Ana səhifə / Cəmiyyət / Bu peşə yalnız Azərbaycanda var: Çöpçü, yoxsa fırıldaqçı?

Bu peşə yalnız Azərbaycanda var: Çöpçü, yoxsa fırıldaqçı?

Daha əvvəl çöpçülər və onların fəaliyyəti haqqında ətraflı məlumat vermişdik. Material cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Təbii ki, hələ də bu məsələyə inanan və inanmayan insanların sayı kifayət qədərdir.

Yazı barədə qaranlıq məqamlara aydınlıq gətirmək üçün məsələnin tibbi tərəfini araşdırmaq qərarına gəldik.

Nəzərə alsaq ki, ölkədə həkimlər arasında da “çöpçü”lərin fəaliyyətinə inanan, pasiyentləri onlara müraciət etməyə yönləndirənlər var, xarici mütəxəssislərin bu məsələ ilə bağlı fikirlərini öyrəndik. Nəticə etibarilə, görünən odur ki, “çöpçü” deyilən peşənin sahibləri yalnız Azərbaycanda tanınır.

Türkiyədə çalışan bir neçə pediatrla əlaqə saxladıq. Dövlət və özəl klinikalarda çalışan uzman həkimlərin Oxu.Az-a verdiyi açıqlamalara görə, bu proseslərin tətbiqi uşaqların sağlamlıqlarını ciddi təhlükə altında qoyur:

“Bu barədə ilk dəfə azərbaycanlı həmkarlarımdan eşitmiş, mediadan oxumuşdum. Son vaxtlar yayılan videoları da izlədim. Sadəcə, dəhşətə gəlirəm. Türkiyədə qəti şəkildə belə bir müalicə üsulu yoxdur. Tibbi cəhətdən həmin şəxslərin tətbiq etdikləri prosedurların heç bir izahı yoxdur.

İnfeksion xəstəliklərdə, xüsusilə də tənəffüs yollarının infeksion xəstəlikləri zamanı bədənin özünümüdafiə formaları var. Bu isə yüksək temperaturla özünü büruzə verir. Amma “çöpçü” dediyiniz şəxslərin uşaqların tənəffüs yollarına, ağız boşluğuna ötürülməsi tənəffüs yolları vasitəsilə uşaqların bədəninə müxtəlif xəstəliklərin ötürülməsi deməkdir. Valideynlər bu prosedurlara necə icazə verir, mən başa düşə bilmirəm.

Türkiyədə uşaqlarda tənəffüs yollarının infeksion xəstəliklərinə tez-tez rast gəlinsə də, boğazda, armudvari cib dediyimiz nahiyələrdə qida qalıqlarının qızdırma verməsi kimi şikayətlər olmur. Əsasən, reflüks xəstəliyi ilə bağlı pasiyentlərimiz çox olur. Belə şikayətlərlə pasiyentlər qəbul etməmişik”.

Ukraynada çalışan həkim otoloqinqoloq Yelena Pedoriç bu barədə ilk dəfə bizdən eşitdiyini deyir. Onun sözlərinə görə, Ukraynada uşaqlar həkim tərəfindən təyin edilən vaxtlarda müayinəyə gətirilirlər:

“Mütəmadi olaraq həkim yoxlanışından keçən uşaqlarda heç bir xəstəliyin dərinləşmiş dərəcəsi müşahidə edilmir. Bu da uşaqlar arasında ciddi xəstəliklərin yayılmasının qarşısını almaq üçün dövlət tərəfindən görülən tədbirdir. O ki qaldı dediyiniz simptomlarla müşahidə edilən problemlərə, mənə tanış olmadığı üçün heç nə deyə bilmərəm. Burada uşaqlarda elə problemlərə rast gəlmirik.

Boğazda qida qalıqları, yüksək qızdırma, halsızlıqla müşahidə edilən xəstəliklər zamanı həkimə müraciət edilir. Zəruri yoxlamalardan sonra narahatlığın səbəbi məlum olur və müalicə yazılır.  Xüsusən qida qalığının təsvir etdiyiniz şəkildə boğazdan çıxarılması mümkün deyil. Bənzər vəziyyətlərdə qida qalıqlarını xüsusi alətlərin köməyi ilə cərrahi prosedurla, ya da poliklinika şəraitində çıxarmaq mümkündür”.

Peşəkar həkim – otolorinqoloq Əfqan Ağagülov da “çöpçü” məsələsinin, ümumiyyətlə, əsassız olduğunu deyir. Onun sözlərinə görə, armudvari ciblərdə qida qalığının qalması mümkündür, lakin onun üfürülərək çıxarılması əsassız iddiadır:

“Anatomik olaraq 6-7 yaşa qədər bütün uşaqlarda udlaq quruluşu böyüklərdən fərqli olur. Fərq uşaqlarda udlağın nisbətən yuxarı olmasıdır. Bu, inkişafa bağlı prosesdir. Amma bu, o demək deyil ki, “çöpçü” deyilən şəxslərə və onların xidmətinə ehtiyac var.

Nisbətən zəif uşaqlarda həmin bu armudabənzər ciblər dərin olduğu üçün qida qalıqlarının orada qalma ehtimalı çox olur. Amma bunun üçün “çöpçü”yə getmək yox, sadəcə, normal sulu qida qəbul etmək lazımdır. Sulu qida qəbul edən zaman həmin o armudabənzər ciblər yuyulur və qalan qidalar təmizlənərək mədəyə ötürülür”.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …