Ana səhifə / Dünya / Ərdoğan ABŞ hökumətini topa tutdu: “Məqsədi Türkiyəni diz çökdürməkdir, ancaq artıq belə ölkə yoxdur”

Ərdoğan ABŞ hökumətini topa tutdu: “Məqsədi Türkiyəni diz çökdürməkdir, ancaq artıq belə ölkə yoxdur”

 

“Şimali İraqda PKK terror təşkilatına qarşı keçirilən əməliyyatlarda ələ keçirilən silahlar ABŞ və Rusiya silahlarıdır”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan valilər toplantısında çıxışında deyib.
R. T. Ərdoğan bildirib ki, vaxtilə ABŞ prezidenti Corc Buş da Şimali İraqda verilən silahların seriya nömrələrinin götürüldüyünü və sonradan geri alınacağını bildirib: “Ancaq bu silahlar geri alınmadı. ABŞ prezidenti Donald Tramp mənimlə görüşdə Suriyada PYD-yə verilən silahların seriya nömrələrinin götürüldüyünü və geri alınacağını söylədi. Mən də dedim ki, biz İraqda bunun əksini gördük”.
R. T. Ərdoğan Türkiyə ilə əsrlik hesablaşma aparılmağa çalışıldığını vurğulayıb:
“FETÖ terror təşkilatının xain əməlləri də bunun bir hissəsidir. Bəzi Avropa ölkələrinin terrorçulara açıq sahib çıxması, Suriyada terror koridoru yaradılmağa çalışılması da məhz Türkiyəyə qarşıdır, İŞİD terror təşkilatına qarşı deyil. Dünən Məsud Bərzani ilə mübarizə aparan PKK-nın Suriya qolu PYD bu gün Bərzaninin yanında olduğunu bəyan edir. Bu, təsadüfi deyil.
Suriyada qatilləri silahlarla təchiz edənlər bunu demokratiya sevgisi ilə etmirlər. Pulumuzla satın ala bilmədiyimiz silahların Suriyada PYD terrorçularına əvəzsiz verilməsini başqa cür izah etmək olmaz. Bundan sonra ancaq öz silahlarımızdan istifadə edəcəyik. Polisimiz də artıq ABŞ-ın silahlarından istifadə etməməlidir. Mərhələli şəkildə həyata keçirilən bu kirli planın məqsədi Türkiyəni diz çökdürməkdir.
 Hədəf şəxslər, partiya yox, Türkiyədir. Bu dövr Türkiyənin həqiqi dostları ilə düşmənlərini ayırmaq dövrüdür. Bunlar bizi kar və kor sayırlar. Ancaq artıq elə Türkiyə yoxdur”.
Türkiyə prezidenti qeyd edib ki, ABŞ ilə ticarət dövriyyəsi 15-16 milyard dollara düşüb: “Burada da əsas ağırlıq ABŞ-dan aldığımız müdafiə təyinatlı silahlardır. Bizdən ABŞ-a cüzi şeylər satılır. Qalxıb bizə qarşı belə bir davranış ortaya qoyacaqlarsa, buna reaksiya veriləcək. Bəziləri deyirlər ki, tələbələr ABŞ-a gedə bilmir. Burada məsələ vətən, millətdir, qalanları təfərrüatdır. Allah heç kmə qaldıracağı yükü yükləməz . Türkiyə 2 min illik dövlət ənənəsi ilə bu problemlərin öhdəsindən gələ biləcək gücdədir. Bu coğrafiyada kiminsə sayəsində yaşamırıq. 15 iyulda 200-dən çox şəhid verib, 2000-dən çox qazisi olub, demokratiyanı müdafiə edən ikinci ölkə varmı?
 PKK, FETÖ və digər terror təşkilatlarının terrorçularını saxlayacaqsan, sonra konsulluqda FETÖ ilə əlaqəli olan birini müdafiə edəcəksən. Belə şey ola bilməz. Bizim bank müdir müavinini əsassız həbs edəcəksən, bir başqa vətəndaşımı 2 ildir ki, həbs edib, etirafçı kimi istifadə etməyə çalışacaqsan. Yaxud mənim 12 mühafizəçim barədə həbs qərarı çıxaracaqsan. Bu mühafizəçilərdən bəziləri heç orada olmayıb. Mənimlə görüşdə Tramp dedi ki, həmin vaxt orada olanlar ştat polisləri olub. Sizin ölkədə olan Türkiyə prezidentinə PKK terrorçuları hücum etmək istəyirsə, onların qarşısını alan Türkiyənin vətən övladlarını həbs edirsən. Bu, demokratiyadır? Əgər ABŞ-ı Ankaradakı səfir idarə edirsə, yazıqlar olsun. Səfirə “sən mənim strateji müttəfiqimə qarşı belə hərəkət edə bilməzsən” deməli idilər, bunu deyə bilmədilər. Əgər ABŞ hökuməti bunun arxasında durursa, biz də verdiyimiz qərarın sona qədər arxasındayıq”.
R. T. Ərdoğan ikili standartlara baxmayaraq, dövlətlərarası münasibətlərdə kifayət qədər dözümlü olduğunu bəyan edib:
“Bəziləri deyirlər ki, Türkiyə Qərbdən uzaqlaşdı, Orta Şərqə sığınıb. Belələri professor olsa da, ziyanlıdırlar. Atalarımız “ağır qazan gec qaynar” deyib. Biz bu günə qədər müzakirələrin, dialoqun tərəfdarı olduq, PKK, FETÖ terrorçularının ekstradisiyasını istədik. Ancaq imzaladığımız müqavilələrə riayət etmədilər, bürokratik əngəlləri önümüzə bəhanə kimi qoydular. Paytaxtlarının mərkəzini PKK-ya açanlar, Kandil dağında PKK terror təşkilatının rəhbərləri ilə birbaşa əlaqə quranlar bizə demokratiya dərsi keçə bilməzlər.
Dünya artıq Atlantik okeanının bir tərəfindəki bir ovuc ölkənin əlində deyil. Saxlanılanlar barədə proses hüquq çərçivəsində aparılır, çalışdıqları diplomatik missiyalara da xəbər veririk. Metin Topuz adlanan şəxs ayın 4-də saxlanılıb, nə yaxınları, nə də ABŞ diplomatik missiyasından onunla görüşmək istəyən olub. Yalnız dünən bir yaxını onunla görüşmək istəyib. Bu barədə ABŞ-dan verilən bəyanatlar tam əsassızdır. ABŞ-da bir qrup yeni hakimiyyətlə Türkiyənin arasındakı münasibətləri pozmaq istəyir. Problemin səbəbkarı biz deyilik. Diləyimiz bir an öncə ABŞ hakimiyyətinin bu yanlışdan vaz keçməsidir”.
Qeyd edək ki, oktyabrın 8-də ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Mətin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.
Apa

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …