Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Əli Abbasovu 12 il həbs gözləyir – SABİQ NAZİRİN ETİRAFLARI BAŞINA İŞ AÇDI

Əli Abbasovu 12 il həbs gözləyir – SABİQ NAZİRİN ETİRAFLARI BAŞINA İŞ AÇDI

Xəbər verdiyimiz kimi, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov “MTN işi”ndə şahid qismində ifadə verib.
O, istintaqa ifadəsində bir çox etiraflar edib. Sabiq nazir ləğv edilmiş MTN-ə aylıq 800-900 min manat məbləğində “paket” verdiklərini bildirib.
Bundan əlavə, Ə.Abbasov MTN-in rəhbəri Eldar Mahmudovun təkidi ilə telefon danışıqlarının dinlənilməsinə icazə verdiyini də etiraf edib. Hətta o, nazirliyin bir çox vacib postlarına təyinatları da Eldar Mahmudovun istəyi ilə həyata keçirdiyini deyib.
Sabiq nazir əməllərini “Eldar Mahmudovdan qorxduğum üçün edirdim” deyə əsaslandırmağa çalışıb.
Bəs Əli Abbasovun bu etirafları onun cinayət məsuliyyətinə cəlb olunmasına səbəb ola bilərmi?
Məsələ ilə bağlı BakiPost.az-a açıqlama verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə sabiq nazirin “paket” adlandırdığı pulların əslində, rüşvət olduğunu deyib. Millət vəkili rüşvət vermənin məsuliyyət yaradan hallardan biri olduğunu bildirib:
“O, “paket” deyil, rüşvətdir. Rüşvət vermək də məsuliyyət yaradan hallardan biridir. Qorxu o anda yaranır ki, qanunsuz hərəkətlərlə məşğul olursan və ona nəzarət edən qurum, güc strukturu və ya əlində müəyyən səlahiyyət olan qurumlar bunu bilir. Bu zaman da o qurumlar arasında cinayətkar razılaşma əldə olunur.
Mənim Əli müəllimə çox böyük hörmətim var. Gözəl ziyalı kimi tanıyıram. Amma məlumdur ki, Vidadi Zeynalov kimi bir adam aparat rəhbəri təyin olunandan sonra aqibət belə olmalı idi. Yəni Vidadi Zeynalovun tamahı ilə hərəkəti, MTN-də olan Akif Çovdarovun tamahı və hərəkəti ilə üst-üstə düşür. O, öz sahəsində çapıb talayırdı, bu isə öz sahəsində. Beləcə milyonlara sahib olurdular. Görünür, Əli müəllim bir az zəiflik göstərib bu məsələdə. Hər halda o nazirlikdə qanunazidd hərəkətlər olmasaydı, Əli müəllim heç nədən qorxmazdı”.
Ç.Qənizədə bildirib ki, məhkəmə qərarı olmadan heç kimə cinayətkar demək olmaz, amma istintaq materiallarından da bəlli olur ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verən belə əməllərin başında – rüşvətdən tutmuş, qiymətlərin şişirdilməsi, maxinasiyalara yol verilməsinə kimi – Vidadi Zeynalov dayanıb: “O həm Əli Abbasovu güdaza verdi, həm özünü, həm də o cinayətkar yuvada olan digər adamları. Məhkəmə istintaqı gedir, ifadələr var, etiraflar var. Onun təqsirli olub-olmamasıyla bağlı məhkəmə qərarı olacaq və biz ondan sonra kimisə “cinayət törətdi” deyə ittiham edə bilərik”.
Deputat “MTN işi” başlayan vaxtlarda Əli Abbasovun nazirlikdə törədilən cinayətlərdən xəbərsiz olması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: “Bir müəssisədə uzun illər davam edən belə hərəkətlər olursa, istər “JEK” olsun, istər idarə olsun, istər nazirlik, onun rəhbərinin bundan xəbərinin olmaması mümkün deyil. Necə yəni, xəbərim olmayıb? Bu ifadəsinin işlədilməsi düzgün deyil. Ola bilməz ki, xəbəri olmasın. Hətta bir epizoda görə, bir qanunsuz hərəkətə görə insan məsuliyyət daşıyır. Amma mən Əli Abbasovun cinayət məsuliyyətinə cəlb olunmasıyla bağlı heç nə deyə bilmərəm. O, səmimi fikirlərini ifadə edib. İstintaq hər şeyə qiymət verir və məhkəmə də sonda qərar çıxaracaq”.
Hüquqşünas Osman Kazımov isə saytımıza açıqlamasında Əli Abbasovun bu ifadəsinin onun cinayət məsuliyyətinə cəlb olunması üçün əsas olduğunu deyib:
“”Mən Eldar Mahmudovdan qorxurdum” deməklə heç kim məsuliyyətdən kənarda qala bilməz. Əli Abbasov qorxurdusa, ölkə rəhbərliyinə müraciət edəydi. Deyəydi ki, ona qarşı təhdidlər var, hədələr var. Bildirəydi ki, dövlət sirlərinə qulaq asmaq istəyirlər, telefon danışıqlarını dinləmək istəyirlər.
Onun “qorxurdum” deməklə məsuliyyətdən qaçmağa cəhd eləməsi və bu gün də məsuliyyətdən kənarda qalması yol verilməzdir. Əli Abbasovun cinayəti barədə etirafı var. Rüşvət verdiyi adamlar var. Kimlərinsə tələbiylə vəzifəyə təyin olunan adamlar var. Onlar hamısı dindirilməlidir. Sabiq nazir etiraf edir və etirafdan əlavə fakt da var ki, MTN onun özünün razılığı ilə şəbəkəsindən istifadə edib. Etirafı təsdiq edəcək faktlar, əməllər var. Ona görə o, mütləq məsuliyyətə cəlb edilməlidir”.
Vəkil Əli Abbasovun hansı maddələrlə ittiham edilə biləcəyini də açıqlayıb: “Burada rüşvət vermə maddəsinin tərkibi və vəzifəsindən sui-istifadə maddəsinin ağır nəticələrə səbəb olması var. Bunlar hamısı ağır maddələrdir. 8 il də verə bilərlər, 10 il də, 12 il də. Bu, məhkəmənin səlahiyyətindədir. Amma cinayətin tərkibində sırf rüşvətvermə var. “Mən qorxurdum” deməklə nazir yaxasını kənara çəkə bilməz. Mən onun bu ifadəsini qəbul eləmirəm. O, məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır. Ortada dövlətin taleyindən gedir söhbət”.

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …

Bir cavab yazın