Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Kişi “qeyrət”i, qadın “namus”u KİV-lərin qırmızı manşetlərini bəzəyən cəmiyyət…

Kişi “qeyrət”i, qadın “namus”u KİV-lərin qırmızı manşetlərini bəzəyən cəmiyyət…

Xəyanət, boşanma, qətl, həyadan və cəmiyyətin əxlaq normalarından uzaq davranışların, bu kimi başqa yaramazlıqların qabardılaraq ictimailəşdirilməsi, ailəiçi adi məişət problemlərin demək olar ki, ailə daxilində deyil, efirlərdə və sosial şəbəkələrdə eninə-boyuna müzakirə edilməsi günümüzün reallığına, aktual probleminə çevrilib. Qadının saçını qırxaraq “qeyrət” nümayiş etdirən, bıçaqlayaraq “namus” adı verən, atasının evinə yollayaraq “kişilik” edən, ərinin xəyanətini bəhanə gətirib, öz xəyanətinə bəraət qazandıran cəmiyyət üzvlərimiz KİV-lərin qırmızı başlıqlı manşetlərindən düşmürlər. Əməlləri ilə “populyarlıq” qazanıb, onlar kimi davranmayanların da ağlını qazan “kişi qırıqları”na, xəyanətə xəyanətlə cavab verən “xanım”lara münasibət birmənalı olmasa da, sosial şəbəkələrdəki şərhlərdən onlara bəraət verib, haqq qazandıranların çoxalmasının şahidi oluruq. Hər dəfə yeni videosu çıxan, gah qaynananın, gah ərinin yeni açıqlaması, gah gəlinin şiddət görüntüləri sosial şəbəklərdə geniş müzakirələrə səbəb olur. Sanki seriallarda olduğu kimi yeni süjet xəttini izləyərək kulminasiyanı uzatmağa çalışırıq. Bununla da guya cəmiyyətimizə örnək olan nəticə göstərmək istəyirik. Əslində necədir? Cəmiyyətimizdə baş verənlərin müzakirəsi normal hal sayıla bilər. Ancaq evdə, ekran arxasında, sosial şəbəkələrdə qaçılmaz olan görüntülər nəticəni deyil, hadisənin dedi-qodusunu yayır. Belə yanaşma isə kömək etməkdən, çıxış yolu göstərməkdən çox, tamamilə əks effekt verir. Ailədaxili problemlər ailə daxilində çözülsə daha yaxşı olmazmı? Bu mümkün olmazsa, o zaman ədaləti bərpa etmək üçün yaxın çevrə ilə birlikdə müzakirə edilə bilər. Bu da alınmazsa məhkəməyə müraciət edilməsi daha məqsəduyğundur. Belə hallarda psixoloq köməyindən yararlanmaq da mümkündür. Toplum yalnız qınayacaq, biraz ağıllı fikir yürüdüb dayanacaq. Yeni olay axtarıb onu “araşdıracaq”. Ancaq problemlə üzləşən valideynlərin övladları bu yükü daşımaq məcburiyyətində qalacaq. Odur ki, cəmiyyətimizdəki sosial problemlərə laqeyd, dedi-qodu səviyyəsində yanaşmaq gələcəyə sağlam deyil, yaralı və güvənsiz nəslin yetişməsinə səbəb ola bilər…

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …