Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Qız atası olmaq ayrıcalıqdır” – Sorğu

“Qız atası olmaq ayrıcalıqdır” – Sorğu

11 oktyabr Beynəlxalq qızlar günüdür.

AzNews.az tanınmış qız ataları arasında sorğu keçirib:

Reper Promete:

Əslində elə də böyük fərqi yoxdur, qız ya oğlan. Əsas övlad olsun. Qəribə bir mərhələyə daşıyır qız övlad insanı. Özünü fərqli hiss etməyə başlayırsan. Qızımla bağlı planlarım çoxdur. Azrepdə və xarici reperlərin bir çoxunun qız övladı var. Qızım olanda Elmir (Dəyirman qrupunun üzvü) məni təbrik etdi və dedi ki, “kosmonavtlar klubu”-na gəldin. Belə bir deyim var ki, kosmonavtların oğlan övladları olmur. Yaşlandıqca atalar sözlərinə haqq qazandırıram. Deyirlər “ataya qız qalır”, o zaman necə ola bilər ki, ata qız övladını istəməsin. Məncə, o adamlar məntiq, ağıl və qavramada böyük problemləri olan adamlardır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov:

Bütün qız ata və analarını təbrik edirəm. Övladlarımıza sağlam və xoşbəxt həyat arzu edirəm. Qız atası olmaq bir başqa hissdir. Atanı qızının gələcəyi, təhsili, ələlxüsus da ailə quracağı şəxsin kimliyi və keyfiyyəti düşündürür. Məncə, qız ataları gözəl anlayar məni. Qızı olmayan kəs bəlkə bu qədər həssas ola bilməz. Qızlar həyatda ən çox atalarını sevər. Atalar da həmçinin. Nəfəsi qədər bağlı olarlar biri-birilərinə. Qız hər zaman diqqət və qayğı görməlidir. Hər bir övlada aiddir bu münasibət. Amma bu sarıdan qızın üstünlükləri çoxdur. Bəzən bizdə evdə qardaşları Nərgizə qarşı olan xüsusi münasibətə görə etiraz edirlər. Mən də izah edirəm ki, bu belə olmalıdır. Bir ömür boyu. Qardaşları da eyni sevgi və diqqəti hər zaman bacılarına hiss etdirməlidirlər. Evdə qızın olması kişinin həyat yoldaşına, gələcəkdə gəlinə qarşı daha xoş münasibətinin formalaşmasına müsbət təsir edir. Qızına baxıb addım atırsan çünki. Qızımla bağlı planlarım çoxdur.Təhsilli, ziyalı biri olsun. Seçəcəyi işinin peşəkarı olsun. Sağlam və xoşbəxt olsun. Allah hər zaman istək və arzularının gerçəkləşməsində yardımçısı olsun. Nərgizə yazdığım şeirimdə dediyim ki:

Sən yaşa xoşbəxt ol.
Mən yaşayacam
İllər ötsə belə xatirələrdə
Səssizcə qəlbində lövbər salacam.

Real TV-nin şef redaktoru Amil Hacıyev:

“Ataya oxşayan qız xoşbəxt olur” deyirlər. Bu deyimin altında böyük məna yatır. Qız uşağı ataya daha çox bağlı olur. Qızın varsa, dünyada xoşbəxtliyin 70 faizini əldə etmisən deməkdir. Qızdı deyə aborta məcbur edən ata dünyanın ən şərəfsiz varlığıdı. Mən həmişə demişəm, qızım mütləq oxumalıdı. Oğlan sabah daş daşıyıb pul qazana bilər. Amma qız mütləq təhsil almalıdı. Qızıma ata yox, dost olmaq istəyirəm. Çalışacağam ki, onun hər addımının arxasında olum. Səhv də olsa, düz də olsa. Bir sözlə qızın varsa, bu dünya üçün ən azı 1 faydalı iş görmüsən deməli.

AzNews.az-ın redaktoru Əvəz Qurbanlı:

Həyata düzgün baxışlarla baxa bilən istənilən şəxs üçün övladın oğlan və ya qız olmasının heç bir fərqi yoxdur. Əsas odur ki, necə deyərlər, xeyirli övlad olsun.

Qız övladlarına vəhşicəsinə münasibətin tarixi çox qədim dövrlərə gedib çıxır. Bizə məlum olan, İslamdan əvvəlki ərəb dünyasında (cahiliyyə dövrü) qız uşaqlarını diri-diri dəfn edirdilər. İslam dini gələndən sonra bu mənfi ənənələrə son qoydu. İmam Sadiqdən (ə) belə bir hədis var: “Oğlanlar nemətdir, qızlar rəhmətdir”.

Türk xalqlarının milli dünyagörüşündə isə xanımlara həmişə yüksək dəyər verilib. Həyat yoldaşının “xanım”, “xatun”, “bəyim” adlandırılması buna əyani dəlildir. Kitabi Dədə Qorqudda məşhur bir ifadə var: “Oğlu olanı ağ çadıra, qızı olanı qızıl çadıra yerləşdirin”.

Bizdə həmişə qız – qızıla bərabər tutulub. Bununla bağlı kifayət qədər deyimlər, atalar sözləri var. “Qız qalar qızıla dönər”, “Qız qızıl alma, qızı gözdən salma” və s.

Həyat təcrübəsi göstərir ki, qızlar valideynə oğuldan daha çox bağlı olur. Əbəs yerə deməyiblər: “Oğul evlənincə, qız ölüncə səninlədir”.

Mən bir valideyn kimi, şəxsən övladlarım arasında fərq qoya bilmirəm. Lakin bəzən qəlbdə qızın yerinin oğlandan daha dərin olduğunu düşünürəm. Çünki qızlar gələcəyin anasıdır. Analar isə bəşəriyyətin varlığının əsas təminatçısıdır.

Qızımla bağlı planlara gəldikdə, ən əvvəl, bacardığım qədər onun yüksək təhsil almasını təmin etməyə çalışıram. Bundan sonra milli-əxlaqi dəyərlər çərçivəsində tərbiyə almasına diqqət edirəm. Nə qədər ki uşaqdır, dünyanı lazımınca dərk etmir – onun həm valideyni, həm də müəllimiyəm. Sərbəst düşünə bilən yaşa çatandan sonra isə onun həm valideyni, həm də dostu olacağımı düşünürəm.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Hacıağa Əliyev:

Həmişə istəmişəm ki, qızım olsun, onunla oynayaq, yemək bişirək, parka gedək, dənizə baxaq, kitab oxuyaq, musiqi dinləyək, rəsm çəkək, həmrəng geyinək, ağacları qoruyaq, xoşbəxt olaq, insanları sevək, fəlsəfədən danışaq, dünyanı qurtaraq. İxtisasını özü seçsin, məcbur ərə verməyim, hüquqlarını və vəzifələrini bilsin, istədiyi kimi yaşasın. Ümid edirəm ki, sadaladıqlarımı onunla yaşayacam.

Faktor.az saytının baş redaktoru Əziz Əzizbəyli:
Qız atası olmamısansa, o zaman atalıq hissinin nə olduğunu anlamış deyilsən. Bu mənim konkret çıxartdığım nəticədir. Çünki qız atası olmaq heç bir hisslə müqayisə edilə bilməz, özüm həmişə sərbəst, rahat, necə deyərlər ayağımı yorğanımdan da bayıra uzadan olmuşam, amma bu gün həmin oyunu başıma mənim qızım açır. Evə gedirəm, üzümdən öpür, yaxamdan tutub sallanır, evdən bayıra çıxanda, görüşə gedəndə buraxmır, arxamca da ağlayır. Yayda rayona yola salırdım, avtovağzalda maşın tərpənməmiş yanında oturdum ki, doya-doya baxım, oynayım. Avtobus tərpənəndə ikiəlli yaxamdan tutdu, gözümdə dünya dəyişdi, hər şeyi buraxıb onunla düz kəndə kimi getmişəm, hər dəfə yarıyuxulu gözünü açırdı ki, görsün, yanındayam, yoxsa deyiləm. Qız uşağı, mənim yaxud başqasının uşağıdır düşüncəsindən də çox uzağam. Amma bildiyim bir nüans var: Bizim cəmiyyətin qurtuluşu məhz qız uşaqlarına bağlıdır. Onların mükəmməl təhsili, dünyagörüşünün tam olması, bir ailənin xilası, o isə bir cəmiyyətin, bir dövlətin yüksəlişi deməkdir. Arzum bundan ötədir, qızım əla təhsil almalıdır, bütün qızlar cəmiyyətin vacib sütunu olaraq savadsızlığın, geriliyin, cəmiyyətdəki deqredasiyanın öhdəsindən gələ bilərlər, elmi, sənəti, ölkənin inkişafının işığı ola bilərlər. Bunlar yoxdursa, bizim gələcəyimiz qaranlıq və cəhalətə doğrudur.

Minval.info saytının baş redaktoru Məhəmməd Türkmən:
Qız atası olmaq ayrıcalıqdır. Bilirsən ki, səni həyat yoldaşından belə çox istəyən bir xanım var evdə. Mənim üçün övladın qız və ya oğlan olması önəmli deyil. Əsas odur ki, məndən bir parçadır. Nur hər addımını atanda, dəcəllik edəndə həyat enerjim artır. Səhərlər yuxulu, yorğun oluram. Nur gəlir, başıma fırlanır, 5-10 dəqiqə oynayırıq, tam enerjimi verir, işə gedirəm. Qızımla hər yaşı üçün planım var. Məsələn, onu “Qalatasaray” azarkeşi olmağa razı sala bilsəm, özümün ən böyük arzumu onunla bölüşəcəyəm. “Qalatasaray”ın matçına birlikdə gedəcəyik. Xaricdə təhsil alması üçün hazırda yavaş-yavaş pul yığıram. Ən azı 3-4 dil bilgisi olsun, qızım öz ayağı üstündə dayanmağı bacarsın. Qız uşaqlarını abort etdirən “ata”lar da var, bəli. Əvvəldə də dediyim kimi, qız atası olmaq ayrıcalıqdır. Hər canlı varlıq buna layiq ola bilməz.

Korner.az saytının təsisçisi Saleh Arslan:
Qız atası olmaq Allahın ən böyük lütfüdür. Hər atanın, ən azı, bir qız övladının olmasını çox istərdim. Qızımla bağlı planlarım çoxdur. Ömür vəfa etsə, bir-bir gerçəkləşdirəcəyik. Ən böyük istəyim isə onun ailəsinə, soy-kökünə, Vətəninə layiqli övlad olmasıdır.

Jurnalist Elvin Bayramlı:
Anam mənim 22 yaşım olanda dünyasını dəyişib və qızıma da anamın adını qoymuşam. Adı Gülnazdır. Bəzən məndən soruşur ki, Gülnaz nənə hardadır? Deyirəm göylərdədir, bizə baxır. Qız övlad ananı əvəz etmir, amma ana kimidir. Məncə, hər atanın mütləq bir qız övladı olmalıdır. Çünki qız qədər atanı başa düşə biləcək ikinci adam yoxdur. Gülnazın məni öpməyi, “mən səni sevirəm” deməyi çox gözəl hissdir. Həmin hissləri ifadə edə bilmirəm. Əvvəllər istəyirdim ekiz qızım olsun, indi bir qızım var. Məncə, hər evdə bir qız övladı olmaldır. Qız olmayan evdə nəsə çatışmır. Qız uşağı olduğu üçün uşağı tələf etdirmək dünyanın ən böyük faciəsidir, cinayətidir, biyabırçılıqdır.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …