Ana səhifə / Cəmiyyət / Naxçıvan Qarnizonunun şəxsi heyəti Dövlət Bayrağı Gününü qeyd edib – FOTO

Naxçıvan Qarnizonunun şəxsi heyəti Dövlət Bayrağı Gününü qeyd edib – FOTO

Xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Bu gün Azərbaycan bayrağı işğaldan azad edilmiş Lələtəpədə, Günnütdə vüqarla dalğalanır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayrağımız qürurumuzdur” mövzusunda keçirilən tədbirdə səsləndirilib.

Naxçıvan Qarnizonunun şəxsi heyətinin iştirak etdiyi tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Naib Cəfərov Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi kimi qəbul edilən bayrağımızın 72 ildən sonra ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvanda ümummilli lider Heydər Əliyev tərəfindən yüksəklərə qaldırıldığını qeyd edib. Vurğulayıb ki, həmin dövrdə dahi lider Heydər Əliyev xalqımızın azadlıq mübarizəsini daha da alovlandırdı və 1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikası öz müstəqilliyini elan etdi. Bu gün üçrəngli, ayulduzlu bayrağımız Azərbaycan səmasında əbədi olaraq qürurla dalğalanır.

Sonra Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov və Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Zaur Həmidov çıxış edərək bildiriblər ki, bayraq Vətənə sədaqətin simvoludur. Çünki ata-babalarımız döyüşlərə atılan zaman başları üzərində Vətən bayrağı olub. Məhz bunun nəticəsidir ki, min illərdir bayraq xalqımız üçün qürur mənbəyidir.

Çıxışların ardından videoçarx nümayiş olunub, Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupunun üzvləri konsert proqramı ilə əsgərlər qarşısında çıxış ediblər.

Sonda tədbirdə fəal iştirak etdiklərinə görə “İnam” musiqi qrupunun üzvləri, şagird və kursantlar Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərmanla təltif ediliblər.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …