Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “Tikintiyə icazə verənlər məsuliyyət daşımalıdır” – Eldar Əzizov

“Tikintiyə icazə verənlər məsuliyyət daşımalıdır” – Eldar Əzizov

“Hazırda sürüşmə prosesi aktivdir. Ekspertlər sürüşmənin səbəbini araşdırır, amma deyərdim ki, bu ərazidə kanalizasiya sisteminin olmaması əsas səbəblərdən biridir”. 
Bunu Bayılda sürüşmə zonasında jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Eldar Əzizov deyib.
Onun sözlərinə görə, sürüşmə zonasındakı evlər yeni deyil: “Hər halda o vaxt tikintiyə icazə verən şəxslər də məsuliyyət daşımalıdırlar. Onlar gərək götür-qoy edərdilər ki, burada tikinti işləri aparmaq olar, ya yox. Çünki burada həmişə sürüşmə olub, buranın landşaftı belədir”.

E.Əzizov qeyd edib ki, hətta bu ərazidə yaşayış olmayan zaman – XVIII əsrdə də sürüşmələr qeydə alınıb: “İnsanların fəaliyyəti sürüşmə prosesinin sürətlənməsinə təkan verib. Sürüşməni yalnız kanalizasiya sisteminin olmaması ilə bağlamaq olmaz. Ekspertlər araşdırıb, rəy bildirəcəklər. Hər halda bugünkü vəziyyət təhlükəlidir, ekspertlərin rəyi olduqdan sonra dəqiq nəsə deyə bilərik”.

Başçının birinci müavini əlavə edib ki, hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür: “Gördüyünüz kimi, rayon və şəhər icra hakimiyyətlərinin, Nazirlər Kabinetinin və digər müvafiq qurumların nümayəndələri buradadır, postlar qurulub, proses müşahidə edilir”.

Qeyd edək ki, Bakı şəhərinin Səbail rayonunda, Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) sürüşmə baş verib. Sürüşən torpaq qatının eni 250 metrdən, uzunluğu isə 200 metrdən çoxdur. Sürüşmə qatının hündürlüyü 15 metrdən artıqdır.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …