Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / “Avstriyada yun çubuğu”

“Avstriyada yun çubuğu”

Azərbaycandan 8 il vardı ayrılmışdı Hikmət. Bu illər ərzində mühacir kimi çox əziyyət çəksə də savadlı və təhsilli olması Avstriyada özünə yer tutmasına imkan vermişdi.

Bayaqdan əli cibində Dunay sahilini gəzirdi.Çayın sakit axan göy sularına baxa-baxa doğma Naxçıvançayı xatırlayırdı. Düzdür, onun suyu belə göy olmasa da yazın ortalarında eynən Dunay kimi gurlayıb çağlamağı da vardı. Hə, bir də Naxçıvançayda balıq tutardılar, yayda çimərdirlər…

O, siqaretini söndürüb prospektə tərəf yollandı. Bayırda bir işi qalmamışdı, evə gedibdincəlmək istəyirdi.

Hikmət saxtakarlıqla sənəd düzəldib “mühacir” adını qazanan həmyerlilərindən adətən uzaq gəzməyə çalışırdı. Bununla belə mühacirlərin məhkəmlərinə də həmişə özü getməyə məcburdu. Çünki alman və fransız dillərini səlis bilirdi.

Yaxınlıqdakı marketdən pivə alıb evə qalxdı. Təzəcə telivizoru yandırıb Miloş Formanın filminə baxırdı ki, qapı möhkəm döyəcləndi. Hikmətin diskindi.Elə bil kimsə bu dəqiqə qapını yerindən qoparacaqdı. Avstriyada qapını bu cür yalnız özününkülər döyə bilərdi. Ona görə də oğlunu yolladı ki, qapını açsın.

İsmayıl idi. Özünü təngnəfəs içəri salıb nəfəsi kəsilə-kəsilə dedi:

  • Hikmət qardaş, kömək elə. Arvadı polislər apardı.

Tələm-tələsik ayaqqabısını geyinib İsmayıllapolis məntəqəsinə yollandı. Polis rəisi Rudi Fazbinder onu salamlayıb otağına dəvət elədi. Hikmət, İsmayılın həyat yoldaşı Tükəzbanın həbs olunmasının səbəbini soruşdu. Cənab Rudi bildirdi ki, onlarlıq bir iş yoxdu. İsmayılın yoldaşını qonşuları xanım Matera Hanpelin şikayəti əsasında tutub dəlixanaya təhvil veriblər: “Qalanını ordan öyrənin.”

Dilxor olmuş Hikmət həmyerlisinə kömək üçün yenidən yola düzədi. Dunay çayının sağ sahilində yerləşən psixeatiya mərkəzinə gəldi. Baş həkim Selena Müller təbəsümlə Hikməti salamladı. Hikmət İsmayılın həyat yoldaşı Tükəzbanı soruşdu. Həkim dedi ki, o, artıq müalicə üçün palataya yerləşdirilib. Onuda əlavə etdiki, Tükəzban ən azı 3 ay orda qalmalıdır.

Hikmət həkimlə danışıb dedi ki, Tükəzbanın 55 yaşı var, ərinin də indiyə kimi həyat yoldaşından heç bir şikayəti olmayıb.

Arvadının və özünün adını eşidən İsmayılgözlərini tez-tez qırpıb, yazıq-yazıq Hikmətə baxırdı.Həkim sözünə davam etdi:

  • Onların qonuşusuMatera Hanpel bizə şikayət edib.Bizdə öz növbəmizdə polislə birgə onu bura gətirdik.

Hikmət şikayətin səbəbini soruşdu.

Doktor:

  • Xanım Hanpel bizə zəng vurub dedi ki, həyətimizdəki mühacir qadının başına hava gəlib. Qonşular, eləcə də cəmiyyət üçün təhlükəlidir. O, binanın həyətindəki çəmənliyə parça sərib və əlində uzun çubuqla yun çırpır.

Hikmət bütün vasitələrdən yararlanıb həkimə anlatmaq istədi ki, yun çırpmaq dəlilik əlaməti deyil, bunu onlarda bütün qadınlar edir.

Həkim Hikməti diqqətlə dinləyib sual verdi:

  • Axı o yunu hardan tapıb yığıb və niyə onu döyür?

Hikmət həkimə başa saldı ki, yun Azərbaycandan döşəyin içində gəlib. Azərbaycanda Avstriyadan fərqli olaraq yun yorğan-döşəkdə yatırlar.

Həkim bu izahdan sonra ayağa qalcıb İsmayıla dedi ki, həyat yoldaşına başa sal, yunu həyətdə döyməsin. Hikmət həkimin dediklərini İsmayıla azərbaycanca başa saldı və təbii ki, həkimin döymək sözünü çırpmaq kimi çevirdi.

Tükəzbanı buraxdılar. İsmayıl yol boyu arvadını danladı ki, bir daha yunu həyətdə çırpmasın: “Dədən evindən gətirdiyin o çubuğunu da əlindən alıb qıracam.”

Tükəzban evə çatar-çatmaz bayaqdan həyətin ortasında atılıb qalmış yun qalağına doğru getdi. Hikmət isə evə qayıtdı. Yenidən televizorun qarşısına keçib pivənin qapağını açmaq istəyirdi ki, qapı bayaqkı kimi yenə döyüldü. Qapını özü açdı. İsmayıl bu dəfə ağlayırdı:

  • Hikmət qardaş , arvadı yenə polislər apardı.

Hikmət polis idarəsinə çatanda cənab rəis Rudi Fazbinder elə qapıdanca əli ilə işarə etdi ki, gedin dəlixanaya, yenə ora apardıq.Yenidən dəlixanaya yollandılar.

Psixateriya mərkəzinin baş həkimi xanım Selena Müller Hikməti görən kimi özü söhbətə başladı:

  • Qüsura baxmayın, cənab Hikmət. Siz gedəndən 20 dəqiqə sonra onların qonşusu olan xanım Matera Hanpel yenidən zəng vurub şikayətləndi ki, bu dəlini niyə buraxmısız? Biz polislə birlikdə təkrar həyətə gedəsi olduq. O, yenə bir topa yunun içində oturmuşdu. Düzdür, bu dəfə əlində çubuq görünmürdü. Amma yunu əlinə alıb didirdi. Sizcə bu normaldırmı? Bəlkə sizin ölkəniz üçün normaldır, bizim insanlar isə belə mənzərəyə öyrəşməyiblər. Unutmayaq ki, bura Avstriyadır, cənab Hikmət!

Baş həkimin bu qəti sözlərindən sonra Tükəzbanı bir daha buraxdırmaq mümkünsüz idi. İsmayıl 3 ay arvadsız qalmalı olacaqdı. Bəs saxta sənədlə mühacir ünvanı alanda bilmirdi hara gəlir?

Arvadının dəlixanaya düşməsi ilə barışmaq istəməyən İsmaylın rəngi apazımışdı. Hikmət ona güc-bəla ilə izah elədi ki, heç nə eləmək mümkün deyil. Bundan sonra İsmayıl büzüşüb elə bil yumağa döndü: “Gedib arvad üçün sovqatdan, döşəkdən zaddan düzəldim, xəstəxanada quru yerdə yatmasın…” Hikmət istədi yenə nəsə deyib İsmayılı başa salsın ki, heç nə lazım deyil, amma yorulmuşdu. Cibindən cibindən siqaret çıxarıb yandıra-yandıra Dunayın sahili ilə yumaq kimi yomalanan İsmayılın dalınca göz atıb üzünü çaya çevirdi.

Bu vaxt həzin külək əsdi. Tükəzbanın yunları hardansa üzə çıxıb qar topası kimi göydə uçuşmağa başladı və uçub-uçub qağayı təki düz gəlib bir-bir çayın üzünə qondu. Bir azdan Hikmətin dayandığı yerdən keçən yun topaları gülərüzlə həmyerlilərini salamlayacaqdılar.
Hikmət dərindən ah çəkdi.Nədənsə yadına Çuxur məhəlləsi düşdü.

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …