Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Pul qazanmağa Azərbaycan, ev almağa Avropa(?)

Pul qazanmağa Azərbaycan, ev almağa Avropa(?)

Avropada daşınmaz əmlak alan soydaşlarımızın sayı artmağa başladı

Avronun dollara nisbətdə məzənnəsinin müəyyən qədər zəifləməsi fonunda Avropada daşınmaz əmlak alışı daha cəlbedici olub. Bu xüsusda son dövrlərdə Almaniyada mənzil və digər daşınmaz əmlak alan əcnəbilərin sayında artım müşahidə olunmaqdadır. Onların sırasında isə, az sayda olsa da, azərbaycanlılar da yer alır. Belə bir vaxtda, “Engel & Völkers” daşınmaz əmlak agentliyinin qiymətləndirməsinə əsasən, Berlin şəhərində elit səviyyəli daşınmaz əmlak alanlar arasında xaricilərin xüsusi çəkisi 20 faiz artıb.
Berlində yerləşən lüks klass daşınmaz əmlakın populyarlığı digər Avropa paytaxtlarına nisbətən daha münasib qiymətədir. Belə ki, digər Avropa paytaxtlarında qiymətlər təqribən 30 faiz yüksəkdir. Ötən ildən isə bu faktorun üzərinə avronun ABŞ dollarına və Britaniya funtuna nisbətən zəifləməsi də əlavə olunub ki, bu da xarici biznesmenlərin marağını daha da artırıb. Almaniyanın paytaxtında elit mənzilə olan tələb təklifi əhəmiyyətli dərəcədə üstələyir. Əksər yeni tikililər tikinti başa çatmadan öncə satılır. Bundan əlavə Berlində, xüsusilə onun şərq hissəsində yerləşən elit səviyyəli mənzillər çox nadir hallarda Paris və Londonda eyni seqmentə aid edilir. Berlinin lüks səviyyəli mənzil alıcıları arasında ən çox populyarlıq qazanan rayonları sırasında Mitte, Charlottenburg və xüsusilə də Kurfürstendammı qeyd etmək olar. 2000-ci illərin ortalarında elit mənzil alıcıları bazarında üstünlük avropalılar, əsasən də britaniyalılar tərəfində idisə, hazırda vəziyyət dəyişməyə başlayıb. Bu gün Səudiyyə Ərəbistanından, Küveytdən, İsraildən daha çox sərmayə gəlməyə başlayıb, amma bazarda hökmranlıq rus və çin sərmayəçilərinin əlindədir. Digər MDB ölkələrindən, o cümlədən Azərbaycandan da alıcılar var. Lakin onların sayı, hələ ki, çox deyil. Buna rəğmən, bu ölkələrdən olan alıcıların da sayında artım olacağı istisna edilmir.
Qərb mediasında yayılan məlumatlardan bu günlərdə o da məlum olub ki, Azərbaycandan olan investorlar Almaniyanın kurort şəhəri Bad-Bevensendə müflis olmuş otelləri və daşınmaz əmlak bazarında yaşanan böhran ucbatından sürətlə ucuzlaşan digər kommersiya təyinatlı tikililəri alır. Qeyd edək ki, Bad-Bevensen Almaniyanın Aşağı Saksoniya əyalətində kiçik kurort şəhəridir. Şəhərin füsunkar mənzərəsi, termal suları, müalicə sanatoriyaları, yaxşı infrastrukturu və meyvə bağları göz oxşayır. Buna baxmayaraq, Bad-Bevensen otelçiləri hazırda çətin günlərini yaşayır. Onlar qonaq qıtlığı çəkir və bir çox otellər qiymətləri kəskin aşağı salsa da müştəri yoxdur. Bu səbəbdən otelçilərin bir qismi müflis olub və əmlaklarını satışa çıxarıb. Digər ölkələrdən, o cümlədən Azərbaycandan olan investorlar üçün isə bu əsl fürsətdir. Onlar bir-birinin ardınca problemlə üzləşmiş daşınmaz əmlak sahiblərinin ucuz satış təkliflərindən yararlanır. Bura otellər, ticarət mərkəzləri, restoranlar daxildir.
Onu da bildirək ki, 2009-cu ildən başlayan və təsirləri hələ də davam edən qlobal iqtisadi böhran nəticəsində Avropanın bəzi ölkələrində əmlakın qiyməti aşağı düşüb. Amma bəzi ölkələr üçün bu keçərli deyil. Məsələn, Britaniya paytaxtı Londonda böyük tələb olduğundan, evlərin qiyməti getdikcə artır. Eləcə də Britaniyanın digər şəhərlərində mənzillərin qiymətləri qlobal iqtisadi böhranın təsirlərinə məruz qalmayıb.

Əksinə, Londonun elit məhəllələrində daşınmaz əmlakın qiyməti London ətrafındakı mənzillərin qiymətinə nisbətən bir neçə dəfə artıb. Analitiklər bildirir ki, Londonun daşınmaz əmlak bazarında qiymətləri xaricilərin öz pullarını Britaniya paytaxtında mənzil və malikanələr almağa yatırması süni şəkildə artırıb. Nəticədə Avropanın qalan yerlərində qiymətlərin ucuzlaşma tendensiyası davam etsə də, Londonda qiymətlər artır. Londonda daşınmaz əmlak alanlar arasında ərəb ölkələrinin və Asiya qitəsinin sakinləri liderlik edir. Elcə də Londondan mənzil alanların sırasında misirlilər və türklər, daha sonra ruslar, qazaxlar və ukraynalılar, həmçinin azərbaycanlıların da payı var. Lakin alınan mənzillərin çoxundan yaşamaq üçün istifadə olunmur. Londonun bir çox ən bahalı və dəbdəbəli küçələrində hər 4 evin yalnız birində yaşayış var. Londonun dəbdəbəli evlər olan rayonlarının yerli hakimiyyətləri isə bu tendensiyanın qarşısını almağa çalışır.
Onlar “mülk al, çıx get” sxeminin dəyişdirilməsinin vacib olduğunu bildirir. Çıxış yollarından biri kimi isə boş saxlanan ev və mənzillərə görə vergi yükünün artırılması göstərilir. Belə mülklərin sahiblərinə qarşı hətta məhkəmə iddialarının qaldırılması variantı ətrafında da müzakirələr gedir. Bu fonda Kensinqton və Çelsi rayonlarının yerli hakimiyyət orqanları yeni mülklərin tikintisi, köhnə tikililərin bərpası və yenidənqurulması qaydalarına dəyişiklik etməyə hazırlaşır.
Nahid SALAYEV

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın