Ana səhifə / Cəmiyyət / Azərbaycanlı gənc Rusiyada “moyka”da işləmək üçün adını və familiyasını dəyişdi

Azərbaycanlı gənc Rusiyada “moyka”da işləmək üçün adını və familiyasını dəyişdi

Rusiya Federasiyasının dövlət sərhədini üç dəfə qanunsuz pozmaqda ittiham olunan 24 yaşlı Azərbaycan vətəndaşı barəsində ittiham aktı təsdiq olunub. Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, qərarı Rusiyanın Kamçatka diyarının prokurorluğu verib.

Mənbə qeyd edir ki, Azərbaycan vətəndaşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 332-ci maddəsinin 2-ci bəndi üzrə 3 dəfə cinayət əməli törədib. CM-nin həmin bəndində Rusiya Federasiyasının ərazisinə daxil olarkən bundan əvvəl Rusiya qanunvericiliyə ilə nəzərdə tutulmuş əsaslarla RF-ə daxil olması qadağan edilmiş xarici vətəndaşın Rusiyanın dövlət sərhədini keçdiyinə görə cəza nəzərdə tutulur.

İstintaq müəyyən edib ki, saxlanılan şəxs əvvəllər Kamçatka diyarında başqa ad və familiya altında yaşayıb. 2016-cı ilin dekabr ayında o, Petropavlovsk-Kamçatsk şəhər məhkəməsinin qərarı ilə Rusiya ərazisində qalmaq hüququnu təsdiq edən sənədlərinin olmaması və ölkəni tərk etməkdən boyun qaçırması səbəbindən inzibati məsuliyyətə cəlb edilib. Məhkəmənin qərarı ilə gənc azərbaycanlı Rusiyadan deportasiya edilib.

Azərbaycanda olarkən o, Rusiyaya qayıtmaq məqsədilə ad və familiyasını dəyişərək, yeni pasport əldə edib.

2017-ci ildə bu şəxs təyyarə ilə üç dəfə Azərbaycandan Rusiyaya gəlib və hər dəfə eyni hava limanında dövlət sərhədini qanunsuz keçib. Kamçatka diyarının ərazisində azərbaycanlı qanun pozucusu saxlanılıb.

Bildirilir ki, Kamçatkada o, avtomobil yuma (“moyka”) məntəqələrindən birində çalışıb. Hazırda heç bir yerdə rəsmi işçi kimi qeydiyyatda deyil.

Dəfələrlə qanunu pozmuş azərbaycanlı bu dəfə deportasiya ilə canını qurtara bilməyəcək. Onu 300 min rubla qədər cərimə, yaxud 4 il müddətinə icbari əmək, yaxud 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …