Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanlılar niyə aqressivləşib?

Azərbaycanlılar niyə aqressivləşib?

Psixoloq Azad İsazadə: “Emosionallıq xalqımızın xarakterinə xasdır, aqressivlik isə – yox”

Son illərdə cəmiyyətimizdə aqressiya, gərginlik hiss olunmaqdadır. İnsanların bir-birinə kobud davranması, güzəştə getmək istəməməsi, tənqidə dözümsüz olması az qala adiləşməyə başlayıb.

Vaxtaşırı sosial şəbəkələrdə, mətbuatda ictimai nəqliyyatda sürücü-sərnişin davalarının pik həddə çatdığının, zorakılıq, ağır qətl hadisələrinin artdığını görürük. Beləliklə aqressiya cəmiyyəti öz ağuşuna alıb desək, yanılmarıq.

Bəs səbəb nədir? Cəmiyyətimizdə aqressiya niyə bu həddə çatıb? Ümumiyyətlə aqressiya Azərbaycan xalqının xarakterindən irəli gəlirmi?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan psixoloq Azad İsazadə qeyd etdi ki, emosionallıq Azərbaycan xalqının xarakterinə xasdır: “Bu özünü istər dava olaylarında, istərsə də əyləncələrdə göstərir. Amma aqressivlik xalqımıza xas olduğunu demək  doğru deyil. Məsələn, gürcülər bizdən daha aqressivdir. Ümumiyyətlə isə nəinki bizim cəmiyyətimizdə, bütün dünyada aqressiya artıb. İnsanlar bir-birini dinləməyə hazır deyil, həmin an reaksiya verməyə çalışır. Buna dünyada gedən siyasi proseslərin də təsiri var. Beləliklə, insanlarda şüuraltı belə bir fikir formalaşır ki, olaya aqressiv yanaşsa, daha haqlı olar, gücünü nümayiş etdirməsə, onu hər kəs zəif kimi qəbul edəcək və sairə. Bu baxımdan aqressiya xeyli artıb. Qeyd etdiyim kimi, biz bir-birimizi dinləmək istəmirik. Ünsiyyət zamanı tərəflər bir-birinə söz vermək istəmir. Yəni dinləməyə hövsələmiz çatmır, əks tərəfi haqsız çıxartmaq çalışırıq. Bu da istər-istəməz aqressiyanın çoxalmasına səbəb olur”.

Psixoloqun sözlərinə görə, aqressiya daha çox gənclərdə  müşahidə olunur: “Çünki onlar daha çox maksimalistdir. Onlar üçün hər şey ya ağ, ya da qaradır. Özünü təsdiq etmək istəyən, həyat təcrübəsi olmayan, aqressiya ilə rastlaşmayan  gənclər özləri də bilmədən olaylara tez aqressiv yanaşırlar”.

Azad İsazadə onu da qeyd etdi ki, cəmiyyətdə aqressiyanın azalması üçün müəyyən təbliğat, maarifləndirmə işi aparılmalıdır: “Biz bir-birimizi dinləməliyik. Bunu da izah edənlər, nümunə göstərənlər olmalıdır. Məsələn, ictimai nəqliyyatda istər sərnişin, istərsə də sürücü tərəfindən tez-tez aqressiya ilə rastlaşırıq. Bu halda olaya yalnız gülümsəməklə keçmək lazımdır. Lakin diqqət etsək görərik ki, küçədə ictimaiyyətdə insanların əksəriyyətin üzü gülmür, zəhmlidir, aqressiyaya hazırdır. Buna görə də, sadəcə, gülümsəmək lazımdır. Həyat qısadır, hər şeyə reaksiya vermək olmaz. Biz qarşı tərəfi də anlamalı, başa düşməliyik”.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …