Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / 25 yaşlı azərbaycanlı Almaniyada onlarla velosiped oğurladı

25 yaşlı azərbaycanlı Almaniyada onlarla velosiped oğurladı

Almaniyanın Güterslo şəhərində velosiped oğurluğunda ittiham olunan azərbaycanlı gənc saxlanılıb.

Virtualaz.org “Neue Westfalische” nəşrinə istinadən xəbər verir ki, polisin gəldiyi ilkin qənaətə görə, gənc və onun əlaltıları ən azı 51 dəfə oğurluq törədiblər. Cinayətkarlar əsasən bahalı velosiped markalarını, o cümlədən mauntinbaykları (dağ velosipedləri) oğurlayıblar ki, sonuncular adi velosipedlərdən daha bahadır.

Oğrular daha çox məktəblərin ətrafında fəaliyyət göstəriblər. Oğurlanmış velosipedləri başqa rəngə boyayıb gizli yollarla satıblar. Müəyyən vaxtdan sonra cinayətkarlar o qədər cəsarətləniblər ki, oğurluq velosipedləri “eBay” internet saytında satışa çıxarmağa başlayıblar. Velosipedlərdən birinin sahibi öz nəqliyyat vasitəsini tanıyıb və bundan sonra polis cinayətkarların izinə düşə bilib.

Tezliklə hüquq-mühafizə orqanları 25 yaşlı azərbaycanlını, onun ailəsini və yaxın ətrafını izləməyə başlayıb. Dəstənin başçısı həbs edilib, çoxsaylı axtarışlar keçirilib və onların nəticəsində xeyli sayda velosiped aşkarlanıb. Mənbəyə görə, 2018-ci ilin iyul ayından dekabra qədər ən azı 51 velosiped oğurlanıb ki, bunların da ümumi dəyəri təxminən 34 min avroya bərabərdir.

Elə zərərçəkmişlər də var ki, onların velosipedləri qısa müddət ərzində iki dəfə oğurlanıb. Almaniya nəşri Anton adlı 13 yaşlı yeniyetmədən yazır və qeyd edir ki, bir ay ərzində onun iki bahalı velosipedi oğurlanıb. Bu hadisələrdən sonra valideynləri ona ucuz və işlənmiş velosiped alıblar ki, oğurluq halı təkrarlanmasın.

Almaniyada velosiped oğurluğu kifayət qədər yayılmış cinayət növüdür. Virtualaz.org 2017-ci ildə Almaniyanın Qall şəhərində velosiped oğurluğu ilə məşğul olan cinayətkar dəstənin zərərsizləşdirilməsi barədə yazmışdı. Həmin dəstənin də başında azərbaycanlı şəxs dururdu. Bu dəstə bir neçə il ərzində yüzlərlə velosiped oğurlaya bilmişdi. Dəstənin 26 üzvü arasında Ermənistanın, Rusiyanın, Qazaxıstanın, İraqın, Almaniyanın, Bosniya və Herseqovinanın və digər ölkələrin vətəndaşları vardı.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …