Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / “Deyir qaçqınlar, gəlib “cip” aldılar…” – İcra başçısı

“Deyir qaçqınlar, gəlib “cip” aldılar…” – İcra başçısı

Mən zəhmətkeş ailədə böyümüşəm. Əllərimin qabarları indi də durur”. 

“ Azinforum.az ” xəbər verir ki, bu sözləri APA-ya müsahibəsində Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov deyib. “Mətbuatda haqqınızda neqativ yazılar yazılır. Heç reaksiya da vermirsiniz…” sualına cavab olaraq icra başçısı deyib: “Bir dəfə yaxın bir yoldaşın övladının nişan mərasimi idi. Maşını onların həyətində saxlayıb yaşadığı mənzilə qalxmışdım.

Bir az keçdi, həyətdə hay-küy qopdu. Dedilər sən maşını saxlamısan, kimsə narazılıq edir. Düşdüm həyətə. Gördüm bir nəfər aqressiv, qanacaqsız davranır. Deyir qaçqınlar, gəlib “cip” aldılar filan. Əlimi çiyninə qoyub dedim ki, ay qardaş, narahat olma maşını götürürəm. Dünyanın sonu deyil ki? Bizim yoldaş ona cavab verdi ki, qaçqın olanda nə olar. Qaçqın malın, heyvanın, pulun, ev-eşiyin orada qoyub gəlib, amma ağlını özü ilə gətirib. Ağlı özündədir. Ağlın olandan sonra, fərasətin olandan sonra Allah da kömək olur. Əgər Allah mənə qismət edirsə, mən niyə nədənsə məhrum olmalıyam?

Məni tanıyanlar tanıyır. Mən Bakıya gələndə məcburi köçkün kimi yaşamamışam. Mən Bakıya gələndə mülk almışam. Bunu hamı bilir, mən bunu kimdən gizlətmişəm ki? Mən təsərrüfatla məşğul olmuşam. Mənim hələ yadıma gəlmir ki, bu 25 ildə mağazadan kənd təsərrüfatı məhsulu alım. Mən yağımı da, balımı da, ətimi də, südümü də, qatığımı da, pendirimi də özüm istehsal etdirirəm. Mən birinci məhsulu ekoloji təmizliyini diqqət verirəm.

Mənim mülkümlə bağlı sorğu aparanda da camaat demişdi ki, Bayram köhnənin Bayramıdır. Mən nə qazanmışamsa zəhmətimlə, ağlımla, halallıqla qazanmışam. Allah ruzimi həmişə yetirib. 1992-ci ilə qədər nə iş görmüşəm, hamıya bəllidir. Mən özümü tərifləyən adam deyiləm. O vaxt Dağlıq Qarabağın Azərbaycan kəndlərinin sakinlərinin gündəlik tələbat malları ilə təmin etmişəm. Mən Şuşa Rayon İstehlak Cəmiyyətinin sədri olanda Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərindən bir nəfər deyə bilməz ki, bizim unumuz, çörəyimiz, siqaretimiz, sabunumuz olmayıb. Elə bir narazı adam tapsanız, mənə göstərin. Yoxdur belə adam.

Mən övladlarıma demişəm ki, fəxrlə istənilən yerdə deyə bilərsiniz ki, 1988-ci ildən başlayaraq 1992-ci ilə kimi münaqişənin başladığı dövrdə bizim atamız Şuşa “Raypo”nun sədri olub. O vaxt gündəlik tələbat malları ilə təmin etdiyim adamlara bunu desəniz, o adamlar sizə ya bir quzu kəsəcək, ya bir beçə. Arxayınam ki, o insanlar hamısı mənə hörmətlə yanaşır. Vertolyotla o insanlara ərzaq aparmışam. Postlar olub, ermənilər olub. Çətin hallar çox olub, güllə altında. Mən Xankəndi dəmir yolundan şuşalılara düşən ərzağı aparmışam ki, erməniyə qismət olmasın. Vaqonu ordan Ağdama aparmışam. Qoymamışam ərzaq ermənilər üçün boşaldılsın. Çox şadam ki, bunları edə bilmişəm. Bu gün də xalqımın qarşısında alnım açıqdır. Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndindən heç kim deyə bilməz ki, Bayram bizə o vaxt hər hansı çətinlik yaşadıb. Məni tanıyan camaatımızın hamısı da bilir ki, nəyə gücüm çatıbsa, imkanım olubsa, çalışmışam ki, insanlara kömək edim. Cənab prezident məni icra başçısı təyin edəndə dedi ki, insanlara xidmət etmək lazımdır. O söz bu gün də qulağımdadır, heç vaxt da unutmaram. Mən xalqımı çox sevirəm, xalqımın yolunda da həmişə var gücümlə çalışıram”.

Həmçinin oxuyun

Vladimir Kazimirov öldü

Tanınmış rusiyalı diplomat, ATƏT-in Minsk qrupunun Rusiyadan olan ilk həmsədri Vladimir Kazimirov 95 yaşında ölüb …

Bir cavab yazın