Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Qarabağın Azərbaycanlı icması işğal olunmuş ərazilərdə film çəkənlərə etiraz etdi

Qarabağın Azərbaycanlı icması işğal olunmuş ərazilərdə film çəkənlərə etiraz etdi

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev işğal olunmuş ərazilərimizdə çəkilən “Gate to Heaven” adlı filmin prodüserlərinə etiraz məktubu göndərib.

Kestutis Drazdauskasa və Anqelika Şulerə ünvanlanmış məktubda deyilir: “Mən Sizə Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “Cənnətə aparan yol” filminin çəkilişində iştirak etdiyinizə görə yazıram.

Bu filmi “Cəhənnəmə aparan yol” kimi adlandırmaq daha doğru olardı, çünki çəkilişin aparıldığı ərazilər güc tətbiqi nəticəsində işğal edilmiş və tarixən orada yaşayan yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından məcburi qovulmuşdur.

Siz, yəqin ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın ərazilərinin, Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonun işğal edilməsindən xəbərdarsınız. Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlı əhalinin etnik təmizləməsini həyata keçirməsi nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Hazırda Dağlıq Qarabağın azərbaycanlı icmasının 80 mindən çox üzvü 30 ildən çox müddət ərzində Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşamağa məcbur olmuşdur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı adlanan kiçik bir şəhərin azərbaycanlı əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən qanlı faciəni, oxşarı olmayan qırğını xatırlatmaq kifayətdir ki, bir gecə ərzində – 1992-ci il fevralın 26-da 613 nəfər xüsusi qəddarlıqla öldürülmüş, onlaradan 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlılar idi. Bu faciə Xocalı soyqırımı kimi tanınmış və bu soyqırım barədə ətraflı məlumatları müxtəlif veb-səhifələrdən, o cümlədən http://www.karabakh.az/ səhifəsindən əldə etmək olar”.

Məktubda xatırladılıb ki, BMT Təhlükəsizlik Şurasının (1993-cü il) qətnamələri Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır və erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən təcili və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu tələb ATƏT, NATO, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələri və qərarlarında təsdiqlənib: “Biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması, işğal olunmuş torpaqlarımızda film çəkilməsi təşəbbüsü ilə bağlı dərin təəssüf hissi keçirir, bu addımın artıq erməni hərbi işğalı nəticəsində dağıdılan bölgədə separatizmi və irredentizmi dəstəkləyəcəyini düşünürük. Utandırıcı haldır ki, sizin iştirak etdiyiniz layihə Ermənistanın hərbi təcavüzü nəticəsində məcburən öz torpaqlarından qovulmuş minlərlə azərbaycanlının əsas insan hüquqlarının (öz vətənlərində yaşamaq hüququ, mülkiyyət hüququ və s.) kobud şəkildə pozulmasına məhəl qoymur. Əslində, qeyd olunan filmin çəkilişində iştirak etməklə siz Azərbaycan ərazilərinin işğalının möhkəmlənməsinə şüursuz şəkildə kömək etmiş olursunuz.

Biz münaqişənin tezliklə sülh yolu ilə həll olunması və Azərbaycanlı icmasının Dağlıq Qarabağ bölgəsinə ən qısa zamanda qayıdışına inanaraq sizi və bu təşəbbüsə qoşulan bütün şəxsləri Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı, separatizmin dəstəklənməsi və təşviq edilməsini dayandırmağa çağırırıq. Əksinə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni və azərbaycanlı icmalarının tarixən birgəyaşayışına dair filmlərin çəkilməsi ideyası regionda sülh, sabitlik, tərəqqi və davamlı inkişafa töhfə verə bilər.

Biz Dağlıq Qarabağ ərazisində hal-hazırda yaşayan insanların bu ərazilərdə baş vermiş ədalətsizliyi və qan töküldüyünü bildiyini və bəzilərinin buna şahid olmalarına rəğmən necə normal yaşadıqlarını həmişə sorğu edirik.

Sizi sülhü, ədaləti və inkişafı dəstəkləməyə və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının əməkdaşlığı istiqamətində fəaliyyət aparmağa dəvət edirik”.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …