Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycan Novruz bayramını qeyd edir

Azərbaycan Novruz bayramını qeyd edir

Bu gün Azərbaycanda xalqın ən sevimli bayramlarından biri olan Novruz qeyd edilir.

Yazın Azərbaycana gəlişi martın 20-si saat 20:15:30-a təsadüf edəcək və bu zaman gecə-gündüz bərabərliyi qeydə alınacaq. Buna görə də martın 20-si bayram günü hesab olunur. Novruzun qeyd edilməsi də yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.

Novruz bayramının mənşəyi qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.

Yeri gəlmişkən, bu gün həm də Novruzun sonuncusu çərşənbəsidir.

Bu çərşənbə xalq arasında İlaxır çərşənbə və ya Torpaq çərşənbəsi adlanır.

İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. İlaxır çərşənbədə bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur. Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən atlanmalıdır.

Bu çərşənbədə bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və ya sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir.

İlaxır çərşənbə gecəsini hamı öz evində qeyd etməlidir. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan. Axşam qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdəndir ki, axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

Onu da qeyd edək ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi fevralın 27-də, Od çərşənbəsi martın 6-da, Yel çərşənbəsi martın 13-də qeyd edilib.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …