AzNews.az dünyada il ərzində baş verən əsas hadisələri təqdim edir:

ABŞ prezidenti Donald Trampın inaqurasiyası

Donald Trampın 2017-ci ilin yanvarında baş tutan inaqurasiya mərasimi ilin əsas hadisələrindən sayılır. Seçkilərdəki qələbə çoxları üçün gözlənilməz oldu və seçkilər başa çatdıqdan sonra bir neçə ay ölkədə mitinqlər keçirildi.

İlin ilk iki ayında diqqət çəkən hadisələrdən biri Tramp administrasiyasının qaçqınları və müsəlmanları hədəf alan siyasi addımı oldu. ABŞ prezidenti Tramp, əhalisinin çoxu müsəlman olan 6 ölkə ( İran, Suriya, Somali, Sudan, Yəmən və Liviya) vətəndaşlarına yeni viza məhdudiyyəti gətirən qanunu imzaladı.

Bununla yanaşı, Tramp ölkəsini Paris İqlim Müqaviləsindən çəkmək qərarı aldı və sabiq prezident Barak Obamanın Kubayla başlatdığı normallaşma prosesini ləğv etdi.

Fransada prezident seçkiləri

Mayın 7-də “İrəli” hərəkatının lideri, 39 yaşlı Emmanuel Makron Fransa prezidenti seçildi.

“Milli Hərəkat” partiyasından olan Marin Le Peni xeyli qabaqlayan Makron terrorla mübarizə, əmək haqlarının artımı, vergilərin azaldılması və s. vədlər versə də, seçkilərdən sonra nüfuzu xeyli azalıb.

Kataloniyanın İspaniyadan ayrılmaq barədə referendumu

“Brexit”-dən sonra Avropadakı daha bir region müstəqillik sevdasına düşmüşdü.

Kataloniya muxtariyyəti oktyabrın 1-də İspaniyadan ayrılmaq üçün referendum keçirdi və 90% seçici müstəqilliyə “hə” dedi. Madrid referendumu qanunsuz adlandırdı və onun nəticələrini tanımaqdan imtina etdi.

Şimali Koreyanın nüvə sınaqları

Şimali Koreyada 2006-cı ildən bu yana altıncı və ən böyük nüvə sınağı həyata keçirildi.

Şimali Koreyanın nüvə texnologiyaları əldə edərək müasir nüvə silahı hazırlaması və ardıcıl keçirdiyi sınaqlar dünya birliyini qorxuya saldı. 50-120 kiloton trotil ekvivalentində olan bu bombalar Xirosima şəhərinə atılan bombadan 8 dəfə güclü olub. Sınaqlar 5,7-6,4 bal gücündə zəlzələlərə səbəb olmuşdu. ABŞ Konqresi Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların tətbiqinə dair xüsusi qanun qəbul etdi.

Sankt-Peterburq terroru

Aprelin 3-də Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda metroda baş verən güclü partlayış 16 nəfərin ölümü, 87 nəfərin yaralanması ilə nəticələnib.

300 qram trotil ekvivalentində olan partlayıcı qurğunu qırğız mənşəli Özbəkistan vətəndaşı törədib.

Nyu-York terroru

Oktyabrın 31-də Manhettendə 29 yaşlı Özbəkistan vətəndaşı Seyfulla Saipov icarəyə götürdüyü yük maşınını insanların üzərinə sürmüşdü.

İŞİD naminə terror etdiyini deyən Saipov 9 nəfərin ölümünə, 25 nəfərin yaralanmasına səbəb olmuşdu.

Las-Veqasda qətliam

Oktyabrın 1-də Las-Veqasın Mandalay Bay kazinosu önündə 59 nəfərin ölümü, 500 nəfərin yaralanması ilə nəticələnən qətliam törədildi.

Hadisəni psixi problemlərdən əziyyət çəkən 64 yaşlı Stiven Peddok törətmişdi. Hadisədən sonra cinayətkar intihar edərək həyatına son vermişdi.

İranda zəlzələ

Noyabrın 12-də İranda dağıdıcı zəlzələ baş vermişdi. İran-İraq sərhədində 7,6 bal gücündə baş verən zəlzələdə 500-ə qədər insan həlak olmuş, 7 mindən artıq insan isə xəsarət almışdı.

İlin ikinci dağıdıcı zəlzələsi Meksikada baş verdi.

8 və 19 sentyabrda meydana gələn 8.1 və 7.9 böyüklüyündəki zəlzələlərdə 462 nəfər öldü.

ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması

Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsü ABŞ-ın paytaxtı elan edən qərarını ictimaiyyət önündə açıqladı.

Bu hadisə Fələstin və əksər müsəlman ölkələrində kütləvi etirazlara və polislə toqquşmaya səbəb oldu.

BMT Baş Assambleyası 125 əleyhinə, 9 lehinə və 35 ölkə bitərəf olmaqla Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan imtina etdi. İƏT ölkələri 13 dekabrda İstanbulda təşkil olunan fövqəladə zirvədə Şərqi Qüdsü gələcəkdəki müstəqil Fələstinin paytaxtı olaraq tanıyan bəyannamə imzaladı.

Suriyada 6 ilini tamamlayan vətəndaş müharibəsi

Bu il Suriyada vətəndaş müharibəsi, daha doğrusu onun hərbi əməliyyatlar hissəsi başa çatdı.

Rusiya öz qoşunlarını burdan çıxardı, İŞİD məhv edildi.

Beş ildən artıq davam edən Suriya münaqişəsində Rusiya-İran və Türkiyənin strateji yaxınlığı nəticəsində Suriyada atəşkəsin təmin olundu və ölkənin böyük hissəsi terror qruplaşmasından azad edildi.

Türkiyə, Rusiya və İran liderliyində Astanada başlayan görüşmələrin ilk iclasında Suriyadakı atəşkəs pozuntularının üçlü ortaq mexanizm ilə izlənməsi və tətbiqinin təmin edilməsi mövzusunda razılığa gəlindi.

Myanmar ordusunun əməliyyatları

Myanmarda silahlı təşkilatın sərhəd polis bölməsinə hücum etməsinin səbəbini açıqlayan ordunun Arakanda vətəndaşları hədəf alan əməliyyatlarında minlərlə müsəlman qətlə yetirildi.

Myanmarda 25 avqustda polis bölməsinə hücumla başlayan böhranın uçqun kimi böyüməsi ilə Banqladeşə qaçan arakanlı müsəlmanların sayı 27 mindən 603 minə çatdı.

Türkiyə və dünya

Türkiyədə 16 aprel Konstitusiya dəyişikliyi referendumu və bu dəyişiklik çərçivəsində ölkənin növbəti prezident seçkilərindən etibarən prezident üsul-idarəsinə keçməsi də mühüm hadisələrdən biridir.

Hollandiya Türkiyədə həyata keçiriləcək konstitusiya referendumu üçün bu ölkədəki türk vətəndaşlarıyla bir araya gəlmək istəyən xarici işlər naziri Çavuşoğlu ilə Ailə və Sosial Siyasət nazirini ölkəyə buraxmadı. Hollandiyanın Çavuşoğlunun təyyarəsinə eniş icazəsi verməməsi, Kayanın saatlar sonra maşınından məcbur çıxarılıb başqa bir maşına mindirilməsi iki ölkə arasında gərginliyə səbəb oldu.

Bu il Türkiyə-ABŞ münasibətləri xeyli gərginləşdi.

ABŞ-da Zərrab davası, Rusiyadan S-400 sistemlərinin alınması məsələləri bu iki ölkəni qarşı-qarşıya gətirdi. Rusiya ilə Türkiyə xeyli dərəcədə yaxınlaşdı.

Kürd referendumu

İraq Federal Məhkəməsinin konstitusiyaya zidd olduğunu elan etməsinə baxmayaraq, İraq Kürd İdarəçiliyi müstəqillik referendumu keçirdi.

Beynəlxalq ictimaiyyətin tanımadığı referendumdan sonra mərkəzi hökumət qüvvələri əraziyə müdaxilə etdi.

Kərkük kürd silahlı qruplarından geri alındı.

Bununla yanaşı, İraqın ikinci böyük şəhəri Mosul iyun ayının 2014-cü ildən bəri işğal altında olduğu terror təşkilatı İŞİD-dən xilas edildi.

Yəmən böhranı

Yəmənin keçmiş prezidenti Əli Abdulla Saleh husilər tərəfindən öldürüldü.

Artıq bir neçə ildir ki, Yəməndə vətəndaş müharibəsi gedir. Döyüşən tərəflərdən biri husilər (“Ənsar Allah” hərəkatının şiələri) və loyal sabiq prezident Əli Abdulla Salehin ordu hissələri, digər tərəf isə sünni prezident Abd Rabbo Mansur Hadi və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyadır.

Səudiyyə krallığında sülalədaxili mübarizə

Noyabrın 5-də Səudiyyə Ərəbistanında korrupsiya əleyhinə kampaniya çərçivəsində hakim ailəyə mənsub 11 şahzadə, 4 nazir, 38 sabiq və vəzifədə olan məmur, həmçinin onlarla biznesmen olmaqla, 200 nəfərdən çox şəxs saxlanıldı.

Eyni zamanda, Milli Qvardiya və Hərbi Dəniz Donanmasının nüfuzlu rəhbərləri də vəzifələrindən kənarlaşdırılıb. Korrupsiya üzrə təhqiqat çərçivəsində həbs olunanların əksəriyyəti xəzinəyə ümumilikdə 100 milyard dollara yaxın vəsait ödəməyə razılaşıb.

Qətərə qarşı ərəb ölkələrinin embarqosu

Körfəz bölgəsində son illərdə görülən ən böyük diplomatik böhran baş verdi.

Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Misir və Yəmən “terrora dəstək verməkdə” günahlandırdıqları Qətərlə bütün diplomatik əlaqələri kəsdiklərini açıqladı. Ancaq Körfəz böhranının sanksiya ilə məhdudlaşmadığı, Səudiyyə Ərəbistanı və BƏƏ-nin Qətər əmirini devirib yerinə Londondakı qardaş oğlunu gətirmək istədikləri ortaya çıxdı. Qətər əmiri Şeyx Təmim bin Həmad əs-Saninin sarayını mühafizə altına alan Türkiyə qoşunları isə hücumun qarşısını aldı.

Zimbabvedə siyasi böhran

Zimbabve prezidenti Robert Muqabe hərbi müdaxiləylə təxminən 37 il davam edən iqtidarını itirdi.

Kolumbiyada 52 illik müharibə bitdi

BMT himayəsi altında Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) 8 mindən çox silahını yüklədiyi son yük maşının da yola çıxmasıyla müharibə başa çatdı. Əhalisi 48 milyonu keçən Latın Amerika ölkəsi Kolumbiyada yarım əsrdən artıq davam edən vətəndaş müharibəsi, 260 minə yaxın insanın həyatını itirməsinə və 6 milyondan çox əhalinin köç etməsinə səbəb olmuşdu.

Somali tarixinin ən böyük dəhşəti

Oktyabrın 14-də Moqadişo şəhərinin ən izdihamlı küçələrinin birində bomba dolu yük avtomobili partladıldı.

Bu, ölkədə qeydə alınan ən böyük və ən qanlı terror aktı kimi tarixə düşdü. 512 nəfər öldü, 312 nəfər yaralandı, 62 insan isə itkin düşdü.