Azərbaycanda reket jurnalistlər olduğu kimi, reket mollalar da var. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilin yekunlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, çox vaxt mətbuatda hansısa özünü molla kimi təqdim edənin davasını din xadimlərinin davası kimi təqdim edirlər: “Bu yanlışdır. Araşdırsanız, görərsiniz ki, məzarlıqda dalaşanların mollalıq etməyə icazəsi də yoxdur. Özünü molla kimi təqdim edir. Bunlar reket mollalardır. Necə ki, mətbuatı reket jurnalistlər gözdən salır, həqiqi din xadimlərini də reket mollalar hörmətdən salır”.
M.Qurbanlı qeyd edib ki, dünyada baş verən münaqişələrin əksəriyyətinin müsəlman ölkələrində olması Azərbaycanı da narahat edir: “Biz də bir müsəlman dövləti olaraq müsəlman dünyasında baş verənlərdən narahat oluruq və buna qarşı mübarizə aparmalıyıq. Dini radikalizmə qarşı mübarizəni yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi deyil, bütün qurumlar aparmalıdır”.
Onun sözlərinə görə, bir sıra ölkələr Azərbaycanda məzhəblərarası münasibətlərin tənzimlənməsi təcrübəsini öyrənmək istəyir.
O bildirib ki, artıq bir neçə müsəlman ölkəsindən bu məsələ ilə bağlı Dövlət Komitəsinə müraciətlər daxil olub: “Gələn ildən bizim təcrübələrdən yararlanmaq istəyən ölkələr Azərbaycanın məzhəblərarası siyasətlə bağlı həyata keçirdiyi siyasətlə daha yaxından tanış olmaq üçün ölkəmizə səfərlər edəcəklər”.
M.Qurbanlı dini radikalizmə qarşı aparılan mübarizədə Azərbaycan mediasının tutduğu dəqiq mövqeyi təqdir etdiyini deyib.
Komitə rəhbərinin dediyi reket mollaları əsl mollalardan necə ayırmaq olar?
Şərqşünas Seyid Camal Əzimbəyli qəzetimizə açıqlamasında bildirdi ki, Mübariz Qurbanlı çox doğru olaraq bu məsələni vurğulayıb:
“Doğrudan da cəmiyyətimizdə belə problem mövcuddur. Azərbaycanın dini mühitinə soxulmuş və dinlə heç bir əlaqəsi olmayan çoxlu sayda adam var. Araşdırıldıqda məlum olur ki, onların heç ruhanilər idarəsinə də aidiyyəti yoxdur. Təqaüdə çıxan bəzi adamlar əlavə qazanc əldə etmək məqsədilə başına bir fəs qoyub, Azərbaycan dilində bir neçə ayənin tələffüzünü öyrənir və sonra başlayır məclis aparmağa. Mən bölgələrdə çox acınacaqlı hallarla rastlaşıram. Məclisdə molla görmüşəm ki, ona camaatdan fərqli yemək bişirilmədiyi üçün küsüb məclisi tərk edib. Belə əməlin yiyəsi olan adamların islama heç bir aidiyyəti yoxdur. Bununla bağlı maarifləndirmə aparılır, amma bu kifayət etmir. Dini belə parazitlərdən xilas etmək üçün mütləq inzibati metodlardan istifadə olunmalıdır”.
Məhəmmədəli QƏRİBLİ