Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Astan Şahverdiyevin ölüm səbəbi: ürəktutması yoxsa….

Astan Şahverdiyevin ölüm səbəbi: ürəktutması yoxsa….

Aprelin 15-də deputat Astan Şahverdiyev Qusar rayonunda istirahət etdiyi oteldə dünyasını dəyişib. O, elə vəfat etdiyi gün “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

İlkin yayılan məlumatda deputatın ürəktutmasından dünyasını dəyişdiyi qeyd olundu. Lakin sosial şəbəkələrdə insanlar onun vəfatı ilə bağlı müxtəlif fikirlər söyləyirlər…

Öncə Astan Şahverdiyevin kim olduğuna nəzər salaq. Belə ki, Şahverdiyev Astan Nüşrəvan oğlu 15 fevral 1947-ci ildə Füzulidə anadan olub. 1964-cü ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olub və 1970-ci ildə İnstitutu bitirib. 1972-1974-cü illərdə hərbi xidmətdə olub. 1978-ci ildə Azərbaycan Texniki Universitetinin aspiranturasına daxil olub və 1981-ci ildə İstilik fizikası üzrə namizədlik dissertasiyası müdafiə edib. 1982-ci ildə müsabiqə yolu ilə Azərbaycan Texniki Universitetinin “İstilik texnikası və istilik qurğuları” kafedrasına assistent vəzifəsinə seçilib.

Şahverdiyev elmi fəaliyyətini davam etdirərək 1992-ci ildə Moskva Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə edib, texnika elmləri doktoru alimlik dərəcəsi və 1994-cü ildə professor elmi adı alıb. 1995-ci ildə Nyu-York elmlər akademiyasının həqiqi üzvü seçilib.

2001-ci ildə Azərbaycan Texniki Universitetinin “İstilik və soyuqluq texnikası” kafedrasının müdiri vəzifəsinə seçilib. Dünyanın aparıcı jurnallarında ingilis, türk və rus dillərində çap olunmuş 300-dən çox elmi əsərin, o cümlədən Moskva və Londonda çap olunmuş 5 monoqrafiyanın, 2 ixtiranın, 10 dərslik və dərs vəsaitinin müəllifidir. Elmi rəhbərli altında 9 namizədlik və 3 doktorluq dissertasiyası müdafiə olunub. Avropa ölkələri universitetləri üçün nəzərdə tutulan “Günəş enerjisi” dərsliyinin müəlliflərindən biridir.

Картинки по запросу astan şahverdiyev viaqra

ABŞ, Kanada, Hindistan, Misir, İsveçrə, Almaniya, İngiltərə, İtaliya, Şotlandiya, Portuqaliya, Çin, Rusiya, Türkiyə, Slovakiya, Yunanıstan, Özbəkistan, Belarus, Ukrayna, Fransa və s. ölkələrdə keçirilən Beynəlxalq konfrans, simpozium və assambleyalarda məruzələrlə çıxış edib.

Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Doktorluq Müdafiə Şurasının sədr müavini və bir neçə il Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub.

2005-ci ildə Milli Məclisin deputatı seçilib və vəfat edənə qədər bu vəzifədə olub.

Bu qədər elmi işlərinin olmasına baxmayaraq, Astan Şahverdiyevə ictimaiyyətdə birmənalı münasibətin olmaması, əsasən onun bir müsahibəsində Rusiyada yaşayan azərbaycanlılara “otxod” deməsi ilə əlaqələndirilir. Sosial şəbəkədə ona neqativ münasibət sərgiləyən insanların da əksəriyyəti məhz bu sitatını əsas gətirirlər…

Öyrəndik ki, son illər Astan Şahverdiyevin ailəsində ard-arda bədbəxt hadisələr baş verib. Belə ki, məlumatlara görə son illər mərhum deputatın kürəkəni cavan yaşda dünyasını dəyişib. Eləcə də Şahverdiyevin oğlu da bir neçə il öncə cavan yaşda vəfat edib. Həyat yoldaşı isə ağır xəstəymiş… Bu hadisələrdən sonra Astan Şahverdiyevin ürəyində problemlər yaranıb. Onu tanıyanların sözlərinə görə, Şahverdiyev özünü narahat hiss edirmiş.

Elə vəfat etdiyi gün də ürəyində ağrılar hiss etdiyini söyləyib. Lakin təcili yardım maşını gələnə qədər Astan Şahverdiyev Qusarda istirahət etdiyi oteldə vəfat edib. Onun ağ ciyər xəstəliyindən və ürək çatışmazlığından əziyyət çəkdiyi də bildirilib.

Yuxarıda da qeyd etdiyimiz kimi sosial şəbəkələrdə bəzi şəxslər A. Şahverdiyevin ölümünü başqa səbəblərlə bağlayırlar. Bəziləri iddia edirlər ki, mərhum deputat “viaqra” içdiyi üçün vəfat edib. Lakin bu fakt səhiyyə təşkilatları tərəfindən nə təsdiq, nə də inkar olunmayıb.

Onun “otxod açıqlaması”nı əsas gətirib, qınayanlar olduğu kimi gördüyü işlərlə bağlı rəhmət oxuyanlar da az deyil. Belə ki, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, Astan Şahverdiyev bu təşkilatın yaradıcılarından biri olub: “Deputat Astan Şahverdiyevin vəfatı ilə əlaqədar ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, dərdlərinə şərik oluruq. Astan müəllim Qarabağ hərəkatının fəal iştirakçılarından, Qarabağ Azadlıq Hərəkatının, Qarabağ Azadlıq Təşkilatının yaradıcılarından olub. Qarabağın, doğma Cəbrayılının azadlığını çox istəyir, həyatının son 15 ilini bizdən ayrılaraq mübarizəsini özünün bildiyi şəkildə davam etdirirdi. O da dünyasını Qarabağ həsrəti ilə dəyişdi. Allah rəhmət eləsin”.

“Teleqraf” Media qrupunun rəhbəri Aynur Camalqızı da onunla bağlı fikirlər söyləyib.

A. Camalqızının statusundan bir hissəni təqdim edirik: “Deputat Astan Shahverdiyevin ürək tutmasından vəfat etməsi xəbərinə üzüldüm. Allah rəhmət eləsin! Təəssüf ki, Azərbaycan ictimaiyyəti onu yanlış tərəfdən tanıdı. Sosial şəbəkələrdə ona ünvanlanan kini, aqressiyanı üzülərək müşahidə edirəm. Astan müəllim sizin tanıdığınız, bildiyiniz kimi bir insan deyildi. Bəli, səhv, düşünülməmiş, bağışlanılması çətin olan, duyulması ağır olan açıqlamalar verdi. Amma dedikləri qətiyyən onu ifadə eləmirdi. Sadəcə sadəlövh, səmimi bir insan idi. Tipik əyalət adamı. Siyasətdən tamam uzaq idi. Siyasəti bilmədiyi üçün də yanlış çıxışları ilə tanınırdı. Əlində isə yaxşı insan, dərdli ata idi. Ürəyi şəxsi həyatındakı dərdlərə, Qarabağsızlığa tab gətirmədi. Mən onu həmişə bu cür xatırlayacam: sadə, səmimi, siyasətdən uzaq, tipik qarabağlı, siyasətdə piyada. Hansı ki, xalqının heç bir nümayəndəsini “otxod” saymaya-saymaya belə yanlış bir fikir işlətmişdi. Hansı ki, bu xalqı həqiqətən “otxod” sayanlar heç yüksək səslə dilə gətirmirlər. Allah qəni-qəni rəhmət eləsin”.

Milli Məclisin mətbuat xidmətindən “Yeni Müsavat”a bildirilib ki, Astan Şahverdiyevlə bağlı başsağlığı veriləcək:

“Başsağlığı veriləcək və verilir də. Astan Şahverdiyev ictimai-siyasi xadim, deputat, alim kimi cəmiyyətdə sevilən şəxs idi. Əlbəttə ki, başsağlığı olacaq”. Bildirilib ki, deputatın ölüm səbəbi ilə bağlı konkret məlumata sahib deyillər. (Musavat.com)

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …