Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / “Gedib dədə-baba torpağımda çobanlıq edərəm, amma öz sənətimi alçaltmaram”

“Gedib dədə-baba torpağımda çobanlıq edərəm, amma öz sənətimi alçaltmaram”

Tanınmış aktyor Kamran M.Yunis bu günlərdə redaksiyamızın qonağı oldu, suallarımızı cavablandırdı. Daha çox “Vicdan haqqı” serialından Yusif kimi tanınan aktyorun maraqlı müsahibəsini təqdim edirik:
– Kamran bəy, son fəaliyyətiniz haqqında danışmağınızı istərdik.
– İş fəaliyyətim çox sadə, bəsit, adidir. Azərbaycana səs salan “Vicdan haqqı” serialında çalışıram, bundan başqa heç bir iş fəaliyyətim yoxdur.
– Yəni rəsmi bir yerdə işləmirsiz.
– Yox, heç bir yerdə işləmirəm.
“Ata-anamın pensiyasına şərik çıxıram”
 
– Bəs gəlir məsələsi?
– Gəlirim yoxdur, sadəcə bir serialdayam. Gəlirim də ki, ata-anamın pensiyasına şərik çıxıram.
 
– Niyə belə alındı? Teatrlar sizi işə götürmədi?
– Götürmədilər deyəndə, əvvəllər YUĞ teatrında çalışırdım. Bütün teatrlarda bəlli bir maaş sistemi var. O sistemi vurub-çıxdım, hesablayıb gördüm ki, mənim elə gündəlik maşınla işə gedib-gəlməyib “aldım qoz, satdım qoz” məsəlinə dönür. O vaxtlar mən AzTV-nin dublyaj redaksiyasında çalışırdım. Oranın çox yaxşı, mükəmməl imkanları var idi. Lakin sonradan söz-söhbətlər oldu, teatrda iş yoldaşlarımın bəziləri deyirdilər ki, “Kamran gedib-gələ bilmir”. Vaqif İbrahimoğlu da onda həmişə deyirdi ki, “Kamran mənim tələbəmdir, elə bir sənətçidir ki, ildə bir dəfə və yaxud iki ildə bir dəfə gəlib tamaşa oynasa, mənim üçün yetərincə sərfəlidir”. Amma mən artıq teatra gedə bilmirdim. Dublyaj mənim bütün vaxtımı alırdı.
– Sizin bioqrafiyanıza diqqət edəndə görürük ki, xeyli sayda filmlərə çəkilmisiz, mükafatlara layiq görülmüsüz, amma daha çox “Vicdan haqqı” serialı sizi tamaşaçılara tanıtdırdı, populyar etdi. Son filmlərdə isə görünmürsüz.
– Mənim bir həyatım var, əgər iki həyatım olsaydı onun birini böyük məmnuniyyətlə sınaqlara sərf edərdim. Məsələn, mən də bayağı seriallara, kinolara çəkilərdim. Tanrı həyatı mənə bir dəfə verib və onu ləyaqətlə yaşamağı hər şeydən üstün bilirəm. Hətta ağlım dünyanı az dərk edəndə belə, yəni 6-7-ci sinifdə oxuduğum vaxtlarda onda mən ata-anama belə bir söz deyirdim ki, “elə bir həyat yaşamaq istəyirəm ki, ailəm, ata-anam, mənə aid olan insanlar heç vaxt mənə görə gözü 2 mm də olsa aşağı düşməsin”. Şükürlər olsun ki, həyatda mən onlara hələ başıaşağılıq gətirməmişəm. Hər səhər-axşam Tanrıdan da istəyim budur ki, məni ucuz sənətə aparmasın. Əgər ucuz sənətə addım atmağa doğru getsəm, ləyaqətimi aşağı salacaq bir davranış etməyə çalışsam, ondan 15 dəqiq əvvəl qoy Tanrı mənim canımı alsın, bu daha yaxşı olar.
 
“Rejissorların bəziləri çalışır ki, işlədikləri sənətçilər onlardan savadsız olsun”
 
– Son vaxtlarda dəfələrlə şahidi oluruq ki, peşəkar aktyorlar kənarda qalır, film və seriallara müğənnilər, sənətçilər, qeyri-peşəkarlar cəlb olunur. Bu məsələyə münasibətiniz necədir?
– Onları cəlb edən elə qeyri-peşəkarlardır. Onlar axı peşəkarları necə dəvət etsinlər. Bu yaxınlarda bir tanışım mənə belə bir söz dedi, “Kamran müəllim, bir filmin çəkilişində sizi təklif etdim, onlar isə dedilər ki, Kamran çox ağıllıdır, gəlir adama deyir ki, işi belə gör”. Dedim ki, onda getsinlər ağılsızlarla işləsinlər. Mən ağıl vermirəm, çünki yetərincə məndən ağıllı insanlar var. Sadəcə ustadım mənə zamanında bu sənətin çox sirlərini öyrədib. Vaqif İbrahimoğlu zamanında sözün yaxşı mənasına bizim qanımızı elə “zəhərlədi” ki, mən bir iş görəndə fikirləşmirəm ki, Piriverdini, Məmmədəlini, Yusifi və yaxud İskəndəri oynayıram; fikirləşirəm ki, mən bu filmi hazırlayıram, bu film mənimkidir, keç kəsin deyil. Ona görə də mən ağıl vermirəm, sadəcə bildiklərimi bölüşürəm, görünür, bu da savadsız rejissorlara sərf etmir. Çünki rejissorların bəziləri nəyəsə görə çalışırlar ki, işlədikləri sənətçilər onlardan savadsız olsunlar. Savadsız aktyorun isə yaratdığı heç vaxt mükəmməl ola bilməz, yarımçıq olacaq. “Dad yarımçıq əlindən”.
– Yəni, anladım ki, sizə dəvətlər gəlir, sadəcə siz qəbul etmək istəmirsiz.
– Mən özüm bilərəkdən və yaxud bilməyərəkdən elə bir şərait yaradıram ki, hər adam mənə yaxın gələ bilməsin. Gedib dədə-baba torpağımda çobanlıq edərəm, amma öz sənətimi alçaltmaram.
– Sosial şəbəkədə kifayət qədər aktivsiz. Hətta çoxlu sayda aqressiv statuslarınız rast gəlirik.
– (bir qədər düşünür) … Aqressiv deyil. Statuslarım bu gerçəkliyə, yaşamağa adekvat reaksiyadır. Bilirsiz, hər bir ləyaqətli insan kimi mən də gerçəkliyə qarşı adekvat reaksiya göstərirəm. Buqələmun deyiləm, sadəcə olaraq çətindir, çox çətindir. Mən gileylənməyi xoşlamıram. Amma görürəm ki, yaşamaq gözəldir, ətraf gözəldir, mən insanları çox sevirəm, paralel olaraq sevdiyim insanlardan bıçaq zərbəsi, ağrı-acı da, sevgi də görürəm. Amma bütün bunlara rəğmən böyük Azərbaycan şairi Xəlil Rza Ulutürkün belə bir şeiri var:
– Ayağının altında quzu kəsən, qan tökən, Bağçasını bağını sənə tərk edib gedən, Xəcalətli qalmışıq dost-yoldaş qarşısında.. . Yəni, o dostlar ki, bizə canlarını verməyə hazırdırlar, bizə öz yerlərini verirlər, amma onların bizə göstərdikləri münasibətin qarşılığını belə verə bilmirik. Bu əlahəzrət maddiyyat çox şeyə sirayət edir. Pul mənim üçün hər şey deyil, amma çox şeydir. Bu da öz işini görür. Doğrudur, pul mənim üçün maraqlı deyil, belə olsaydı mən bizneslə məşğul olardım, hansısa şirkət, dükan açardım. Amma mən bu sənəti sevirəm və heç bir idmançıdan, iş adamından aşağı deyiləm. Mənim kimi Azərbaycanın bir çox sənətçiləri tarixi yaradanlarıq. Padşahların, bəylərin heç biri qalmır, amma kitab ədəbiyyat, mədəniyyəti, incəsənət min illər boyu yaşayır.
 
– Bir qədər öncə gözəl xalq şairimiz Xəlil Rza Ulutürkdən söz açdınız. Bilirik ki, siz onun bacısı oğlusuz. Ailəsi ilə əlaqə saxlayırsızmı, Firəngiz xanım hazırda necədir?
– Firəngiz xanım yaxşıdır, bu gedişatla hələ bir 30 il də yaşayacaq, maşallah. Mənim üçün onun ailəsindən daha önəmli Xəlil Rza Ulutürk şəxsiyyəti var. Bu gün onun abidəsi, ruhu qarşısında baş əyirəm. Nə yaxşı ki, belə bir insan Azərbaycanda var idi. Mədəniyyət aləmində onun kimi bir dəliqanlı görmədim və inanmıram ki, bundan sonra da görə bilim. Xəlil bəyin zamanında çiyindaşları var idi, hansı ki, indi özləri, uşaqları, arvadları vəzifələrə gəldi. Övladlarının vəzifələrinə görə əqidələrini dəyişən şairlər gördüm. Dayım olduğu üçün demirəm, amma Xəlil bəy heç vaxt öz əqidəsini dəyişmədi.
 
– Sanki imicinizi də ona bənzədirsiz.
– Danışanda bir az salyanlılar demiş “cillət vururuq”. Amma heç vaxt, heç kimə oxşamağa cəhd etməmişəm. Əvvəllər cahil vaxtlarımda ola bilsin ki, kimlərəsə bənzəmək istəmişəm.
– Məsələn kimə?
– Fəxrəddin Manafov, Mikayıl Mirzəyə bənzəmək istəmişəm. Lakin Vaqif İbrahimoğlu ilə rastlaşandan, həyatı dərindən dərk etdikdən sonra artıq kiməsə bənzəməyə çalışmamışam. Allah məni bir nəfər yaradıb, məndən daha olmayacaq. Məndən pis və ya yaxşısı olacaq, amma mənim bərabərimdə heç kəs olmayacaq.
– Niyə Kamran.M.Yunis kimi tanınmaq istədiniz?
– Mənim soyadım Əhmədov, atamın adı Aydındır. Hazırda bütün sənədlərdə belə gedir. Amma mənim ustadım Vaqif İbrahimoğlu familiyaların sonundakı “ov”ları, “yev”ləri xoşlamırdı. Elə dayım da bəyənmirdi. Universitetin axırıncı ilində, diplom tamaşamızda Vaqif müəllim bütün tələbələrin familiyalarının sonundakı “ov”, “yev”ləri çıxartdı. Eləcə də mənim. Beləcə oldum Kamran Əhməd. Amma sonra gördüm ki, Kamran Əhməd qulağa yaxşı səslənmir, xoşuma gəlmir. Soyadlar var, məsələn Nizami Gəncəvi, Səməd Vurğun, bunlar ağır, sanballı səslənir. Amma məndə Əhməd soyadındakı “d” hərfi sanki divara dəyib qayıdır. Bunun üstündən 1 ay keçdi. Gəldim atamın yanına, dedim ki, babamın adını özümə soyad götürmək istəyirəm. Kişinin xoşuna gəldi, qımışdı da. Babamın adı Molla Yunisdir. Ona görə də mən də adımı Kamran M.Yunis qoydum.
 
– Bəzi sənətçilər var ki, doğulduqları bölgənin adını özlərinə təxəllüs seçir.
– Yox, mən bunu xoşlamıram. Mən özümü bölgələrə bölmürəm. Ən sevmədiyim şey “Balakən uşaqları”, “Naxçıvan uşaqları” və sairə ifadələrdir. Mənim üçün Azərbaycan, vətən, məni bəxş edən ata-ana, arxamda duran qardaş-bacı mənim üçün önəmlidir.
“Allah hər kəsə bir vedrə nur verəndə, mənə iki vedrə verib”
– Bəziləri iddia edir ki, sizin saçlarınız boyalıdır. Çünki 42 yaşlı Kamran Yunisin saçlarının tamamilə bəyaz olması çoxlarına inandırıcı gəlmir.
– Allah hər kəsə bir vedrə nur verəndə, mənə iki vedrə verib (zarafatla gülümsəyir). Yox, belə deyil, saçlarım boyasızdır.
 
– Bəs neçə yaşınızdan saçlarınız belə ağarmağa başladı?
– 2008-ci ildən ağarması sürətlənməyə başladı. Əslində 26-27 yaşlarımdan artıq ağarmağa doğru gedirdi. Bu məsələdə bir qədər genetika, bir qədər də həyat öz işini görürdü. Genetika ilə həyat birləşib mənə nur verdilər (gülümsəyir). Ümumiyyətlə mən nə istəmişəmsə Tanrım mənə verib. Hələ çox gənc yaşlarımdan arzu edirdim ki, ağ saçlı, ağ saqqallı olum.
 
– Bəzi kişi sənətçiləri ağarmış saçlarını gizlətmək üçün boyadan istifadə edirlər. Siz bu haqda düşünmüsüz?
– Yox, qətiyyən. Bəlkə nə vaxtsa hansısa obraz üçün müvəqqəti boyanmasına razı olaram, amma həyatda yox. Kimsə belə bir söz demişdi ki, mənim ağ saçlarıma dəyməyin, onlar mənim həyatımın mənasıdır. İndi mənim də, ağ saçlarım həyatımın mənasıdır. Bu saçlarda mənim qəmim, kədərim, göz yaşlarım, sevincim, yuxusuz gecələrim, sevgim, məhəbbətim, itirdiyim illərim var. Mən onları necə boyayım?!
– Sevgi məhəbbətdən söz düşmüşkən, bildiyim qədər hələ də subaysız. 42 yaşda subay, tənha…
– Subay demək olarsa, hə, hazırda subayam. İndi təkəm.
– Səbəb nədir, tənhalıq sizi, yoxsa siz tənhalığı seçmisiz?
– Mənim vaxtilə ailəm olub. Sadəcə uzun illərdir ki, tək yaşayıram. Ömürlük təkliyə qərar vermişdim. Amma deyəsən saqqızımı oğurlamaq istəyirlər, belə bir niyyət var (gülümsəyir). Amma hələ dəqiq bilmirəm, bu haqda qəti qərar verməmişəm. Təkliyə o qədər üstünlük vermişdim ki, indi də ömrümün sonun qədər tək yaşamağa hazıram. Bu ömür yolunda xoşlamıram ki, kimsə mənim həyatımı çətinləşdirməyə, harasa döndərməyə, məsləyimdən, əqidəmdən uzaqlaşdırmağa çalışsın. Əgər bütün bunlara mane olmayan birisi olarsa, böyük məmnuniyyətlə həyatımı onunla bölüşərəm.(musavat.com)

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …

Bir cavab yazın