Azərbaycan ABŞ-İran toqquşmasına qarşıdır…

ABŞ və İran arasında getdikcə gərginləşən münasibətlər yaxın tezliklə Azərbaycanın cənub sərhədlərində qanlı savaşın başlanmasını istsina etmir. Xüsusən də Vaşinqtonun Tehranın neft ixracını bloklamaq səyləri hərbi müstəvidə tərəflərin bir-birinə daha sərt mesajlar ünvanlamasına səbəb olub.

Tehran bildirir ki, Amerikanın ixracı bloklamaq cəhdlərinə başqa ölkələrin neft tankerlərinin Hörmüz boğazından çıxışını bağlamaqla cavab verə bilər. İran prezidenti Həsən Ruhani bildirib ki, Vaşinqton neft məsələsində İranı sıxışdırmaq hədəsini reallaşdırsa, İran da Fars körfəzindəki qonşu ölkələrdən, məsələn, Birləşmiş Ərəb Əmirliklərindən və Küveytdən neft daşımalarını poza bilər: “Amerikalılar deyir ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər. Bu onu göstərir ki, onlar bunun nəticələri barədə düşünməyiblər”.

İran prezidentinin bu bəyanatı dərhal İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandanı Qasım Süleymani tərəfindən alqışlanıb. General-mayor Qasım Süleymani Ruhaniyə ünvanladığı məktubda yazıb: “Mən vaxtında verilmiş belə şərhə görə Sizin əllərinizi öpürəm və İslam respublikasına xidmət edən bütün əmrlərinizi icra etməyə hazıram”. Öz növbəsində Pentaqon İranın hədələrinə cavab olaraq bildirib ki, ABŞ donanması mühüm dəniz yollarının açıq saxlanması üçün bütün imkanlara malikdir. ABŞ Mərkəzi Komandanlığının sözçüsü kapitan Bill Urban isə deyib ki, ABŞ donanması və ABŞ-ın regional müttəfiqləri beynəlxalq qanunların imkan verdiyi bütün məkanlarda naviqasiyanın azadlığını və ticari daşımaların sərbəstliyini təmin etməyə hazırdır. Bununla ABŞ İrana qarşı Hörmüz məsələsində hərbi güc tətbiq etməyə hazır olduğunu, İran da ABŞ-a eyni qaydada cavab verə biləcəiyini bəyan edir. Bu məsələdə İranda yaşayan soydaşlarımızla bağlı olayların daha da aktivləşməsi gözlənir. Qeyd edilənlərlə ilgili Rusiyanın “regnum“ portalı yazır: “ABŞ Dövlət Departamentinin Siyasi Planlaşdırma şöbəsinin direktoru Brayan Huk bildirib ki, Vaşinqton “4 noyabrda təzələnəcək” energetik sanksiyalar vasitəsilə İranın neft gəlirlərini “sıfıradək” azaltmağa hazırlaşır. Bu məlumatı ABŞ maliyyə naziri Stiven Mnuçin də təsdiqləyib. Gördüyümüz kimi, ABŞ Tehranla nüvə sazişindən çıxandan sonra bu ölkəyə basqını müntəzəm şəkildə artırır. Ekspertlər bunun İrana və Yaxın Şərqdəki duruma hansı biçimdə təsir edə biləcəyi haqda müxtəlif izahlar verir, hadisələrin sonrakı inkişafının mümkün ssenarilərini təsvir edirlər. İlk gözə dəyəni dərhal qeyd edək. Amerikalıların İrana qarşı  hərbi əməliyyatları onlar üçün yüngül gəzinti olmayacaq. Bu ölkə uzun zaman ərzində hərbi müdaxilə təhlükəsi altındadır, hazırlanmış müqavimət planı var. ABŞ-da müxtəlif analitik qrupların məruzələri dərc olunub və göstərilir ki, İran ABŞ-ın Hörmüz və Fars körfəzinə çıxışını məhdudlaşdırmaq, bu bölgə ölkələrindən Qərbə enerji resurslarının tədarükünü pozmaq, siyasi, demoqrafik və təriqət gerçəkliklərindən faydalanaraq partizan müharibəsi aparmaq imkanına malikdir.

Pentaqon bildirib ki, Tehranla mübarizədə yeni əməliyyat planı hazırlayıb, amma bunun ayrıntıları hələlik məlum deyil. Buna görə də bu mərhələdə İranla müxtəlif sanksiyalar metoduyla döyüşmək, neft satışından ölkə büdcəsinə mədaxili azaltmaq və daxili-siyasi duruma təsir etmək nəzərdə tutulur. Yada salaq ki, əvvəllər ölkə əhalisinin 85%-i “neft pulları”ndan ödənilən dotasiya ilə yaşayıb. Bunlar yox olanda iğtişaşlar başlanıb. Hər şey indi də təkrarlana bilər. 2018-ci ilin aprelindən İran rialının kursu, demək olar, iki dəfə düşərək bir dollara, təxminən, 90 min riala çatıb. Qərb KİV-i iddia edir ki, məhz devalvasiya kütləvi etirazlara səbəb olub. Vaşinqton gizlətmir ki, islam respublikasında hakimiyyəti dəyişmək qəsdilə daxili narazılıqdan faydalanmaq niyyətindədir.

Geopolitik amil amerikalıların bu qərarında hələlik birinci yerdə deyil, amma ikinci birincidən qaynaqlanır. Daxili sabitsizlik üzrə İranda proses başlayacağı halda bu, Tehranın təkcə birbaşa ABŞ-a deyil, həm də İsrailə və Səudiyyə Ərəbistanı başda olmaqla ərəb koalisiyasına qarşı durduğu Yaxın Şərqdə nüfuz səviyyəsini aşağı sala bilər.

Sabitsizləşmə bumeranqı asanlıqla Cənubi Qafqaza keçə bilər. Söhbət, hər şeydən qabaq, tarixi səbəblər üzündən İran hadisələrinə həssas reaksiya verməyə məcbur olan Azərbaycandan gedir. Bakı və Tehran arasındakı sazişə əsasən, onlar bir-birinin maraqlarına zidd hərəkət etməməlidir. Ancaq Azərbaycanın özü ilə müqayisədə İranda daha çox azərbaycanlının yaşadığı nəzərə alınarsa, ABŞ-ın “Azərbaycan kartı”nı oynamağa şirniklənməsi həmişə olub və qalır. Habelə amerikalıların Tehranın neft gəlirlərini “sıfıradək” azaltmaq qərarı ilə bağlı ciddi problemləri də qeyd edək.

Vaşinqtonun əsas əndişəsi budur ki, İran hökuməti bölgədə öz nüfuzunu artırmaq üçün hərbi və təbii resurslardan faydalanır. İş həm də bundadır ki, Avropa ölkələrinin İranla əməkdaşlığı bağlanır. ABŞ-ın əlavə sanksiyaları Tehranla əməkdaşlıq edən Avropa şirkətlərinə toxuna bilər. Britaniyanın “Financial Times” nəşrinin yazdığına görə, ilk nəticə “bu ölkə ilə ticarətin faktiki dondurulması” olacaq. Amma mühüm bir özəllik var. İranla sazişin imzalandığı 2015-ci ildəki durumdan fərqli olaraq, ABŞ-ın indikdi sanksiyaları birtərəflidir. Çin və Rusiya amerikalıların neft sanksiyalarına qoşulmayacaq, buna görə də onun Tehran üçün nəticələrini öncədən dəqiq söyləmək çətindir. İndiki halda söhbət İranın xarici siyasətində ağla gələn, amma hələ olmayan mümkün müəyyən dəyişikliklərdən gedir, amma Ruhani “ABŞ-ı dizüstə qoymaq”la hədələyib”. Hər halda, baş verənlər region üçün indilikdə müsbət heç nə vəd etmir. Elə bu səbəbdən də Azərbaycan yaranmış problemin dinc müstəvidə həllini tapmasında maraqlı olduğunu bildirir.

Zdrave universal kremi zdrave forte