Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Güneydəki həbslərə Bakıdan və Vaşinqtondan niyə reaksiya yoxdur? – TƏHLİL

Güneydəki həbslərə Bakıdan və Vaşinqtondan niyə reaksiya yoxdur? – TƏHLİL

İranda yaşayan azərbaycanlı fəallardan biri Abbas Lisani yanvarın 22-dən həbsxanada aclıq aksiyasına başlayıb. O, qanunsuz həbsinə etiraz olaraq aclıq etdiyini söyləyib. Eyni zamanda milli fəalın yemək vasitəsilə zəhərlənməkdən və ya başqa şəkildə sui-qəsdə uğramaqdan ehtiyatlandığı bildirilir. Ərdəbil İnqilab Məhkəməsi A.Lisani haqqında ötən ay qiyabi hökm çıxarmışdı, o, 10 ay azadlıqdan məhrum edilmişdi.

A.Lisani hər il keçirilən Babək qalasına yürüş və milli fəal Həsən ağa Dəmirçinin dəfnində etdiyi çıxışları zamanı İran İslam Respublikasının əleyhinə çıxmaqda ittiham olunur. Ötən il Babək qalasına yürüş zamanı onlarla insanın saxlanıldığı, az sonra əksəriyyətinin azadlığa çıxdığı deyilir. Onlardan iki nəfər – İbrahim Nuri və Cəfər Rüstəmi haqqında hökm verilib. İ.Nuri 18 ay, C.Rüstəmi 6 ay həbs cəzasına məhkum ediliblər. İbrahim həbsdən sonra İranın ucqar şəhərlərindən birinə 2 il sürgün olunacaq. Həm də hər iki məhkum ictimai-siyasi qruplara üzv olmaq, mediada çıxış etmək hüququndan məhrum ediliblər.

Maraqlıdır ki, bütün bunlara Vaşinqton biganə qalıb. İnsan haqlarının müdafiəsindən danışan Amerika bu hadisələri görməzdən gəlir. Azərbaycanda da güneyli soydaşlarımızın həbsi ilə bağlı heç bir etiraz müşahidə olunmur.

Proseslər barəsində “Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu məsələ ilə bağlı bir sıra nüanslara toxunub:

“Azərbaycanda reaksiyanın olmaması bəlli və məntiqlidir. Azərbaycan üçün əsas prioritet ərazi bütövlüyü prinsipidir. Biz öz ərazi bütövlüyümüz uğrunda mübarizə apardığımız üçün digər dövlətlərin də ərazi bütövlüyü məsələsinə hörmətlə yanaşırıq. Ehtimal ki, bu cür hərəkətlər sonda İranın ərazi bütövlüyünün pozulmasına gətirib çıxara bilər. Ona görə də Azərbaycan hökuməti İrandakı azərbaycanlılarla bağlı laqeyd mövqedədir. Bunun səhv, yoxsa düz siyasət olması isə başqa mövzudur. Mən şəxsən oradakı qardaşlarımızı tanıyıb, başa düşürəm. İranın oradakı azərbaycanlılara qarşı münasibəti belə epizotik hadisələrdən ibarət deyil. Onların bu məsələ ilə bağlı çox ciddi elmi-politoloji təhlilləri var. Ona da uyğun işlərini qurublar. İranda bir nömrəli milli azlıq kimi kürdlər göstərilib. Onları da rəsmi sənədlərində 4 müxtəlif ləhcədə danışan, iki təriqətə məxsus kürdlərə bölüblər. Bu dərəcədə bölgü aparmaqla kürdlərin də mətn olduğunu göstərmək istəmirlər. Azərbaycanlılar isə orada ikinci yerdədir. Bizim dediyimiz saydan xeyli kiçik rəqəm göstərirlər. Deməyim odur ki, İranın azərbaycanlılara qarşı münasibəti konseptualdır”.

Politoloq bildirib ki, Vaşinqton İranda insan hüquqları ilə bağlı məsələlərə çox kəskin reaksiya verir: “Ancaq özlərinə sərf edən prizmadan yanaşırlar. Azərbaycan üçün ən böyük təhlükələrdən biri budur ki, ”Nüvə müqaviləsi” müzakirə edilən zaman həmişə ABŞ dövlət katibi və İranın xarici işlər naziri arasında əlavə məxfi görüş keçirilib. Bu günlərdə Pompeo Nizami Gəncəvini fars şairi adlandırdı və ondan optimist beyt səsləndirdi. Hesab edirəm ki, bu, heç də təsadüfi deyil. İranın dövlət rəsmiləri ilə ABŞ-ın dövlət rəsmiləri arasında gedən gizli danışıqlarda bizim üçün təhlükəli məsələlər də müzakirə edilə bilir. ABŞ istəyir ki, İran anti-Rusiya, anti-Türkiyə və ya anti-Çin siyasəti aparsın. Eyni zamanda bununla yanaşı İran da ABŞ-ın qarşısında məsələ qaldırır ki, anti-Azərbaycan respublikası olmağına da şərait yaradılsın. Bu məsələni nəzərə almalıyıq. Ona görə də Pompeonun Nizami Gəncəvini yada salmasını təsadüfi saymaq olmaz. Hafiz Şirazi, Sədi Şirazidə Nizaminin yazdığından da optimist beytlər var. Fars poeziyası bu iki şəxsin üzərindədir. Pompeo ondan da misal gətirə bilərdi. Dövlət olaraq hansısa formada Güney Azərbaycandakı həmyerlilərimizin vəziyyətini müzakirəyə çıxarmalıyıq. Demirəm ki, oradakı azərbaycanlılara azadlıq, müstəqillik tələb edək. İranın Azərbaycanın daxilində gördüyü işlər var. Bu işlərə rəğmən də oradakı azərbaycanlıların məsələsini aktuallaşdırmalıyıq. İran əgər Azərbaycanda dini, yaxud da hansısa etnik qrupu aktivləşdirirsə, qoy bizim də İranda mədəniyyət mərkəzimiz olsun. Lazım gəldiyi təqdirdə biz də oradakı azərbaycanlılara dəstək verək. Hazırda rəsmi Tehran tərəfindən oradakı azərbaycanlılara qarşı təzyiq var. Ancaq yerli əhalidə də çox sağlam bir oyanış var, sivillik, savad uğrunda mübarizə aparırlar. Demirlər ki, molla rejimi rədd olsun. İran Abbas Lisaninin gücünə bəlləddir. İranda xalq hərəkatı pik nöqtəyə çatanda Abbas Lisani azərbaycanlılara müraciət etdi ki, bu, bizim hərəkat deyil və İran dövlətinin əleyhinə getməyin. Doğrudan da azərbaycanlılar İran dövlətinin əleyhinə getmədi. İran dövləti Abbas Lisaninin gücünü praktiki görüb. Lisaninin bir müraciəti ilə oradakı azərbaycanlılar sakitləşdi. Halbuki İranın hər yerində üsyanlar oldu. Baxmayaraq ki, ən çox sosial-iqtisadi problemlər elə azərbaycanlılar yaşayan şəhərlərdədir. Təkcə Urmiya problemi bütün Azərbaycanı pis vəziyyətə sala bilər. İran Lisaninin gücünü bilir və imkan verməz ki, belə bir adam azadlıqda qalsın”.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …