Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Qanla yazılan tarix və ya qana bulaşan torpağın müqəddəsliyi – Elmar HÜSEYNOV

Qanla yazılan tarix və ya qana bulaşan torpağın müqəddəsliyi – Elmar HÜSEYNOV

 

2-5 aprel tarixlərində cəbhədə baş verən hadisələr cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Hərə öz ağlına görə hadisələrə şərh verməyə çalışdı.

Maraqlıdır ki, baş verən hadisələrlə bağlı sosial şəbəkə istifadəçiləri bir neçə fikir ətrafında cəm olub. Onları bu şəkildə qruplaşdırmaq olar:

1. Əsl vətənpərvərlər – Hadisələrdən razıdırlar. Şəhidlərimizin çoxluğu onları narahat edir. Bu hadisənin qələbənin ilkin addımı olduğunu bildirirlər.

2. Vətənşüvənlər – bu qrupa daxil olanlar car çəkir ki, müharibə dayanmamalı idi, davam etməli idi. Nə qədər şəhid versək də Qarabağı azad etməli idik.

3. Saxta sülhpərvərlər – bu qrupa daxil olanlar isə özlərini sülh carçısı göstərməyə çalışaraq, insan ölümünü pisləyir. Belələri üçün vətən, namus boş şeydir sanki… Ermənilərin Xocalıda və Qarabağda törətdikləri vəhşilikləri unudan bu tiplərin yaxın qohumlarının başına elə bir oyun açılsaydı, görəsən münasibətləri necə olacaqdı?

4. Psevdo Azərbaycansevərlər – bu tip şəxslər də guya özlərini vətənpərvər göstərməklə, düşmən dəyirmanına su tökməyə çalışırlar. Onların əsas hədəfi hakimiyyətin tənqidinə tuşlanıb. Cəbhədə şəhid olanların çoxluğunu önə çəkərək, 2-3 təpə üçün bu qədər qurban verməyin əleyhinə çıxırlar.

Bütün bu fikirlərdən sonra, istər sosial şəbəkədə, istər hər hansı saytda, qəzetdə nəsə yazmaq artıq görünür. Amma sanki ortada unudulan bir tarix var.

Düz 24 il öncə də cəbhədə eyni hadisələr baş verirdi və o dövrdə də fikirlər yuxarıdakı şəkildə qruplaşırdı. Ortaq məxrəcə gəlməksə çox çətin məsələ olduğu üçün torpaqlarımızın itkisi ilə barışmağa məhkum olmuşduq. Aradan 24 il keçsə də fikirlər dəyişmədi və yenə də öz aktuallığını qoruyub saxladı. Amma bu dəfə fərqli şəkildə.

Bəs fərq nədə idi? Əsas fərq hadisələrin bir mərkəzdən idarə olunması, informasiyanın düzgün yönəldilməsi və az müddətdə cəbhədə qazanılan böyük uğur idi. 3 gün ərzində əsgərimizin sürətlə irəliləməsi ermənilərin canına vəlvələ saldı. Bütün dünyanın diqqətinin Qarabağ hadisələrinə yönəlməsi hökumətin düzgün zaman seçimini təsdiq etdi. Cəbhədə hər iki tərəfdə itkilərin olması və Rusiyanın təcili olaraq cəbhədə baş verənlərlə bağlı hər iki ölkə rəhbərliyi ilə görüşüb atəşkəsə nail olmaq üçün dəridən-qabıqdan çıxması, işğalçı Ermənistan hökumətinin nə qədər qorxuya düşdüyünü bir daha göstərdi.

Maraqlı məqamlardan biri bəzi ağzıgöyçəklərin “2-3 kiçik təpə üçün bu qədər şəhid verməyə dəyərmi?” sualının cavabıdır. Kiçik təpə adlanan yüksəkliklərdən əsası Lələtəpədir. İşğaldan azad edilən bu yüksəklik az qala Füzuli və Cəbrayıl rayonlarının yarısına nəzarət etməyə imkan verir. 90-cı illərdə ermənilər bu təpəni işğal edərkən 100-dən çox şəhid versək də, bu yüksəkliyi qoruyub saxlaya bilməmişdik.

Amma bu dəfə ordumuz məqsədinə çatdı. Araz çayı boyunca ən strateji yüksəklik artıq bizim ordumuzdadır.

Bütün bunlarla yanaşı tarixə yenidən baş vurmaq istərdik. Ermənilər torpaqlarımızı işğal edərkən, torpaqlarımızın qorunması uğrunda canından, qanından keçən hərbçilərimiz, əsgərlərimiz oldu. İndi həmin yüksəklikləri qanla da aldıq. Həm 24 il öncəki qanı qanla yuduq, həm də igidlərimizin qanı yerdə qalmadı.

Bütün bunlardan sonra gəldiyimiz nəticə budur ki, artıq vaxt, məqam yetişib. Gec-tez ermənilər öz iddiasından geri çəkiləcək. Şanlı ordumuz qanla olsa da torpaqlarımızı azad edəcək. Vətənimizin azadlığı uğrunda canından keçib Şəhidlik zirvəsinə ucalanlara Allahdan rəhmət, xalqımıza isə bu qürurlu yolda səbr diləyirik!

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın