Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Əhalinin rayonlara axını başlayıb…

Əhalinin rayonlara axını başlayıb…

Hər il olduğu kimi bu il də Novruz bayramı ərəfəsində Bakıdan rayonlara gedənlərin sayında artım müşahidə olunur.  Bakıda oxuyan tələbələr, paytaxtda çalışan rayon sakinləri bayramı qeyd etmək üçün öz yaxınlarının yanına yollanırlar. Eyni zamanda Bakı sakinlərinin də bəziləri bu bayramı rayonda qeyd etməyə daha çox üstünlük verirlər. Nəticə olaraq söyləmək olar ki, bu günlərdə ən gərgin rejimdə çalışan sahələrdən biri də nəqliyyat sektoru olacaq.

Bakıdan rayona gedənlər şəxsi avtomobilləri xaricində ya qatardan, ya da marşrut  avtobuslarından  istifadə edirlər. Adətən hər il belə halların şahidi oluruq ki, müştərilərin çoxluğundan istifadə edən işbazlar gediş haqlarını qaldırıb, sərnişinlərdə narazılıq yaradırlar. Bəs bu il vəziyyət necədir?

Suala cavab tapmaq üçün “Yeni Müsavat”ın əməkdaşı olaraq  öncə Bakı Dəmir Yolu Vağzalına yollandıq. Müşahidə etdik ki, burada vəziyyət adi günlərdən fərqlənmir. İnsanlar öncədən biletlərini aldıqları üçün rahat şəkildə gəlib, qatara əyləşirlər. Rayona gedənlərin çox olması nəzərə alınaraq qatarlara tələbə uyğun əlavə vaqonlar da qoşulub. Bildirildi ki, bayram ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonların qoşulması təmin edilir. Söhbət etdiyimiz sərnişinlər də söylədilər ki, rayona getmələrində heç bir maneə, süni qiymət artımı ilə üzləşməyiblər. “Bileti öncədən almışıq, qiymətdə də heç bir artım yoxdur. Əvvəllər rayona necə getmişiksə, indi də elədir”, deyə sərnişinlər söylədilər.

Daha sonra isə səsli-küylü Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yollandıq.

Avtovağzalın hələ girişində olduğumuz zaman müxtəlif bölgələrə işləyən taksi sürücüləri yaxınlaşıb, bizi işlədikləri rayonlara aparmağa çalışdılar. Söylədilər ki, bayram olsa da qiymətlərdə bahalaşma yoxdur. Lakin ətrafdakı sərnişinlər dərhal replika atdılar ki, yalandır. Söylədilər ki, bütün rayonlara işləyən taksilər qiymətləri ən azı 2 manat qaldırıb.

Taksi sürücülərinin yanında çox vaxt itirməyib, avtovağzala, rayonlara işləyən avtobusların yanına yol aldıq. Kənardan müşahidə etdik ki, avtovağzalda kifayət qədər irili-xırdalı nəqliyyat vasitəsi var.  Yeri gəlmişkən onu da qeyd edək ki, martın 15-də Bakı Beynəlxalq Avtovağzalının yaydığı məlumatda qeyd olunur ki, martın 27-dək avtovağzal gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin sıxlığının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

Bildirilib ki, adi günlərdə 300-340 nəqliyyat vasitəsi ilə təxminən 7-8 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulub.

Yuxarıda da qeyd etdiyimiz kimi, biz də nəqliyyat baxımdan hər hansı bir problemin şahidi olmadıq. Lakin buna baxmayaraq narazı sərnişinlərlə də rastlaşdıq. Bərdəyə getmək istəyən Fərhad Kərimov söylədi ki, adi günlərdə 8 manata aparan avtobus qiyməti 10 manata qaldırıb:

“Mən özüm də sürücüyəm. Hazırda Moskvadan avtobus sürüb, Bakıya gəlmişəm. Ancaq heç bir yerdə görməmişəm ki, bayram günlərində qiymətləri bu cür bahalaşdırsınlar. Başa düşürəm ki, təkər bahadır, digər detalların qiyməti qalxıb. Ancaq bunun məsələyə aidiyyəti yoxdur. Qiymət nədirsə, o, stabil qalmalıdır”, – deyə narazı sərnişin bildirdi. Öyrəndik ki, sərnişin bilet almayıb, “haqq-hesab”ı sürücü ilə həll etmək istəyib.

Onu da qeyd edək ki, Bərdəyə bilet cəmi 4 manat 88 qəpiyə satılır. Sərnişindən nə üçün bilet almadığını soruşduğumuzda isə cavabı maraqlı oldu: “Birincisi kassalar uzaqdadır. İkincisi də bilet alanda sürücülər giley edirlər ki, əziyyəti biz çəkirik, pulu avtovağzala verirsiniz. Ona görə də camaat  pulunu artıqlaması ilə sürücüyə verib, başı-qulağı dinc evinə gedir”.

Digər bölgələrə getmək istəyib, bilet almayan sərnişinlərin də oxşar hallarla üzləşdiklərinin şahidi olduq. Onlar da sürücülərlə gediş haqqı məsələsini çəkişir, bayram günü nə üçün qiymət artımına yol verdiklərini söyləyirdilər. Onu da qeyd edək ki, avtovağzal tərəfindən məlumat yayılaraq sərnişinlərə öncədən tövsiyə olunmuşdu ki, biletləri bir neçə gün əvvəldən alsınlar. Biletləri avtovağzalın kassalarından və ya onlayn qaydada 10 gün öncədən əldə etmək mümkün idi.

Avtobusları yola salan dispetçerlərlə də söhbət edib, qiymət artımına aydınlıq gətirmələrini xahiş etdik. Bildirdilər ki, buna səbəb bayram günləri birtərəfli işləmələridir. Sabirabad, Saatlı bölgəsinə işləyən avtobusların konduktoru aşağıdakıları bildirdi: “Sabirabada adi günlərdə 4 manatdırsa, indi 5 manata aparırıq. Səbəb də odur ki, rayondan bura gələn demək olar ki, yoxdur. Bakıdan isə rayona xeyli sayda adam gedir. Ona görə də məcbur qalıb, rayondan əlavə maşın çağırırıq. Maşın boş gəldiyi üçün məcbur qalıb qiymətlərdə artım etmişik. Ümumiyyətlə, bizim zonaya adi günlərdə də çox az sayda sərnişin gedir. İşləmək xeyli çətindir. Ancaq məsələn, Xaçmaza adi günlərdə də onlarla adam gedir. Onlar heç zaman boş avtobusla yola çıxmırlar. Avtobusları gəlir, dolub çıxır. Bayram günü də yaxşı işlədikləri üçün qiymətləri dəyişməz qalıb”.

Onu da qeyd edək ki, Sabirabada biletin qiyməti kassada 2 manat 82 qəpikdir…

Sonda yol aldıq biletlərin satıldığı kassalar bölməsinə. Müşahidə etdik ki, əslində kassalar bölməsi heç də görünməyən yerdə və ya uzaqda deyil. Avtovağzalda hər yerdə xüsusi nişanlar vurulub, kassalara gedən yol göstərilib. Kassalar bölməsinə daxil olduğumuzda müşahidə etdik ki, burada bilet almaq üçün müraciət edən sərnişinlərin sayı olduqca azdır. Avtovağzalın əməkdaşları söylədilər ki, bir neçə gün öncədən də biletlərin satılmasında heç bir problem olmayıb. İstəyən sərnişin yaxınlaşıb, gedəcəyi rayona bilet ala bilər. Bununla da yaranmış xaos aradan qalxar.

Musavat.com

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …