətdən yayınmır. Çünki əxlaqsızlıq yuvalarının teokratik qanunlarla idarə olunan bir ölkənin məhz belə müqəddəs şəhərində aşkarlanması ortaya ciddi suallar çıxarır. Bu, islama zərbə vurmaq üçün Qərb ölkələrindən qaynaqlanan təxribat ola bilərmi?

Şərqşünas Seyid Camal Əzimbəyli “Bakı-Xəbər”ə bildirdi ki, belə bir informasiyanı İranın özü yayıbsa, deməli, həqiqiliyinə şübhə ola bilməz: “Təbii ki, həmin hadisənin baş verdiyi şəhərin adı diqqəti daha çox cəlb edir. Məşhəd islamın və dünya müsəlmanlarının müqəddəs kimi qəbul etdiyi şəhərdir. Hər il milyonlarla insan ora ziyarətə gedir. Həmin şəhərdə islamda müqəddəs sayılan bir şəxs dəfn edilib. Belə bir şəhərin adını əxlaqsızlıqda hallandırmaq yalnız islamı istəməyən qüvvələrin marağında ola bilər. Bunun, eyni zamanda, islamdaxili rəqabətdə olan təriqətlərin fitnəsi olduğu da istisna edilmir. Təkfirçi güc mərkəzlərinin analoji addımlarına biz İraqda, Suriyada da şahidlik etmişik və onların da sonu yaxşı qurtarmayıb. Bununla insanları İmam Rza məkanını ziyarətdən çəkindirmək istəyirlər”.

İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı isə “Bakı-Xəbər”ə bildirdi ki, əvvəlcə səbəbləri araşdırmaq yerinə düşərdi: “Bilirsiniz ki, İran teokratik dövlətdir. Yarandığı gündən bəri islam dininin buyurduqlarına uyğun həyat tərzi qurmağa çalışıblar və çalışırlar. Bu həyat tərzi və idarəetmə sisteminə nə qədər nail olublar, 40 ildə göstəriciləri göz qabağındadır. Təxmin etmək olar ki, İran siyasi hakimiyyəti ilə ruhaniliyin arasında ciddi problemlər yaşanır. Bu arada fürsətdə duran kimlərsə, yorulmaq bilmədən az vaxtda çox qazanc əldə edən qüvvələr siyasi hakimiyyətlə dil tapa bilməmiş deyillər. Əxlaqsızlıq sərhəd, millət və dövlət tanımır. Başqa səbəblər isə Qərb faktoru ilə bağlıdır. Milyardlarla maliyyə buraxırlar ki, islam adında dövlət olmasın və milli, dini, mənəvi mühitə təsir edib, ölkələri öz vəziyyətlərinə, durumlarına salıb, böyüklük etmək məqsədi güdürlər”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …