Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / ASLAN İSMAYILOV MƏHKƏMƏYƏ VERİLDİ! – “Sonadək gedəcəm ki, bu adam layiqli cəzasını alsın”

ASLAN İSMAYILOV MƏHKƏMƏYƏ VERİLDİ! – “Sonadək gedəcəm ki, bu adam layiqli cəzasını alsın”

İş adamı, məşhur “Xəmsə” restoranlarının sahibi Mürvət Həsənli vəkil Aslan İsmayılovu məhkəməyə verib. Bu barədə “AzPolitika.info”-ya M.Həsənli özü məlumat verib. Səbael rayon Məhkəməsinə təqdim olunmuş iddia ərizəsində iş adamı şərəf və ləyaqətin təhqiri, işgüzar nüfuza xələl gətirməyə görə üzr istəmək, təkzib və 500 min manat maddi təzminat tələbi qoyub. Məhkəmə yanvar ayında keçiriləcək.

Qeyd edək ki, Aslan İsmayılov rəsmi “Facebook” səhifəsində və KİV üçün keçirdiyi brifinqdə Mürvət Həsənlinin ünvanına sərt ittihamlar irəli sürüb və onu təhqir edib. Tərəflər arasında gərginliyin kökündə Türkiyənin “Emre Piliç” şirkətinin M.Həsənli ilə borc çəkişməsi durur. A.İsmayılov bu işdə “Emre Piliç” şirkətinə vəkillik edir. Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycana damazlıq yumurta ixrac edən bu şirkətin səhmdarları arasında 2 erməninin olduğu üzə çıxıb. Belə ki, ermənilər Bozaçıyan və Oksayan bu şirkətdə 30 faizlik paya sahiblik edirlər. M.Həsənli bu fakt üzə çıxandan sonra şirkətlə işgüzar münasibətləri kəsdiyini bildirir. A.İsmayılov isə əksinə, “Emre Piliç”in yarıerməni şirkəti olmasına əhəmiyyət vermədən onun müdafiəsinə qoşulub. M.Həsənlinin dediyinə görə, bu müdafiəyə vəkil 200 min dollarlıq qonorar qarşılığında qoşulub.

Bütün bunlar üzə çıxandan sonra A.İsmayılov borc mübahisəsinə görə məhkəmə prosesini gözləmədən qarşı tərəfə hücuma keçib, “Facebook”da və saytlarda M.Həsənliyə qarşı kampaniya təşkil edib. Vəkil bu kampaniyanı hüquqi çəkişmə çərçivəsindən çıxararaq, sübutlar təqdim etmədən iş adamına qarşı müxtəlif ittihamlar irəli sürüb, onu “MTN kartı” üzərindən vurmağa çalışıb. A.İsmayılovun saytlarda yayımlanmış açıqlamalarından sitat: “Mürvət Həsənovun 12 kirvəsi olub. Həmin şəxslərin hər biri MTN-dən keçib, başlarına oyunlar gətirilib. 3 iş adamı var ki, Mürvət Həsənovun əli ilə MTN-ə aparılıblar, birindən 300, o birindən 500, digərindən isə 1 milyon alıblar. Bu haqda məlumatlıyam. Akif Çovdarovun ödladlarının toyu onun “Xəmsə” restoranında olub, bağ evlərində baş tutan nəvələrinin ad günlərində “Xəmsə”nin ofisiantları xidmət göstərib, yeməklər “Xəmsə”də bişirilərək həmin məclislərə aparılıb”.

M.Həsənli isə “AzPolitika”ya açıqlamasında bu ittihama belə cavab vermişdi: “A.İsmayılov nəzərə alsın ki, şantajın, şərləmənin bu üsulu artıq dəbdən düşüb. Deyir mən 3 adamı MTN-ə apartdırmışam. Kimdir bu 3 adam? Niyə adlarını çəkmir? Ad çəksin, mən də bilim ki, kimlərdir onlar. MTN-lə bağlı 1 ildən artıqdır istintaq gedir, yüzlərlə zərərçəkmiş ortaya çıxaraq istintaqa və KİV-lərə müraciət edib. Niyə Aslanın dediyi adamlardan bir nəfəri ortaya çıxıb demədi ki, mənim də başıma belə bir iş gəlib, səbəbkarı da Mürvət Həsənovdur? Bəli, Çovdarovun oğlunun toyu mənim restoranımda olub. Bu, təxminən 10 il əvvəlin söhbətidir. O vaxt Çovdarov yüksək vəzifə tutmurdu, cəmiyyət də onu tanımırdı. İndiki kimi barəsində cinayət ittihamları da səslənmirdi ki, biz onu restoranımıza yaxın buraxmayaq, deyək ki, bu cinayətkardır. Bu illər ərzində mənim restoranımda yüzlərlə, vəzifəli-vəzifəsiz şəxsin övladının toyu olub. Onlarla dövlət tədbiri keçirilib. İndi belə çıxır ki, mənim onlarla hansısa gizli əlaqələrim olub? Bu nə yaramaz iddiadır? Digər tərəfdən bu söhbətlərin mahiyyətə nə aidiyyatı var? A.İsmayılov sənədli-sübutlu erməni şirkətini müdafiə etməsindən diqqəti yayındırmaq üçün daha hansı böhtanlara əl atacaq?”

mehkeme-16M.Həsənlinin məhkəməyə müraciəti də əsasən A.İsmayılovun bu ittihamına görədir. İş adamı deyir ki, vəkil bu böhtanı məhkəmədə sübut etməli olacaq: “A.İsmayılov hüquqşünasdır, buyursun məhkəmədə dediklərini sübut etsin. Kimləri mən MTN-ə apartdırmışam, ad çəksin. Dediklərini sübut edə bilməsə, mən sonadək gedəcəm ki, bu adam layiqli cəzasını alsın və bir daha heç kimə qarşı belə ləyaqətsiz mübarizə üsullarından, şantaj vasitələrindən istifadə edə bilməsin. Vəkilin işi hüquqi müdafiə təşkil etməkdir. Daha KİV-lərdə şantaj kampaniyası həyata keçirmək və qarşı tərəfi ləkələmək deyil”.

Onu da qeyd edək ki, A.İsmayılov “Facebook”da sosial şəbəkə istifadəçilərinin çoxsaylı suallarına cavab olaraq bildirib ki, “Emre Piliç” şirkəti ilə müqavilə bağlayarkən, bu şirkətin səhmdarları arasında 30 faizlik payla 2 erməninin olmasından xəbərsiz olub. Buna baxmayaraq, “Facebook” istifadəçiləri erməni faktoruna görə A.İsmayılovu tənqid ediblər. Lakin vəkil geri çəkilmək niyyətində olmadığını bildirib.

Bu arada isə erməni faktoruna görə A.İsmayılova qarşı yeni ittihamlar ortaya çıxıb. “Azinforum” saytı araşdırıb ki, Sumqayıt hadisələri barədə cinayət işinə baxmış hakim Mansur İbayev “Xalq Qəzeti”nin 14 mart 2010-cu il tarixli sayında “Aslan İsmayılov öz günahlarını ört-basdır etmək üçün şantaja əl atır” başlıqlı məqalə ilə çıxış edib. Qeyd edək ki, Sumqayıt hadisələri ilə bağlı cinayət işinə Aslan İsmayılovun dövlət ittihamçısı qismində iştirakı və Mansur İbayevin hakimliyilə baxılıb. Çox sonralar Aslan İsmayılov iddia edib ki, Mansur İbayev Sumqayıt hadisələrinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Azərbaycan vətəndaşlarına ağır cəza verməklə ermənilərə dəstək verib. Mansur İbayev isə məqaləsində barəsində yazılanları tamamilə yalan-uydurma adlandırıb:

img1205810“Gəlin kimin ermənilərə dəstək verməsini küçə söhbətlərilə deyil, iş materialları əsasında rəsmi sənədlər və faktlarla müəyyən edək. İlk növbədə, Aslan İsmayılovun həmin işdə keçən azərbaycanlılara tələb etdiyi cəzanı diqqətə çatdıraq. Onda kimin ermənilərə dəstək verməsi tam aydın olacaq. İşin məhkəmə baxışının yekununda Aslan İsmayılov ittiham nitqində işdə keçən azərbaycanlılardan Vaqif Hüseynovu AR CM-nin 72-ci maddəsi, 94-cü maddəsinin, 2,6,7-ci bəndləri, 15,94-cü maddənin 2,8-ci bəndləri, 144-cü maddənin 3-cü hissəsi və 67-ci maddə ilə, yəni kütləvi iğtişaş, xuliqanlıq niyyətilə xüsusi amansızlıqla, zorlamaqla əlaqədar adamöldürmə, soyğunçuluq, xuliqanlıq niyyətilə, xüsusi təhlükəli residivist tərəfindən adam öldürməyə cəhd, milli və irqi hüquq bərabərliyini pozmaqda təqsirli bilib ölüm cəzasına – güllələnməyə məhkum edilməsini tələb etmişdi. Məhkəmə isə Vaqif Hüseynovu Cinayət Məcəlləsinin 72 və 144-cü maddənin 3-cü hissəsilə kütləvi iğtişaş və soyğunçuluqda təqsirli bilib 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Buyurun hörmətli oxucular. Aslan İsmayılovun Sumqayıt hadisələrilə bağlı azərbaycanlılara olan mövqeyini, ermənilərə dəstək verməsini özünüz mühakimə edin”.

M.İbayev yazır ki, A.İsmayılov iş üzrə təqsirli bilinən digər şəxslərə – Nadir Nəcəfov, Nizami Səfərov və Əfsər İsayevi Cinayət Məcəlləsinin 94-cü məddəsinin 2,6,7-ci bəndlərilə təqsirli bilib ittiham edib. Məhkəmə isə bu ittihamları əlavə ibtidai istintaqa qaytarıb:
“Sumqayıt hadisəsinin təşkili və təşkilatçıları ermənilər olduğu halda, bunu ört-basdır edib, etmədikləri cinayətləri də yuxarıda göstərilən azərbaycanlıların üzərinə qoyub onlara ədalətsiz, qəddarlıqla ağır cəzalar tələb etmək Aslan İsmayılovun ermənilərə dəstək verməsi deyilmi?”

Xatırladaq ki, A.İsmayılov Sumqayıt hadisələri haqda kitab yazıb və tez-tez bunu Azərbaycan xalqına böyük xidmət kimi təqdim etməkdən yorulmur.

İş adamı ilə vəkilin məhkəmə çəkişməsini diqqətdə saxlayacağıq.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın