Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Hacı Şahin: “Uşaqlara dini biliklər 7 yaşdan sonra öyrədilməlidir”

Hacı Şahin: “Uşaqlara dini biliklər 7 yaşdan sonra öyrədilməlidir”

Sosial şəbəkədə “Əhsən sənin ailənə!” başlığı ilə video paylaşılıb. Videoda hələ səlis danışmağı bacarmayan 3-4 yaşında balaca Zeynəbə İslami bilgiləri yoxlamaq üçün ona müxtəlif suallar verilir: “Rəbbin kimdir?”, “Peyğəmbərimiz kimdir?”, “İmamınız kimdir?” və s. Uşaq da çaşmadan bir-bir hamısını cavablayır.

Suallar öncə normal təsir bağışlasa da, getdikcə qəribələşir: “Kərbəlada kimin başını kəsdilər?”, “Kimin qollarını kəsdilər” və s. Uşaq isə dayanmadan cavablayır.

Maraqlıdır, ümumiyyətlə, uşaqlara dini biliklər neçə yaşından öyrədilməlidir?

“Yeni Müsavat”a danışan uşaq psixoloqu Narinc Rüstəmova bildirir ki, insanın təməl dəyərlərindən biri də onun inanclarıdır: “İnanc istər cəmiyyətdə, istər sosial adaptasiya dönəmində, qayda-qanunlarda, insanlara münasibətində ən gözəl tənzimləyici sistemlərdən biridir. Müsəlman ölkəsiyik və bizim dinimiz İslam dinidir. Valideynlər bu barədə uşaqlarına məlumat verməlidirlər. Təbii ki, bunu qorxu, şiddət, dini bir cəza üsulu kimi təbliğ etmək doğru deyil. Söhbət tək dindən getmir. Novruz bayramı inancı, Şaxta baba inancı da var. Hər bir insanın inanmağa ehtiyacı var. İnanc insanın ən çətin anında, gərginliyində belə şüur altında ona güc verər. Valideynlər bəzən uşaqlara Allahı baba kimi də təqdim edirlər. Allahın cinsiyyəti bu şəkildə göstərilməməlidir. Yaxud ”Allah səni daşa çevirər”, “Allah səni cəzalandırar”, “Özünü yaxşı aparmasan, Allah səni öldürər” və s. formada uşaqları Allahla qorxutmaq olmaz. Qorxu olan yerdə yalan olacaq, yanlışlara meyl, bu yanlışları gizlətmək bacarığı da olacaq.

 

Uşaqları Allahla qorxutsaq, uşaqda dinin təməli düzgün qoyulmayacaq. Uşaqlarda aqressiyaya meyl yaranacaq. Özümüz də bilmədən şiddəti təbliğ etməyə başlayırıq. Uşaqlar 7 yaşına qədər din haqda məlumat almalıdır, amma çox qabarıq şəkildə deyil. Bu uşaqlarda dini aqressiya yaradır. Uşaqlarda “mən Allahı söydüm, Allah da məni daşa döndərəcək”, “ayaqyolunda Allahın adını çəkdim, Allah məni çəzalandıracaq”, – deyə təşvişlər olur. Belə uşaqlar özünə qapanır, qorxulu yuxaları başlayır. Uşaqlara dini öyrətmək istəyirlərsə, onlara maraqlı ayələri, müqəddəs insanların keçmişi, ailəsi, həyat tərzi haqqında nağıl şəklində danışa bilərlər. İslam dini humanist dindir. Uşaqlar İslamı tanımalı, bilməlidir. Məsələn, peyğəmbərimiz kimdir? Hansı ailədə doğulub? Neçə övladı olub? Bu haqda nağıl şəklində uşaqlara danışmaq olar”.

“Məşhədi Dadaş” məscidinin imam-cüməsi Hacı Şahin Həsənli uşağa dini bilgilərin 7 yaşından sonra verilməli olduğunu deyir: “İlk 7 il uşağı sərbəst buraxmaq lazımdır. Uşağa məhdudiyyət tətbiq olunmamalı, tam sərbəst mühitdə böyüməlidir – kənardan nəzarət edərək qorumaq şərti ilə. Uşağa 7 yaşına qədər olmaz sözünü işlətmək düzgün deyil. Onları ziyanlı bir şeydən dolayı yolla çəkindirmək lazımdır. 7 yaşına qədər ona cəza və əmrlər verilməməlidir. Uşağın şəxsiyyətinin təməli məhz bu 7  yaşa qədər formalaşır. Növbəti 7 il, yəni 7 yaşdan 14 yaşadək uşaq itaətə öyrəşməlidir. Uşağa ədəb qaydaları öyrədilməli, müəyyən məhdudiyyətlər qoyulmalıdır. Məhəbbətlə onu müəyyən işləri görməyə vadar etmək lazımdır ki, tənbəl olmasın. Məhz bu ikinci 7 ildə uşağa ibtidai dini elmlər vermək lazımdır. Hədislərdə qeyd olunur, ata-ananın övlad qarşısında vəzifəsi ona yaxşı ad seçmək, Qurani Kərimi oxumağı öyrətmək, tərbiyə və təhsil verməkdir. 7 yaşdan sonra dini elmlər uşağı yoracaq şəkildə yox, onun anlayacağı dildə öyrədilməlidir. Uşaqlara faciələr haqqında da, şəhidlər haqqında da məlumat verilməlidir. Uşağın psixikasına mənfi təsir göstərəcək şəkildə deyil, şəhidlərin qəhrəmanlığı, fədakarlığı çatdırılmalıdır ki, onlar dəyərlər, vətən uğrunda canlarından keçiblər. Elə izah etmək lazımdır ki, uşağın mənəvi durumuna pis təsir etməsin”.

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …