Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Rəsulzadə Hitlerin ölüm düşərgələrində “sünnət əməliyyatı”na necə nail oldu?

Rəsulzadə Hitlerin ölüm düşərgələrində “sünnət əməliyyatı”na necə nail oldu?

“1941-ci il noyabrın 7-də Məhəmməd Əmin Hitler tərəfindən Berlinə dəvət aldı…” 
 
Bu il yaranmasının 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin  banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin XX əsrdə müasir milli dövlətçiliyimizin təməlinin qoyulmasıyla yanaşı, ömrünün sonunadək müstəqilliyimizin bərpası uğrundakı mübarizədə xidmətləri danılmazdır.  Rəsulzadə, həmçinin, xaricdə yaşayaraq Sovet rejiminin təqiblərinə məruz qalan, eləcə də II Cahan savaşı zamanı faşist Almaniyası tərəfindən əsir götürülərək ölüm düşərgələrində saxlanılan hər bir azərbaycanlının taleyi  ilə maraqlanmış, onlar üçün əlindən gələni etməyə çalışmışdır.
Moderator.az əməkdaşının“Milli mason lideri -mərhum Milli Azadlıq Qərargahı sədri Oqtay Eldəgəzlə söhbətlər” silsiləsindən olan növbəti yazısında  Məhəmməd Əminin  faşist Almaniyası liderləri ilə diplomatik danışıqları sayəsində  yüz mindən çox Azərbaycan oğlunun faşistlərin amansız əsir düşərgələrindən azad edilməsinin tarixçəsi ilə tanış ola bilərsiniz.
“1931-ci il aprel ayının sonlarında qardaş Türkiyə rəhbərliyi yeni bolşevik- sovet cildinə girmiş  Rusiya imperiyası tərəfindən işğal edilərək süquta uğradılmış Azərbaycan Xalq Cümhuriyyətinin  bu ölkəyə sığınmış keçmiş liderləri və onların silahdaşları haqda gözlənilməz qərar verdi. 1931-cü il aprelin 21-də Türkiyə ilə Sovetlər Birliyi arasında “Dostluq və Əməkdaşlıq haqqında” müqavilə imzalanmışdı. Stalin tərəfindən müqaviləyə salınmış gizli bəndə görə, Türkiyədə əks-kommunist cəbhəsində fəal və geniş mücadilə aparan müsavatçı mühacirlər məmləkətdən çıxarılmalıydılar. Türkiyə lideri Mustafa Kamal Atatürkün böyük ürək yanğısıyla razılaşdığı bu şərtdən nə dahi müsavatçı öndərimiz Məhəmməd Əmin Rəsulzadə, nə sədaqətli Müsavat amalçısı Mirzəbala Məmmədzadə, nə də digər mübariz silahdaşlar incimədilər. Çünki hamısı anlayırdı ki, Ankaranın ağır iqtisadi-siyasi və uluslararası  durumu baxımından belə bir addım labüdləşib və Atatürk buna məcburdur…
Bu minvalla Almaniyaya köçməli olan Müsavat başqanı “İstiqlal” gündəcinin(qəzet) nəşrinə başladı. Həmin tribuna vasitəsi ilə Rəsulzadə Berlində və dünyanın müxtəlif guşələrində yaşayan azərtürkləri qürbətdən ucalan səsiylə bolşevik qəsbkarlarına, fəhlə-kəndli hakimiyyəti cildinə bürünmüş Stalin diktaturasına  qarşı mübarizəyə çağırdı. Almaniya paytaxtında nəşr olunan “ Qurtuluş” dərgisi(1934) və “Azəri türkü” gündəci (1938) də eyni amallara xidmət edirdi.
1936-cı il sentyabrın 18-də Varşavada Müsavat firqəsinin  qurultayında  qurumun yeni tüzik(proqram) və önətimi(nizamnamə) hazırlandı.  Məhəmməd Əmin Almaniya ilə ilişkiləri bir an belə diqqətdən kənar qoymurdu. İstiqlalçı öndər 1937-1938-ci sənələrdə nəşr olunan “Azərbaycan” və “Odlu yurd” gündəcləri vasitəsi ilə kommunist Rusiyasının  müsavatçı vətənpərvərlərə qarşı qırmızı terrorunu yer üzünə car çəkir,  digər dünya ölkələrini  də bu bəşəri təhlükə əleyhinə birləşməyə dəvət edirdi. Və təbii ki, bütün bunlardan xəbərdar olan Almaniya kəşfiyyatı Rəsulzadə başda olmaqla  müsavatçıların yorulmaz fəaliyyətinə dair bütün bilgiləri faşist rəhbərliyinə çatdırırdı. Sözsüz ki, bu informasiyaların əsas məğzi və mahiyyətindən Hitlerin özü də məlumatlı idi…
SSRİ ilə müharibəyə başlamazdan 3 ay öncə Hitler  Yaxın Şərq, Qafqaz və s. ölkələrlə iş üzrə Şərq Nazirliyi yaratmış, onun rəhbərliyinə baş faşist amalçısı(ideoloq) Rozenberqi qoymuşdu.
1941-ci il noyabrı 7-də axşam mübarizəsini Rumıniyada davam etdirən Məhəmməd Əmin fürer-kansler Adolf Hitler tərəfindən  Berlinə dəvət aldı. Şərq Nazirliyinin bölmə müdiri professor fon Mende Müsavat öndərini nazir Rozenberqlə görüşdürdü. Həmin vaxt artıq SSRİ tərəfində döyüşən əsir alınmış yüz minlərlə zavallılar arasında yəhudilərin “aşağı təbəqəsi”nin mənsubları hesab edilmiş minlərlə azərtürk kişisi güllələnmişdi. Bunun səbəblərindən biri yəhudilər kimi Azərbaycan oğullarının da sünnət olunması idisə, digər səbəb “Allahsızlar ittifaq”ının meydan suladığı imansız bolşevik-kommunist mühitində böyümüş gənclərimizin çoxunun  hər bir müsəlman üçün vacib olan kəlmeyi- şəhadətini bilməməsi idi. Faşist əsirliyində hələ də yüz mindən çox azərbaycanlı müsəlman qalırdı ki, onların da taleyi bu gün-sabah güllələnmə, yaxud  sobalarda yandırılma ilə sonuclanmalıydı.  Ancaq bir çıxış yolu vardı ki, onu da dahi öndərimiz  öncədən bilirdi. Bu, müsəlman, o cümlədən azərtürk  sünnət ayini ilə yəhudi sünnət ayini arasındakı incə fərq idi. Rəsulzadə  faşist Almaniyasının Şərq Nazirliyi başqanına həmin fərqi anladaraq bu günədək almanların səhvən Azərbaycan müsəlmanlarını da yəhudilərin gözünə qataraq güllələməsini onun nəzərinə çatdırdı…
Məsələ burasındadır ki,  sünnət ayini zamanı müsəlman, o cümlədən azərtürk kişilərin  tənasül üzvünün baş dəri örtüyü tamam,  yəhudilərdə isə qismən götürülür.  Rəsulzadə Şərq nazirinə təklif etdi ki, tanınmış bir müsəlman din xadiminin də iştirakıyla  ölüm düşərgələrində saxlanılan Azərbaycan oğullarının seçim əməliyyatı keçirilsin. Rozenberq razılaşdı və bunu fürerin də nəzərinə çatdırdı.  Rozenberqə hədsiz dərəcədə inanıb etibar edən Hitlerin göstərişi ilə müqəddəs Qüdsdəki Beytül-Müqəddəs müftisi Nəsin Əl-Hüseyn  çox gizli şəkildə Almaniyanın başkəndinə- Berlinə gətirildi. Bu minvalla Məhəmməd Əmin məşhur din xadiminin, eləcə də sədaqətli müsavatçı Mirzəbala Məmmədzadə və yüzbaşı(mayor) Fətəlibəy Düdənginskinin də  müşayiəti ilə faşistlərin amansız ölüm düşərgələrindəki əsir balalarımızın yəhudi şübhəlilərdən seçim əməliyyatını keçirdi. İkinci Cahan savaşında rast  gəlinməyən yeganə olay idi ki, qəddarlığıyla bütün planeti lərzəyə gətirən Hitler  Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Müsavat öndəri Məhəmməd Əmin Rəsulzadəyə  komsomolçu və kommunist olmayan soydaşlarımızın ölüm düşərgələrindən azad edilərək  qardaş Türkiyəyə göndərilməsinə yol açmışdı. Kəsəsi, 3 il ərzində yuxarıda göstərdiyimiz sünnət əlamətləriylə yanaşı, həm də bitərəf olan 116 min həmvətənimiz Türkiyəyə yollanılaraq kəndi azadlığına qovuşdu. Əslində bu, əsirlərimizin əksəriyyəti demək idi. Müsavat başqanının Hitler Almaniyasının  3-cü şəxsi Rozenberqlə görüşlərinin  əməli sonucu belə uğurlu keçdi. Ağlasığmaz əməliyyat Məhəmməd Əminin və Türkiyə dövlətinin nüfuzları sayəsində gerçəkləşdi. O illərdə üzərindən quşlar səkə bilməyən  Mauthauzen, Osventsim, Buhenvald, Dahau kimi cəhənnəm düşərgələrinə addımlayaraq oğullarımızı həyata qaytaran öndərimiz Məhəmməd Əmin Rəsulzadəni çağdaş gəncliyimiz bir an belə unutmamalıdır…
(Davamı var)
M.Ə. Rəsulzadənin Hitlerlə üzbəüz görüşü nə vaxt və harada baş tutdu? 
 
Faşist liderin “Sizi güneyli-quzeyli bütöv Azərbaycanın  və tamam Qafqazın baş canişini təyin edəcəm” təklifinə AXC banisi necə cavab verdi? 
 
Hitlerin Məhəmməd Əmin üçün verdiyi ziyafətə hansı Azərbaycan milli xörəyi də daxil edilmişdi?
Moderator.az-ı izləyin!
Moderator.az

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …